“Azərbaycan xalqına əlimizdən gələn dəstəyi verməyə davam edəcəyik” – Rəşid Məmmədov

11:25 20.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Gəncə və digər Azərbaycan şəhər və rayonlarında baş verən qanlı hadisələr Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, beynəlxalq hüquq normalarına məhəl qoymadığını və faşist xislətini bir daha sübut etdi”.

Bu sözləri Hafta.az-a “QALA” Yunanıstan-Azərbaycan Cəmiyyətinin sədri Rəşid Məmmədov deyib. O, Yunanıstandakı Azərbaycan diaspor təşkilatının rəhbəri və fəalı kimi, ilk növbədə vətənimizdə mərdcəsinə şəhid olan rəşadətli əsgərlərin və erməni terroru nəticəsində həlak olmuş mülki şəxslərin ailəsinə başsağlığı verir və hesab edir ki, Ermənistanın dinc əhalini hədəfə alması onları yaşadıqları yerlərdən didərgin salmaq məqsədi daşıyır. “Hələ bunlar azmış kimi, terrorçu qonşularımız öz işğalçılıq siyasətini və hərbi cinayətlərini ört-basdır etmək məqsədilə təhriflərə və saxtakarlığa əl atır, törətdikləri qeyri-insani əməlləri Azərbaycan tərəfinin üstünə ataraq, dünya ictimaiyyətini çaşdırmağa çalışır. Yunanıstan rəsmi dairələrinin mövqeyi barədə şərh vermək istəmirəm. Hər halda hesab edirəm ki, bir sıra anlaşılmazlıq və düyünlər zamanla çözüləcək, iki dövlət arasında diplomatik və iqtisadi münasibətlər tezliklə əvvəlki vəziyyətinə qayıdacaq” deyən diaspor rəhbəri nikbin olduğunu bildirib.

R.Məmmədov deyir ki, “QALA” Yunanıstan-Azərbaycan Cəmiyyəti olaraq, Qarabağ və Azərbaycan həqiqətlərinin Yunanıstan ictimaiyyətinə doğru və qərəzsiz çatdırılması məqsədilə daim maarifləndirici poster və broşurlar hazırlayıb, yerli əhali arasında pulsuz təşviqat aparır. O cümlədən, bu yaxınlarda bir qrup yunanıstanlı akademik Azərbaycan Prezidentinə məktub ünvanlayıb və həlak olanlarla əlaqədar dövlət başçısına başsağlığı verib, BMT-nin 75-ci ildönümündə hər kəsin Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməli olduğunu düşündüklərini vurğulayıblar.

“Biz dünya birliyinə, mötəbər beynəlxalq təşkilatlara və Yunanıstandakı müvafiq qurumlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə qətiyyətli səylər göstərməyə çağırmışıq. Biz dünya ictimaiyyətini Azərbaycanın haqq işinə dəstək verməyə çağırmaqla yanaşı, hesab edirəm ki, bu işi davam etdirmək üçün səylərimizi birləşdirməkdəyik. Azərbaycandan uzaq olduğumuza baxmayaraq, bizim Vətənə olan sevgimiz səngiməzdir. Biz burada erməni işğalçıları və onları dəstəkləyən qüvvələrin siyasətinə qarşı bacardığımız qədər mübarizə aparırıq ki, Azərbaycan xalqının bu savaşına kiçicik də olsa, töhfə verə bilək”, - deyir R.Məmmədov.

O, sonda Azərbaycan xalqına və hökumətinə, şanlı ordumuza və Ali Baş Komandana üz tutaraq, Yunanıstanda yaşayan azərbaycanlıların daim onların yanında olduğunu qeyd edib. “Söz veririk ki, burada informasiya müharibəsi apararaq, səngərlərdə döyüşən vətənimizin şərəfli oğullarına, arxa cəbhədə yumruq kimi birləşən Azərbaycan xalqına əlimizdən gələn dəstəyi verəcəyik, necə ki veririk. Biz əminik ki, bu mübarizə haqqın, yəni Azərbaycanın qələbəsi ilə bitəcək”, - deyib diaspor təşkilatının sədri.

Oxunma sayı 2955
Siyasət rubrikasından digər xəbərlər