Ailənin tək oğul övladı – Şəhid Eltun Qasımov

17:14 01.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

“Mən kişiyəm. Özümə sığışdırmaram ki, mən yoldaşımın, övladımın yanında rahat oturum, millətimin  başqa kişiləri də ailəmi qorusun”. Bu sözlər Şəhid Eltun Qasımovun xanımı ilə son söhbətindəndir.

Eltun Qasımov 18 oktyabr 1994-cü ildə, Bakı şəhərində anadan olub, əslən Qərbi azərbaycanlıdır. Ailənin yeganə oğlan övladı, tək dayağı idi. O, Azərbaycan Texniki Universitetini bitirdikdən sonra əsgərliyə yollanır. Burada hərbi vəzifəsi baş tuşlayıcı olur və təşəkkürnamə ilə xidmətini başa vurur.

Eltun Qasımov eyni zamanda,  musiqi ilə də məşğul olurmuş. O, “C.o.R & Crank” qrupunun üzvü idi. Qrupun digər üzvü Ramin ilə birlikdə, milli mahnılarımızı aranjeman edirdi. Bu sayədə, daha çox xarici ölkələrdə - Türkiyədə, Rusiyada, Amerikada tanınırlar. Yaxın zamanlarda KİV-in birinə verdikləri açıqlamada, 2020-ci ilin onların ili olacağını söyləmişdilər. Eltun üçün hər şey, elə dediyi kimi də olur...

18 oktyabr, Milli Müstəqillik, həm də özünün 26-cı doğum günündə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır Eltun Qasımov. Özündən sonra vətənə əmanət ömür-gün  yoldaşı və 10 aylıq körpəsi qaldı...

Hafta.az Şəhid Eltun Qasımovun həyat yoldaşı Pərvin Qasımova ilə olan müsahibəni sizə təqdim edir:

Həyat yoldaşı Pərvin xanım deyir ki, sentyabrın 28-i Eltuna zəng  gəlir, elə zəngin gəlməyi ilə o, cəbhəyə “uça-uça” getdi. Təbii ki, mən pis olmuşdum, amma, onun əhval-ruhiyəsi tamam başqa idi, döyüşlərdə iştirak edəcəyi üçün sevinir, qürurlanırdı:

“Düzünü desəm, könüllü olaraq qeydiyyatdan keçib keçmədiyini tam olaraq hələ də bilmirik. Çünki, Polad Həşimov şəhid olduğu zaman evdə dedi ki, “Mən də gedib könüllü yazılacam”. Mən isə, “Bəs bizi, körpəmizi  qoyub hara gedirsən” deyə soruşdum. O da, söhbəti dəyişdi, kim bilir bəlkə də, mən narahat olmayım deyə, qeydiyyatdan keçdiyini gizlədirdi... Yoldaşım, “Mineral sular MMC”-də ambar rəisi işləyirdi, elə zəng də o işdə olanda gəlmişdi. İşdən mənə zəng vurdu ki, mən gedirəm arayış götürməyə. Üstündən biraz keçəndən sonra təkrar yığıb hərbi biletini tapıb hazır qoymağımı istədi. Mən təbii ki pis oldum, ağladım, onun əhval ruhiyyəsi isə tamam fərqli idi, fəxarətli, qürurlu və sevincli idi.  İşlərini həll edib evə qayıdanda dedi ki, səhər saat 6:30-da Nizami rayonunun Hərbi Komissarlığına yaxınlaşmalıyam”.

Həyat yoldaşı söyləyir ki, Eltun həmin gün özünü müharibəyə elə kökləmişdi ki, onda olan ruh yüksəkliyi inanılmaz idi:

“Axşam  gedib valideynləri ilə sağollaşdı. Axırıncı dəfə dedim ki, getmə, bizi qoyub hara gedirsən? Dedi ki, “Mən kişiyəm, özümə sığışdırmaram ki, mən yoldaşımın, övladımın yanında rahat oturum, millətimin  başqa kişiləri də ailəmi qorusun. Bunu kişiliyimə sığışdıra bilmərəm”. Mən də hər bir xanım kimi, içimdə nə qədər qürur, fəxarət hissi olsa da, sevdiyim adamın gözümün önündən uzaqlaşmağını istəmirdim. İlk öncə hərbi təlimlərə yollandı, orada nə cür xidmət etdiyini bilmirəm. Amma, komandir təyin edilmişdi. İmkan tapdıqca zəng edirdi. Qaynatam onkoloji xəstədir(linfa vəzisinin xərçəngi), kimya-terapiya alır. Elə hər iki ailənin bütün ehtiyaclarını yoldaşım təmin edirdi. Cəbhəyə getdiyini, həm məndən, həm də valideynlərindən gizlətdi. Buna görə də, mənim atama zəng vurub xəbər vermişdi”.

Pərvin xanım, söyləyir ki, Eltunun tabeçiliyində 24 əsgəri var imiş. Ona arxa cəbhəyə göndərilmək təklifi gələndə deyib ki, “mən əsgərlərimi başsız qoyub heç yerə gedə bilmərəm”. Onun üçün öncəlik hər zaman vətən idi...

Yoldaşım öncə Füzuli istiqamətində, daha sonra, Cəbrayıl rayonunun və kəndlərinin azadlığı uğrunda, ardınca, Hadrut, Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ən sonda yenidən Füzuliyə gətirilir və burada şəhid olur....

