Biz, koronavirus və Sədərək bazarı - REPORTAJ

13:40 25.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaşıl rəngli “Daevoo” markalı avtobus 20-ci sahə dairəsinə yaxınlaşıb, iki-üç cərgə düzülərək dayanacağın qarşısını kəsmiş taksilərin solunda - yolun ortasındaca saxladı. Buna bəndmiş kimi, hərə bir tərəfdən - olardı 10-15 nəfər – bir göz qırpımında kəsdirib durdular qapıları. Amma nə fayda, avtobus ağzınadək doluydu. Nə basabasda əzilmək, nə də koronavirusa yoluxma təhlükəsi heç kimin marağında deyildi, içi mən qarışıq yerdəkilər də birtəhər özümüzü içəri dürtdük. Hələ harasıdır, yolboyu kim əl elədi, sürücü saxlayıb götürdü avtobusa.

Bir-birinə sıxılmış sərnişinlər az qala ağız-ağıza, burun buruna nəfəs alırdılar. Tək təsəlliləri o idi ki, maska virusdan qoruyacaq, vəssalam. Basabas bir yana, sürücü avtobusun şüşələrini yarıyadək qara plyonka yapışdırmışdı, üstəlik, pəncərələrə qara pərdə də çkmişdi deyə, çölü-bayırı da görmək olmurdu. Özünə yer edib oturan xalalar da ki, vallah, ayrı aləmdirlər, pərdələri çəki pəncərələri qapatdıqları üçün içəri alatoran olmuşdu.

 

Basabasda iris iştəhası

 

Avtobus Şıx çimərliyinə yaxınlaşanda, düz qarşımdakı oturacaqda oturan 58-60 yaşlarında xala birdən maskasını çənəsinə endirib, çantasından eşələyib tapdığı nanəli irisi soyub atdı ağzına. Ta ki, “Sədərək” bazarına yaxınlaşınca, ağzını marçıldada-marçıldada irisi sovurub əritdi.

- Ay camaat, maskalarınızı taxın, qabaqda yoxlama var! – sürücü arxa salonda güclə eşidiləcək səslə xəbər verdi..

Qeyri-ixtiyari hamı bir-birini süzdü. Təkcə orta qapının ağzında – pilləkəndə özünə yer edib dayanmış, görünüşündən çinliyə oxşayan kişidən başqa. Görünür, qapının şüşəsindən bayıra zillənən bu adam ya sürücünü eşitməmişdi, ya da reaksiya verməyə ehtiyac duymamışdı.

Budur, bir az qabaqda sürücü avtobusu sağa verib saxlayan kimi, mühafizə xidmətindən olan cavan oğlan qabaq qapıdan bir pillə qalxıb sürücüyə, sonra da oturan sərnişinlərin başı üzərindən arxa salona boylandı. Deyəsən axtardığını tapmışdı, sürücüyə “orta qapını aç” deyib arxaya şığıdı.

Hə, nanəli iris sovuran xala maskasını çənəsindən ağzına qaldırmağı unutmuşdu, yəqin mühafizəçinin diqqətini çəkmişdi. Amma xala da avam deyildi ha, mühafizəçi arxaya qapıya çatanadək maskasını qaydaya salıb, hər şey qaydasındaymış kimi özünü yuxululuğa vurdu. Bəxtsiz mühafizəçi, gördüyünə məətdəl qalsa da, özünü sındırmamaq üçün ona:

- Çantanı bəri tut, - deyib əlindəki cihazla çantanın üstünə gəzdirdi və sanki çox böyük yoxlama əməliyyatı aparıbmış kimi, avtobusdan düşüb “sür” dedi...

Avtobus “Sədərək”in qapısına çatınca sərnişinlər mühafizə xidməti əməkdaşının qondarma nəzarətindən danışıb güldülər. Xala da baməzəymiş, bir-iki kəlmə deyib sərnişinləri uğundurdu. Baş verənlər hətta çinlinin də kefini açmışdı, lağlağı edənlərə qarışıb qımışırdı.

 

“İnsanlar özlərini qorumaq istəmirlər”

 

Çinlidən söz düşmüşkən, yerə enəndən sonra təsadüfən üzüyuxarı bir az yol yoldaşı olduq. Bilmədim söhbətə necə çəkim, axı tanımadığım adama nə deyim, həm də dilimizi bilir, ya yox... Özümü tolayıb:

- Görürsünüz də, virusdan qorxan yoxdur, camaat basabasla yol gedir, - deyə əlimlə avtobusa işarə etdim.

- Bizim ölkədə avtobusa bu qədər adam götürsə, sürücünü həbs edərlər, - cavab verdi.

Cavab məni təəccübləndirsə də, özümü o yerə qoymadım.

- Hansı ölkədə... – soruşdum.

- Çində! Mən Xarbin şəhərindənəm, iki ildən çoxdur Azərbaycandayam. Son dəfə ötən ilin oktyabrında getmişəm ölkəmə, yollar bağlandı, sərt karantin qaydaları var orda, ona görə də ildən yuxarıdır gedə bilmirəm, - dedi.

Dilimizdə pis danışmırdı, sadəcə bütün çinlilər kimi onda da bəzi sözlərin tələffüzü gülməli səslənirdi. Amma yenə də sağ olsun, o qədər ömrünü Azərbaycanda qocaldan azərbaycanlılar var ki, öz dilində danışa bilmirlər!

