"20 yanvar gecəsi xalq azadlıq arzusu ilə oyandı" - Ukrayna səfiri

17:30 20.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Şəhidlər Xiyabanına gələrək, 1990-cı ilin qanlı 20 Yanvar gecəsi Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin məzarını ziyarət edib. Ziyarətdən sonra, Ukrayna səfiri Azərbaycan xalqının hüznünə şərik olduğunu bildirən başsağlığı müraciəti edib.

Hafta.az-ın yazdığına görə, həmin müraciətdə deyilir ki, hər bir ölkənin tarixində faciəvi səhifələr var. Hər il 20 yanvar tarixində minlərlə azərbaycanlı sovet qoşunları tərəfindən Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın qanlı şəkildə yatırılması aktı olan “Qanlı yanvar” hadisələri zamanı həlak olanları yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edir.

"Həmin gün Bakı sakinləri sovet tankları və atışmalarının səsinə yuxudan qalxdı, əslində isə bütün xalq azadlıq arzusu ilə oyandı. Bu azadlıq istəyi qan bahasına başa gəldi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakını və Azərbaycanın digər bölgələrini mühasirəyə alan sovet qoşunları 147 mülki şəxsi öldürdü, bir çoxu əlil olan 744 günahsız insanı yaraladı və 400 nəfəri qanunsuz olaraq həbs etdi" deyilən müraciətdə qeyd olunur ki, bu, Moskvanın Sovet İttifaqının dağılmasının qarşısını almaq cəhdinin bir hissəsi idi. Lakin repressiv tədbirlər müstəqillik hərəkatını daha da gücləndirdi və Azərbaycan əhalisinin əksəriyyəti öz vətəndaşlarına silah tuşlamış qanlı bir imperiya olan Sovet İttifaqının tərkibində qala bilməyəcəklərini anladılar.

Müraciət bu sonluqla bitir: "Azərbaycan xalıqından sonra, qısa vaxtda başqaları da ayağa qalxdı: Litvadakı Sayudis, Ukraynadakı Xalq Hərəkatı, Estoniya Xalq Cəbhəsi. Nəticədə, SSRİ dağıldı və xalqlar azad oldu.

Başınız sağ olsun, unutmadıq.

Oxunma sayı 1101