Həyat yoldaşı Eltunla sonuncu telefon danışığından da söz açdı.

 “Sonuncu dəfə mənə, 9 oktyabr, ön cəbhəyə aparıldıqdan 3 gün sonra, zəng etdi. Getdiyindən bəri ilk dəfə idi ki, bu qədər uzun danışırdıq. O məni hər zaman “qızım” deyib əzizləyərdi. Elə sonuncu dəfə zəng edəndə dedi ki, “evi başsız qoyma, mən qayıdacam, yolumu gözlə, ata gələcək”. Sonra oğlumuzla –Zeynlə də, danışdı. Daha doğrusu onun da səsini eşitmək istədi. Zeyn hələ nə baş verdiyini bilmir. Atasının yoxluğunu belə dərk etmir. Bilmirəm bu vəziyyətə sevinim yoxsa üzülüm. İnanıram ki, böyüyəndə o da, atası ilə qürur duyacaq. Eltun sonuncu dəfə zəng vuranda, vida edirmiş kimi danışmamışdı. Mən də özümü günahlandırıram ki, kaş səsini telefona qeyd edərdim. İnsan düşünmür ki, sevdiyi adam bir göz qırpımında həyatdan gedər”.

18 oktyabr, səhər saat 9:30... Eltunun telefonuna zəng gəlir. Bu gün Müstəqillik günüdür bəlkə, o evə qayıdır. Yox, müharibə bitsə xəbərim olardı, bəlkə də, ad günüdür deyə, özü zəng edib ki, danışaq. Pərvin dəstəyi götürür, tanımadığı bir səs, - Eltun yaralanıb...

“Eltun gedəndə telefonunu aparmamışdı, deyirdi ki, uşaqlarda var. Soruşanda ki, “Sən niyə öz telefonunu aparmadın?”, “Mən hərbidə olmuşam, bilirəm ki, elədə adam daha çox danışmaq istəyir, ailəsi üçün daha çox darıxır, amma, indi, günlər daha tez keçəcək, mən gələcəm” söyləyirdi. Elə hey bizimçün darıxdığını, gələcəyini bildirirdi. Oktyabr ayının  18-i bütün Azərbaycan kimi, biz də cəbhədən şad xəbərlər gözləyirdik. Düşünürdüm ki, bu gün ikiqat bayram olacaq, hər şey tam tərsinə oldu.  Səhər yoldaşımın telefonuna zəng gəldi, çox həyəcanlandım, dedim yəqin zəng edən özüdür, hər dəfə bir nömrə ilə zəng vururdu. Telefonu açdım, əvvəlcə bir neçə saniyə sadəcə səslər gəldi. Sonra tanımadığım bir adam dedi ki, Eltunun telefonudur? Dedim ki, bəli. Bildirdi ki, Eltun ayağından yaralanıb. O anda təbii ki, insanın dünyası başına yıxılır, bircə onu soruşdum ki, “sağdır?”. Dedi ki, hə narahat olmayın, yaşayır, əməliyyatdadır. Sonra yoldaşımın atasının əlaqə nömrəsini istədilər, mən də, öz atamın nömrəsini verdim. Qaynatam Eltunun cəbhədə olduğunu bilmirdi. Yəqin, o gün pis xəbəri mənə vermək istəmədilər. Allaha dua edirdim ki, razıyam. Eltunun heç bir əzası üstündə olmasın, amma, nəfəsi gəlsin, sağ olsun. Saatlar keçdi, heç bir xəbər gəlmədi, həmin nömrəyə zəng vurdum dedilər – ayılmayıb, şokdadır. Mən hələ də yaşadığına inanır, ayılması üçün dua edirdim. Sonra isə, elə öz ad günündə sevdiyim adamın  tabutunu gətirdilər... (ağlayır) Mən də, hüzürə gələn hamını günahlandırırdım ki, bu gün Eltunun ad günüdür, amma, siz ona hədiyyə almadan gəlmisiz. Ömür yoldaşımın gəlişini gözləyirdim, o isə, elə bir zirvəyə ucalaraq qayıtdı ki...

Yaşadığım vəziyyəti sözlərlə ifadə edə bilmirəm, həm onunla qürur duyuram, həm də yoxluğunun ağrısını yaşayıram”.

Sonda isə şəhidin həyat yoldaşı, dövlətimizin, həm onlara, həm də bütün şəhid ailələrinə köməyini əsirgəməyəcəyinə inandığını da vurğuladı.

“Bizə sosial fondlara müraciət edə bilməyimiz üçün şəhidlik haqqında sənəd lazımdır. Hələ ki ala bilməmişik, deyiblər ki, həll ediləcək. Çox sağ olsun. Mehriban xanım Əliyeva sayəsində, xəstəxanadan, qaynatamın kimya terapiya xərclərinə güzəşt etdilər”.

Şəhid Eltun Qasımov, Vətənimizin bütövlüyü uğrunda canından keçən yüzlərlə igid Azərbaycan övladından biridir. Bu torpaqlar, bu xalq, azadlığı qanı ilə qazanan, Eltunları, Poladları, Xəyalları heç zaman unutmayacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Oxunma sayı 8067