36 illik ömrümdə hiss etmədiyim qədər, şiddətli bir başağrısı idi – koronavirusdan yenicə sağalmış xəstə

14:17 30.11.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın bəlasına çevrilmiş Covid-19 virusuna yoluxma halları kəskin dərəcədə artır, oxşar vəziyyət ölkəmizdə də, mövcuddur.

Elə son sutka ərzində yoluxmanın sayı 4000 nəfəri ötüb. Bununla bağlı olaraq mütəxəssislər mütəmadi olaraq, çağırışlar edib, maarifləndirmə aparsalar da, təəssüflər olsun ki, hələ də həyatına, sağlamlığına laqeyd yanaşan insanlar var və sayları heç də az deyil.

Bununla bağlı olaraq, hafta.az koronavirusdan yenicə sağalmış, Səidə Heydərova (müsahibimiz şəklinin yayılmasını istəmədiyi üçün istəyi nəzərə alınıb) ilə müsahibə edib.

O xəstəliyə yoluxmasından, ilkin simptomlardan, bu müddət ərzində keçirdiyi ağrılardan, sağalma prosesindən bəhs edib. Qeyd edək ki, Səidə xanım özü də, bir zamanlar virusun varlığına inanmayanlardan biriymiş.

Müsahibəni sizə təqdim edirik:

-Necə oldu ki, koronavirusa yoluxduğunuzu hiss etdiniz? Çox adam bunu adi qrip virusu ilə səhv salır.

-Güclü baş ağrısı hiss edirdim, xüsusən də alın nahiyəmdə. Ağrıdan gözlərimi aça bilmirdim . Bu, 36 illik ömrümdə hiss etmədiyim qədər, şiddətli bir baş ağrısı idi. Hər şey tam fərqli gedirdi. Heç bir ağrıkəsici ağrını kəsmirdi. Daha sonra, güclü halsızlıq və kürək hissədən gələn şiddətli bədən ağrıları yaranmağa başladı. Sanki, ət sümükdən ayrılırdı. Tədricən, üşütmə, əl və ayaq barmaqlarımda güclü donma hissi, daha sonra qızdırma meydana gəldi. İy və dad bilməm itdi, ciyərlərim ağrımağa başladı. Prosesin davamında iştahsızlıq, qusma halları yarandı, və nəfəs almaq çətinləşdi. Ardınca isə, öskürək…

-Bunlar baş verəndə siz evdəydiz?

-Birinci dəfə baş ağrısı müşahidə edəndə işdə olsam da,  daha sonra, bədən ağrıları gələndə evdə idim və həmin vaxtdan özümü ev şəraitində karantinə aldım. Anamı, atamı, uşaqlarımı çevrəmdən uzaqlaşdırdım. Bu müddət ərzində, evə qapandım, işə getmədim. Sonra isə, test verdim. Narahatlıq hiss etdiyim vaxtdan, 5 gün sonra, test cavabı çıxana qədər, artıq ciyər ağrılarına tab gətirə bilmədiyim üçün döş qəfəsinin  kompüter tomoqrafiyasını etdirmişdim. Ağ ciyərlərimdə təxminən 20 faizli ərazini əhatə edən buzlu şüşə izlənirdi. Elə, həmin günün axşamı test cavabı pozitiv olaraq telefonuma sms və e-tebib proqramı vasitəsilə gəldi. Vəziyyətim orta ağır qiymətləndirildiyi üçün, həkimlər ambulator yox stasionar (xəstəxana) şəraitində müalicə almağımı məsləhət gördülər. Hansı ki, onlar vəziyyətimlə telefon vasitəsi İlə tanış olub, KT cavabına baxmışdılar.

-Siz xəstəliyi ağır formada keçirdiz yoxsa yüngül?

-Orta ağır formada. Vəziyyətimi nə çox ağır, nə də yüngül qiymətləndirmək olmaz.

-Süni tənəffüs aparatına qoşulduz?

-Xeyr.

-Virusdan sağalmaq üçün edilən müalicə ağırdır? Sizə tətbiq edilən dərman vasitələri əsasən nələr idi?

-Hər xəstənin vəziyyətinə görə müalicə yazılır. Qan analizlərinin cavabına baxılır. Dəyişən bir göstərici varsa, ona uyğun əlavələr edilir. Əsas müalicə virus əleyhinə tabletkadır. Digər istifadə edilən preparatlar isə, mədə qoruyucu, bağırsaq təmizləyici, bədən qüvvətləndirən vitaminlər, ağciyəri iltihabdan təmizləyən, bəlğəmgətirici, öskürək azaldan, qızdırma əleyhinə vasitələrdir. Müalicə prosesində, mənə nəfəs yollarını açmaq üçün, antibiotik də təyin edilmişdi.

-Səidə xanım, hazırda virusla mübarizə aparan xəstələrə nə deyə bilərsiz?

-Əsas psixoloji olaraq xəstəliyə qalib gəlməkdir. Ruh yüksəkliyini, pozitivliyi qorumaq, xəstəliklə psixoloji mübarizə aparmaq lazımdır. Çünki, virus və virus əleyhinə aparılan müalicələr sinir sistemini zədələyir, xəstə aqressivləşir, ümidsizləşir. Elə xəstəxanada da, psixoloqlar var ki, onlar, psixoloji zəifləmə hiss edən xəstələrlə söhbətlər edirlər.

-İnsanlara nələri tövsüyə edərdiz, gündəlik həyatda daha çox nəyə diqqət etsinlər?

-İlk öncə, hər kəsə bir məsləhətim var, özlərini qorusunlar. Qaydalara riayət etsinlər. Maskadan istifadə edib, sosial məsafəni saxlasınlar. Bundan başqa, əlləri tez-tez yumaq lazımdır. Xüsusən də, ətraflarında olan yaşlı nəslin nümayəndələrini  düşünməlidirlər, onlar virusla mübarizədə bizim qədər güclü deyillər. Hər kim, səhhətində narahatlıq, hansısa bir simptom hiss edərsə, o insan, özünü həmin dəqiqə ətrafdan təcrid etsin və yaxmadan test versin. Həm özü tez müalicəyə başlayıb sağalsın, həm də, ətrafını yoluxmadan qorusun.

Sonda isə edə biləcəyim ən mühüm tövsiyyə bu olardı ki, bu xəstəliyin varlığına inansınlar.

Baxmayaraq ki, mən də, bu virusun varlığına inanmırdım, amma, özümü və ailəmi qoruyurdum, qaydalara riayət edirdim. Hələ də, hansı vəziyyətdə virusa yoluxduğumu ayırd edə bilməmişəm.

Mən başa düşdüm ki, Covid-19 adi bir virus deyil. Zamanında  müdaxilə olunmazsa ciddi  və qalıcı fəsadlar verməyə, hətta, öldürməyə qadirdir. Hamıya can sağlığı arzu edirəm, hər kəs özünü qorusun.

Elə biz də, hər kəsi diqqətli olmağa, qaydalara əməl edib, sağlam qalmağa səsləyirik. Nəzərə almaq lazımdır ki, məsuliyyətsiz davranan bir şəxs təkcə özünü deyil, yaxınlarını və ətrafdakı yüzlərlə şəxsin həyatını təhlükəyə atmış olur.

Oxunma sayı 1569