Hüquq müdafiəçisini evində öldürdülər

10:07 26.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın nəzarətində olan Cammu Kəşmirdə dünyaya səs salan sui-qəsd hadisəsi baş verib.

Hafta.az yazır ki, Kəşmirin müstəqilliyini tələb edən müsəlman hüquq müdafiəçisi və vəkil Babar Qədri, sui-qəsd nəticəsində həyatını itirib. Hadisənin kim və ya kimlər tərəfindən, nə üçün törədildiyi hələlik rəsmən açıqlanmasa da, polis sui-qəsdin dünən axşam saatlarında edildiyini bildirib. Belə ki, hüquqi yardım almaq adıyla Babur Qədrinin Srinagardakı evinə gələn, kimliyi bilinməyən iki silahlı şəxs onu odlu silahdan açdıqları atəşlə qətlə yetiriblər.  

Qədrinin ailə üzvləri deyiblər ki, vəkil gələnləri qarşılamaq üçün qapıya yaxınlaşdıqda həmin iki nəfər ona atəş açıb, sonra da qaçıb gözdən itiblər. Atəş dəqiq nişan alındığı üçün vəkili xəstəxanaya çatdırmaq mümkün olmayıb, yoldaca keçinib. 

Qeyd edək ki, təxminən 30 yaşlarında olan Babar Qədri, vəkil və hüquq müdafiəçisi olaraq Hindistan telekanallarından birində təşkil olunmuş siyasi müzakirə proqramında, Cammu Kəşmirin öz müqəddəratını təyin etmə haqqı olduğunu demişdi. O, hətta qatıldığı proqramlardan birində aparıcının işlətdiyi "Məhv olsun Pakistan!" populist şüarına qarşı "Məhv olsun Hindistan!" şəklində cavab vermişdi.

Hadisədən dərhal sonra artıq 30 ildir mülki şəxslərə qarşı yüzlərlə sui-qəsd hadisələrinin baş verdiyi və açılmayan cinayətlərin törədildiyi Hindistanda, müsəlman vəkil Qədrinin öldürülməsində də Hindistan hakimiyyətinin əli olub-olmaması haqda söz-söhbətlər qızışıb. 

Oxunma sayı 2406