Şəhid statusu kimlərə verilir?

11:27 26.11.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə cəbhə bölgəsində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Lənkəran rayonunun Osaküçə kənd sakini Fərəcov Əflatun Mircahangir oğlunun statusu ilə bağlı anlaşılmazlığın yaranması barədə sosial şəbəkələrdə məlumatlar paylaşılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuya şəhid statusu verilməsindən imtina edilir. Bu məsələdə isə yerli icra hakimiyyətinin məsuliyyət daşıdığı bəyan edilirdi.

Mövzunun aktuallığını nəzərə alaraq şəhid statusunun kimlərə şamil edildiyini və bu statusun hansı qurum tərəfindən verildiyini dəqiqləşdirməyə çalışdıq.

Məsələni hafta.az-a şərh edən hüquqşünas Habil İsgəndərli bildirib ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na əsasən, Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır:

 “Bu qərarın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Bundan başqa, mövcud qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həlak olmuş hesab edilmək və itkin düşmək ayrıca bir prosedurdur .Yəni, şəxsin həlak olmuş hesab edilməsi o zaman mümkün olur ki, onun ölməsinə dair təsdiqləyici məlumatlar olsun. Tutaq ki, bu şahidlərin ifadələri və ya digər əldə olunmuş məlumatlar əsasında mümkün ola bilər. Bu əsaslar olmayanda şəxsin itkin düşməsi elan edilir. Hüquqi cəhətdən də belədir ki, itkin düşmüş şəxsin nə vaxtsa qayıtma ehtimalı var. Ona görə həmin şəxsə şəhidlik statusu verilmir".

Kimlərin şəhid ailəsi üzvləri hesab olunduğuna gəlincə, hüquqşünas bildirib ki, bu kateqoriyaya  arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar, babalar və nənələr (qanunla onları saxlayan şəxs yoxdursa) aiddir.

Oxunma sayı 1237