“Qarabağ Vətəndir” - Məktəbli balacalardan ordumuza dəstək mesajları

13:27 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Biz özümüz Qarabağlıyıq, ora ölkəmizin ən gözəl guşələrindən biridir”. 

Bu sözləri hafta.az-a balaca vətənpərvər, 5b sinif şagirdi, Dilarə Məmmədova söylədi. Müsahibimiz bildirir ki, evdə ailəsi tez-tez ona Qarabağ haqqında danışır, böyüklər bu barədə xoş əhvalatlarını paylaşırlar:

“Mən Qarabağı görməsəm də, oranı çox sevirəm, bilirəm ki çox gözəl yerlərdir və biz tezliklə ora qayıdacağıq. Anam əslən Qarabağlıdır. Mən ona bu yerlər haqqında xeyli suallar verirəm amma, o demək olar ki heç nə xatırlamır. Deyir ki, evlərini tərk edəndə çox balaca imiş, dayılarından biri Ağdamda, digəri isə Kəlbəcərdə şəhid olub. Anam hər dəfə bu haqda danışanda kövrəlir, eyni zamanda da qürurlanır. Mən nənə-babamın Kəlbəcərdəki evini görməyi çox istəyərdim”.

Dilarə deyir ki, bölgədəki müharibədən xəbərdardır, hətta xalası oğlu da, cəbhədə əsgərdir:

“Evdə biz hamımız  həm xalam oğlu, həm də digər bütün əsgərlərimiz üçün çox narahatıq. Mən əsgərlərimiz üçün dua edirəm, inanıram ki, ordumuz tezliklə Qarabağı ermənilərin işğalından azad edəcək”.

Dərs çıxışı qısa söhbət apardığımız digər bir müsahibimiz isə, 1b sinif şagirdi Nəbiya Sahilə oldu.

Yaşı az olsa da, bu haqda xeyli məlumatı var idi. Sahilə deyir ki, Qarabağı və cəbhədəki əsgərlərimizi çox sevir:

“Ermənistan bizim torpaqlarımızı işğal edib. Mən onlara nifrət edirəm, çünki onlar çoxlu azərbaycanlı uşaqları öldürüb. Axı uşaqların günahı olmur. Məncə buna görə dünyadakı bütün uşaqlar ermənilərdən nifrət etməlidir”.

Sahilə evlərinin eyvanından bayrağımızı asdıqlarını və bu yolla əsgərlərə dəstək olduqlarını da söylədi.

Məktəbli həmsöhbətimiz, gələcəyin əsgəri Elxan Əsgərzadə isə əməkdaşımızın “Qarabağ haradır” sualına özünəməxsus tərzdə cavab verdi.

“Vətəndir” dedi Qarabağ:

“Ermənilər bizim torpaqlarımıza, musiqimizə bir sözlə mədəniyyətimizə göz tikib. Onlar həmvətənlərimizi öz evlərindən, yurd-yuvasından qovaraq çıxarıb, ağır işgəncələrə məruz qoyublar”.

Elxan deyir ki, bu haqda ona həm məktəbdə, həm də evdə çox geniş məlumatlar veriblər. Hətta televizorda həmin illərdə çəkilmiş bəzi kadrları da izləyib:

“İşğal olunan torpaqlarımız haqqında hazırlanan sənədli filmlərin demək olar ki hamısına baxmışam. Bir neçə dəfə Şəhidlər Xiyabanını da ziyarət etmişəm. Düşünürəm ki, bu hər bir Azərbaycanlının borcudur. Çünki şəhidlərimiz bizdən ötrü öz canlarından keçiblər. Mən də çalışıram ki, vətən haqqında bildiklərimi balaca bacıma danışım”.

Elxan hələ 8-ci sinif şagirdidir. Gələcək üçün böyük planları var. Ən böyük arzusu isə hərbi həkim olmaqdır. O bilir ki bunun üçün çoxlu oxumaq və çalışmaq lazımdır.

Uşaqlarla söhbətimizdən belə qənaətə gəldik ki cəbhədə bizim üçün döyüşən əsgərlərimizin arxasında böyük bir xalq dayanıb. Qarabağı heç vaxt görməyən və onu görmədən sevən uşaqlar isə bunun əyani sübutudur. Onların hər biri Qarabağ eşqi ilə alovlanır. Bu həm də onu göstərir ki, Azərbaycanda milli namus, milli qürur kimi keyfiyyətlər irsən ötürülür. Sonuncu adamımız qalana kimi, Qarabağdan vaz keçmərik!

Banu

Oxunma sayı 1558
Sosial rubrikasından digər xəbərlər