"Türkiyə dövləti suverenliyinin ifadəsi olaraq qərar qəbul edib" - Yusuf Suiçməz

12:21 11.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gözlənildiyi kimi, Türkiyə dövləti ədaləti bərqərar etdi – Ayasofya məbədi yenidən ibadət üçün qapılarını açdı. Dünyanın gündəmini zəbt edən bu məsələ İslam hümmətini sevindirdiyi kimi, xristian aləmində narazılıq, hüzn yaradıb. Amma adil olan məhz ədalətin qələbə çalmasıdır.

Məsələni siyasiləşdirməyə ehtiyac yoxdur, təxminən 500 il came olaraq fəaliyyət göstərən Ayasofya sadəcə 86 illik aradan sonra yenidən azan səsini İstanbula yaymağa başlayıb. Məsələni siyasiləşdirməyə cəhd edənlərə gəlincə, bu gün xristian ölkələrində az məscid dağıdılıbmı, az məscid kilsəyə çevrilib və ya fəaliyyət təyinatı dəyişdirilibmi? Balkanlar və Cənub-Şərqi Avropa ölkələri Osmanlı dövlətinin tərkibində olarkən tikilmiş camelərdən neçə faizi bu gün ayaqdadır və ya fəaliyyət göstərir? Bütün bunlara rəğmən Türkiyə həmin ölkələrdən məscidlərin hesabını sorurmu, yox. Çünki Türkiyə hər bir dövlətin suveren haqlarına və aldığı qərarlara sayğılıdır. Bu gün Türkiyəyə etiraz edən Yunanıstandan soruşmaq lazımdır ki, ölkədə nə qədər müsəlman yaşayır və onların tarixi camelərinin neçəsi fəaliyyətdədir. Türkiyə, bəlkə Avropada came və məscidlərin minarələri sökülərkən məsələyə protokol qaydaları ilə etiraz etməkdən başqa yol seçdi, əlbəttə ki, yox. Çünki Türkiyə bu addımı atan, məsələn, İsveçrəyə sadəcə narazı qaldığını deyə bilərdi, daha onunla sərt dillə dava etməzdi. Ona görə də, məncə istər xarici dünyadakı narazılar, istərsə də ölkə daxilindəki daha təhlükəli olub pusquda yatan müxaliflər Ayasofya qərarını anlayışla qarşılamalıdırlar. Lefkoşada yerləşən Yakın Ortadoğu Universitetinin doktoru Yusuf Suiçməzlə söhbətimizdə də Ayasofya ilə bağlı baş verənləri müzakirə elədik. Gəlin müsahibəni birlikdə oxuyaq:   

- Ayasofya Bizans imperatoru I Konstantin tərəfindən 532-537-ci illər arasında İstanbulun tarixi yarımadasındaki qədim şəhər mərkəzində inşa etdirilmiş bazilika üslublu patriarx kafedralı olub, 1453-cü ildə İstanbul Osmanlı ordusu tərəfindən fəth ediləndən sonra Fateh Sultan Məhmət tərəfindən came elan edilib. Amma Türkiyənin cümhuriyyət dövründə - 1934-cü ildə muzeyə çevrilən came həmin ildən bu yana qapılarını ibadətə gələnlərin üzünə bağlayıb.

- Türkiyədə dövlətin tarixinə, milli dəyərlərinə hər zaman önəm verilib. Maraqlıdır, bu halda 1934-cü ildə Ayasofya niyə muzey edildi və bu qərarı kimlər verdi? Ola bilərmi ki, bu qərarı verməyə Qərb dövlətləri məcbur eləsin Türkiyəni?

- Əslində 1934-cü ildə bu camenin muzey edilməsi mübahisə doğuracaq məsələdir. İddialardan birinə görə camenin saxta imza və hiylə nəticəsində muzey edilib. Bu qərarın təzyiq altındamı, yoxsa başdansovdu bir şəkildə verildiyinə dair dəqiq məlumat yoxdur. Ayasofya məhz Osmanlı məfkurəsinin simvolik ifadəsi olduğu üçün Cümhuriyyət dönəmində bu məfkurədən vaz keçildiyi düşünülür. Ancaq dediyim kimi, bu məsələlər ciddi araşdırma mövzusudur.

- Ayasofyanın muzeyə çevrildiyi zaman İstanbulda bu qərara etiraz edənlər olmadımı?

- Əlbəttə olub. Amma o illər müharibə və silahlı toqquşmalar dönəmi olduğu üçün Nazirlər Şurası qərarı ictimaiyyətə elan etməyib. Niyə belə edildiyi isə indiyədək qeyri-müəyyəndir. Hesab olunur ki, hökumət xalqın qəzəbli reaksiyasından qorxduğu üçün belə bir addım atıb.

