Ağsuda yaşadığı evi tərk edən koronavirus xəstəsi cinayət məsuliyyətinə cəlb olunub

14:52 28.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a bildiriblər ki, Ağsu şəhər sakini Gülalı Əliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub və qoyulan tələblərə riayət etməsi tapşırılıb. Lakin G.Əliyev qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. O, rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

Ağsu Rayon Polis Şöbəsində G.Əliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Oxunma sayı 1184