“Azərbaycana verdiyi hərtərəfli dəstəyə görə Pakistan xalqına minnətdaram” – Hülusi Akar  

15:10 25.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyi tərəfindən Pakistan üçün tikilməkdə olan dörd döyüş gəmisindən (MİLGEM) üçüncüsü üçün, Pakistanın Kəraçi şəhərində tədbir keçirilib.

Hafta.az yazır ki, tədbirdə bu ölkədə səfərdə olan Türkiyənin müdafiə naziri Hülusi Akar, nazir müavini Mühsin Dərə və ASFAT direktoru əsəd Akgün, qarşı tərəfdən isə Pakistan Müdafiə sənayesi naziri Zübaida Calal Xan və digər yerli rəsmilər qatılıb.

Kəraçi gəmi tərsanəsində düzənlənən tədbirdə MİLGEM layihəsi çərçivəsində Pakistan üçün tikilməkdə olan 4 döyüş gəmisindən üçüncüsünün Məhz Kəraçidə inşaasına başlanıldığını bildirən nazir Akar, qardaş Pakistanda olduğu üçün sonsuz xoşbəxt olduğunu deyib.

İkitərəfli dost və qardaş əlaqələrdən söz açan Türkiyənin müdafiə naziri, çıxışı zamanı Azərbaycana göstərdiyi dəstəkdən dolayısı da Pakistan hökumətinə minnətdarlıq edib.

"Pakistan xalqı bütün dövrlərdə milli mübarizəmizə ciddi dəstək verir və türk milləti olaraq pakistanlıların bu dəstəyini heç vaxt unutmayacağıq. Pakistan dövləti və xalqının bu gün də, səmimi dostluq və qardaşlıq ənənəsinə sadiq qalaraq Azərbaycan türkünün yanında olduğunu görmək bizi sözün əsl mənasında xoşbəxt edir. Türkiyə də Pakistanın haqlı davası olan Kəşmir məsələsində hər zaman pakistanlı qardaşlarının yanındadır və mövqeyi heç vaxt dəyişməyəcək" deyən H.Akar əlavə edib ki, günümüzdə islam dünyası çox ağır dövrünü yaşayır və müsəlmanlara qarşı ciddi basqı nəzərə çarpır. Amma dünyada müsəlmanlara qarşı gündən-günə genişlənən bu təzyiq və təqibləri görən və qarşısını almaq üçün bütün gücünü ortaya qoyan Türkiyə və Pakistanın birgə səyləri mütləq nəticə verəcək. “Türkiyə və Pakistan, Azərbaycanda gedən proseslərə qarşı bir çox ölkələr kimi kar və kor olmadı. Burada bir daha demək istəyirəm ki, Azərbaycanın 30 ildir Ermənistanın işğalı altında qalan öz torpaqlarını azad etmək üçün başlatdığı əks-hücum əməliyyatlarını sonadək dəstəkləyəcəyik. Müharibə və insanlıq cinayətləri işləyən Ermənistan, işlədiyi cinayətlərin hesabını verməlidir və necə ki. Azərbaycan ordusu qarşısında bunu edir. Biz istəyirik ki, tarix və beynəlxalq hüquq önündə də Ermənistan etdiyi cinayətlərin hesabını versin. Beynəlxalq ictimaiyyət də Ermənistanın daha çox mülki və günahsız insanları öldürməməsi üçün oyanmalıdır, davamlı sülh və sabitliyin bərqarər olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından birmənalı şəkildə çıxmalıdır”, - deyib türkiyəli nazir.

H.Akar çıxışının sonunda bir daha Azərbaycan dövlətinə və xalqına verdiyi hərtərəfli dəstəkdən dolayısı Pakistan xalqına minnətdarlığını bildirib.

Oxunma sayı 3105
Siyasət rubrikasından digər xəbərlər