Çinli həmsöhbətim biz azərbaycanlıların biganə xalq olmasından da gileyləndi:

- Virusa yoluxanların sayı hər keçən gün çoxalır, amma insanlar özlərini qorumaq istəmirlər, - deyə başını buladı.Çünki, bəziləri bu epidemiyaya inanmır və bu azmış kimi, ətraflarındakı insanları da inamsızlığa sürükləyirlər. Əgər belələrinin ailəsindən kimsə yoluxsa, o zaman yanlış düşündüklərini başa düşərlər. Epidemiya ilk dəfə bizim ölkədə yayıldı. Amma Çində ilk gündən şəhərlər təcrid edildi, milyonlarla insanın hərəkət sərbəstliyi əlindən alındı, onlar bir müddət açıq-aşkar evlərində dustaq edildilər. Biz çinlilər burada da işimizə növbə ilə çıxırıq, qalan vaxtı evdə qalmağa çalışırıq. Çünki mən və xanımım iki azyaşlı övladımızın xəstələnməsini istəmirik.

Haqlı idi, nə deyəsən bu sözün qarşısında. İlan-qurbağa yeyirlər deyib lağ etdiyimiz bu insanlar təhlükənin qarşısını almaq üçün daha məsuluyyətlidirlər. Nəticəsi də göz qabağında: milyardyarımlıq Çində bir gündə virusa yoluxma sayı cəmi 5-10 nəfər, 10 milyonluq Azərbaycanda isə az qala 4 min nəfər...

Nə isə, həmsöhbətimdən ayrılıb qışda soyuq, yayda isə isti və bürkülü olan bazarın içində dolaşmağa çaşladım. Əvvəlki vaxtlarla müqayisədə müştəri o qədər çox olmasa da, az da deyildi. Əksəriyyətinin ağzında maska vardı. Düzdür, çoxları ağzını örtsə də, burnunu maskanın altına salmağa həvəsli görünmürdü. Xüsusilə də alıcılar karantin qaydalarına daha çox əməl edirdilər, nəinki satıcılar. Orda-burda dükanların qapısında dayanıb, maskanı çənəyə endirib siqaret çəkən, yaxud da piştaxtanın arxasındaca böyük ləzzətlə nahar edən satıcıların virus təhlükəsinə o qədər də ciddi yanaşmadığı aşkar idi.

“Sədərək”də ən böyük təhlükə ümumi ictimai tualetlərdir. Təsəvvür edin, gün boyunca yüzlərlə insanın baş vurduğu bu iaşə obyektlərinin çoxunda havatəmizləyicilər çalışmır, üstəlik heç bir dezinfeksiya tədbirləri də görülmür. Ona görə də sağlam birinin burada bir andaca yoluxması qaçılmazdır.  

 

“Kimsədən irad eşitməmişik”

 

Müştəri qismində bir neçə böyük dükana girdim. İlk baş çəkdiyim bölmədə xalçalar satılırdı. İçəridə üç satıcı işləyir, üçü də maskadaydı. Amma içəri girəndə, mən də daxil olmaqla, nə müştərilərin qızdırmasını ölçən vardı, nə də adi qayda əllərə spirt vuran. Sadəcə maska hər şeyi pərdələyirdi, vəssalam. Satıcı ilə ayaqüstü qısaca söhbətləşdim:

- Şəhərdə istənilən supermarketə girəndə əllər dezinfeksiya edilir, qızdırma ölçülür. Burda niyə eyni qaydalara əməl olunmur? – soruşdum.

- Qardaş, - üz-gözünü turşudan satıcı oğlan incik tərzdə fikrini əsaslandırmağa başladı, - supermarketlərin əlli işçisi var, birini saxlayır qapıda ki, gələnlərin əlinə spirt vursun. Buranı - əli ilə ətrafa işarə edir - biz fərdi işlədirik, iki adamıq. Bir də görürsən eyni anda içəri 10 müştəri girir, bilmirik hansının sualını cavablayaq, spirti kim vuracaq onların əlinə! Amma görürsünüz, hər birimiz mütləq maska taxırıq, deməsək belə, müştərilər də maskalı olur deyə problem yaşamırıq.

- Birdən “yuxarıdan” kimlərsə gəlib yoxlayar, axı cərimələyərlər sizi, onsuz da il ərzində ziyanınız xirtdəyə çıxıb, - dedikdə,

- Ola bilər arada kimlərsə gəzib ümumi vəziyyəti yoxlasın, amma şükürlər olsun ki, indiyədək kimsədən irad eşitməmişik, - gülümsədi.

 

İnsan istisinə qəribsəyən məkan

 

Beləliklə, maskanı çənəyə endirib telefonda qurdalanmaqla vaxt keçirən, ya da müştərisini kandarda siqaret tüstülədərək gözləyən satıcıların, bəzən ağzı söhbətə qızışıb, maskanı alt dodaqda saxlayan kimlərinsə əhatəsindən keçib bazardan çıxdım. Minlərlə avtomobilin park edildiyi sahənin lap o başında yaşıl günbəzi, minarələri göylərə ucalan Allahın evinə - məscidə zilləndim. Virusa yoluxma qorxusu olmayan, siqaret tüstülətməkdən, qələbəlik yerlərdə boşqabı az qala dizlərinin üstünə qoyub yeməklərindən qalmayan insanların yeganə yada salmadığı yer olmuşdu deyəsən bu məscid. Al-əlvan xalılar, yuyulub-paklanmış mömin ayaqlarının altında xumar olmaq üçün qəribsəmişdi. Amma məncə, virusun yaxın gəlmədiyi bu ilahi məkan da insanlarımızın sağlamlığı naminə sakitcə dözüb dayanırdı...

Oxunma sayı 2678