- Çox maraqlıdır: qapıları qapalı qaldığı 86 il ərzində Ayasofyanın təkrar ibadətə açılmasına cəhdlər edilibmi?

- Hə, əlbəttə. Fərqli dövrlərdə belə cəhdlər olunub. Məsələn, Süleyman Dəmirəl dönəmində Ayasofya qismən ibadətə açıq olub. Amma qəribədir ki, əvvəlki məhkəmələr hər dəfə camenin muzey olaraq qalması haqqında hökm çıxarıblar.

- Son günlərmi deyim, həftələrmi deyim, Qərb dünyasından Ayasofyanın ibadətə açılmasına qarşı ard-arda etirazlar, xəbərdarlıq notaları eşidilməkdədir. Özü də etiraz edənlər yalnız kilsələr deyil, həm də siyasətçilərdir. Sizcə alınan qərarın təsiri özünü necə göstərəcək qarşıdakı günlərdə?

- Bir müddət müzakirə mövzusu olacaq, sonra gündəmdən düşəcək. Əlbəttə, bu hadisə mədəniyyətlərarası qarşıdurmaya gətirib çıxaracaq fikirlərin artmasına da səbəb ola bilər. Düzünü desəm, bütün bunlar siyasi elitamızın prosesi necə idarə edəcəyindən çox asılı olacaq. Mən qəti deyirəm ki, Türkiyə dövləti öz torpaqlarında suverenliyinin ifadəsi olaraq qərar qəbul edib və bu təbidir, ədalətlidir. Beynəlxalq vəqflər hüququna görə də bu qərar heç bir problem yaratmır. Əlbəttə ki, bunu keçmişdə buraxılan bir xətanın düzəldilməsi kimi deyil, Qərbə və xristianlığa qarşı meydan oxuma siyasəti kimi yozsalar, o zaman camenin inşa və məqsədinə uymayan bir vəziyyət yaranar.

- Xüsusilə də Yunanıstan daha çox eiraz edir...

- Yunanıstan özünü Ortodoks Kilsəsinin tarixi xələfi kimi qəbul etdiyi üçün belə bir qərara qarşı çıxması milli siyasətlərinə uyğun gəlsə də, reallığa uyğun gəlmir. İstanbulun fəthində rumlar latınlara qarşı Osmalı dövlətinə yardım edib və yüz illərlə Osmanlı tərkibində Ortodoksluğun hamiliyini edib. Ayasofya simvolik olaraq həm fəthi, həm də həmrəyliyi göstərir.

- Əvvəlki sualın davamı olaraq, necə bilirsiniz, bu qərardan dolayısı Türkiyəyə qarşı hər hansı embarqo filan qoyulma ehtimalı görürsünüzmü?

- Türkiyəyə qarşı embarqo qoyulması üçün bu məsələnin dövlət, ya da buna qarşı çıxan güclər tərəfindən qarşıdurma siyasəti müstəvisinə qaldırması lazımdır. Məncə nə Türkiyənin, nə də digər ölkələrin belə bir yola girməsinə ehtiyac görünmür. Çünki bunun tərəflərdən heç birinə faydası olmayacaq. Əksinə, bölgədə sabitliyi daha da pozar.

- Müxalifətin də iddia etdiyi kimi, Ayasofyanın ibadətə açılması haqda qərarın irəlidə keçiriləcək seçkilərdə Ərdoğanın və ya AKP-nin qazanmasına müsbət təsiri ola bilərmi?

- Xalqın ümumi münasibətinə nəzər salsaq, müsbət təsir edəcəyini görərik. Ancaq proses haqlı mövqeyindən uzaqlaşıb dinlər və tarix üzəindən gərəksiz müzakirələrə səbəb olarsa, bunun müxtəlif formada iqtisadi və siyasi nəticələri də ola bilər.

- İqtisadi nəticələrdən söz düşmüşkən, hər il milyonlarla xarici turist Ayasofyanı ziyarət etmək üçün İstanbula gəlir. Təbii ki, bu da dövlətin xəzinəsinə böyük həcmdə valyutanın daxil olması deməkdir. Turistik acıdan yanaşansaq, Türkiyə itirəcək, yoxsa maddi gəlirlər əvvəlki kimi davam edəcək?

- Məncə bu qərarın turizmə ciddi təsiri olmayacaq. Çünki, əksinə, muzeydən ibadətxanaya çevrildiyi üçün ora giriş də havayı olacaq. Məhz bu səbəbdən ora gələnlərin sayı daha da artacaq. Amma yenə deyirəm, məsələ mədiyyətlərarası qarşıdurmaya dönərsə və proseslər kəskinləşərsə, yaranan qarışıqlıq turizmə əlbəttə ki, mənfi təsir edər...

Oxunma sayı 6881