Gəmilər üçün ən təhlükəli sular və dəniz quldurları

13:40 25.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qvineya körfəzində Liberiya bayrağı altında üzən, Türkiyəyə məxsus “Mosart” adlı konteyner gəmisinə yanvarın 23-də hücum edən dəniz quldurlarının 19 heyət üzvündən birini öldürüb, 15-ni isə qaçırması hazırda dünya mediasının müzakirəsindən düşmür. Özü də hadisə o qədər gözdənuzaq yerdə baş verməyib, Nigeriya sahillərindən 180 mil aralıda olub. Amma təəssüf ki, körfəzin sahilə bu qədər yaxın sularında quldurluq hallarının qarşısını alacaq hər hansı təhlükəsizlik sistemi mövcud deyil.

Hə bu arada, Qvineya körfəzində sonuncu dəfə ötən ilin avqust ayında “Paksoy-1” adlı yük gəmisi hücuma uğramışdı. İndiki “Mosart” gəmisi isə Qvineya körfəzində indiyədək dəniz quldurlarının hücumuna məruz qalan sayca 9-cu türk gəmisidir. Bu səbəbdən də bəzi media quruluşları məsələyə siyasi don geydirməyə çalışırlar.

Dəniz quldurluğunun bizə bəlli olan 3 min illik tarixi var. Bu gün də dənizçilik tarixində ən məşhur 10 quldurun (piratın) adı tez-tez çəkilir. Hansı ki, onlar bu günki qaradərili – afrikalı quldurlardan fərqli olaraq, dövrünün ən savadlı və mədəni cəmiyyətlərinin təmsilçiləri – ingilis, holland, fransız, ispan idilər. Hətta tarixdə ən məşhur dəniz qulduru adını alan çinli qadın, özü də meyxanalarda əxlaqsızlıqla məşğul olan qadın Çing Şihin dəstəsində 1500 gəmi və 85 minlik quldur ordusu varmış. Yəni bu misalı çəkməklə demək istəyirəm ki, dəniz quldurlarını hansısa siyasi mərkəz dəstəkləyə bilər, amma onlar əsasən daha çoz və asan yola qazanmaq istəyənlər olurlar. Sonra da, dəniz quldurları yalnız Qvineya körfəzində basqın etmirlər gəmilərə, onlara nəzarət zəif olan bütün bölgələrdə rast gəlmək mümkündür. Məsələn, beynəlxalq dəniz təşkilatlarından biri - İMB hələ 15 il əvvəl həyacan təbili çalırdı ki, şirkətlər hökumətlərlə danışıqlar aparıb dünya okeanında üzən yük gəmilərində, nəhəng neft tankerlərində silahlı mühafizə təyin etməlidirlər. Ən azından ekipaj üzvlərini qanun daxilində silahlandırmaq lazımdır ki, hücuma məruz qaldıqda özlərini qoruya bilsinlər. Amma bu çağırış eşidilmədi. Sadəcə Niderland hökuməti müsbət reaksiya verdi, vəssalam.

Beynəlxalq hesabatlara əsasən, dünyada gəmilər üçün bir sıra təhlükəli bölgələr olsa da, aralarında ən qorxulusu Cənub-Şərqi Asiyadakı boğazlar və xırda adalarla dolu olan ətraf sulardır. İndoneziya və Malayziya sularını əhatə edən bu bölgədə tarix boyunca gəmilərə ən çox basqın edilib. İş o yerə çatıb ki, bu regionda dəniz quldurları hətta limanda lövhər salmış gəmiləri belə soymağa cəhd göstərirlər. Bu xüsusda bəzi rəsmi məlumatlara istinad edək: Banqladeşin ən iri dəniz limanı olan Çittaqonda lövhər salmış gəmilərə saysız-hesabsız hücum faktı qeydə alınıb. Eyni hallara Hindistanın Çennay və Kandla limanlarında da rast gəlinib.

Bölgədə bu müstəvidə ən pis vəziyyət İndoneziyadadır. Bu ölkənin ərazisi olan Adang körfəzi, Anambas suları və xüsusilə oradakı Natuna adası, Balıkpapan, Belevan, Bontang və sair dəniz quldurlarının məskənləridir.

Yeri gəlmişkən, beynəlxalq dəniz təşkilatları bütün gəmilərə xəbərdarlıq edib ki, məhz burada – Malakka boğazının İndoneziya sahillərində məcbur qalmadıqda, limanlarda lövhər salmaqdan çəkinsinlər. Şimali Sumatra ərazisi, Aceh sahilləri, Belavan suları çox riskli bölgələrdir. İndoneziya ilə yanaşı, bəzən Malayziya sahillərində də gəmilərə quldur basqınları edilir.

Bundan başqa, Cənubi Çin dənizində üzən gəmilər də mütəmadi şəkildə quldur hücumlarına məruz qalırlar. Eləcə də, Sinqapur limanları, Vyetnamın güneyi – Xo Şi Min suları quldurların məskənidir. Məlumatlara əsasən, hətta Sinqapur sularında bir yük gəmisinə eyni anda çox sayda katerlə hücum etmək quldurlar üçün adətdir.

Başqa bir təhlükəli bölgə Qırmızı dəniz, ona qonşu olan Ədən körfəzi sularıdır. Bu ərazidə nəinki gəmilərin heyətləri pul tələb etmək üçün girov götürülür, hətta gəmilərə od vurub yandırırlar da.

Somali suları da dəniz quldurlarının məskəninə çevrilib. Burada bir il ərzində ən çox hücum faktı 2005-ci ildə qeydə alınıb. Həmin il 35 gəmiyə basqın edilib. Özü də onlar hücum zamanı ağır silahlardan belə istifadə etməyi unutmayıblar. Bu cür iriçaplı hücum faktlarının sahildən cəmi 400 mil aralıda baş verməsi isə vəziyyəti bir az da ağırlaşdırır. Çünki Somalidə uzun zamandır Əş-Şahab terror təşkilatının fəaliyyətdə olması, bəzi ərəb ölkələrinin də dəstəyi ilə ölkənin şimal yarısında qondarma rejimin yaradılması və onun Maqadişo hökumətinə tabe olmaması, nəzarətsiz qalan quldur dəstələrini daha da azğınlaşdırır. İş o həddə çatıb ki, gəmilərə, zəruri ehtiyac yaranmadığı təqdirdə Somali sahillərindən 200 mil aralıdan üzüb keçmək tövsiyyə edilib.

Şərqi Afrikada yerləşən Tanzaniyaya məxsus Dar əs Salam limanında və yaxın sularda da gəmilər üçün böyük risq mövcuddur.

Dəniz quldurluğu ancaq Asiya və Afrika sahilləri ilə yekunlaşırmı, əlbəttə ki, xeyir. Latın Amerikası sahilləri də təhlükəlidir. Lap “Karib dənizinin quldurları” filmində olduğu kimi, bu regionda da həm açıq dənizlər, həm də sahillərin müasir limanları yük gəmiləri üçün narahatlıq yaradır. Xüsusilə də, Haitinin Port o Prens limanı və yaxın çevrəsinin suları dəniz quldurlarının məskənidir. Bundan başqa, Yamaykanın Kingston, Perunun Kallao limanı da müasir dövrümüzün gəmilər üçün təhlükəli əraziləridir.

İraqın Bəsrə, Umm Qəsr limanları da gəmilərə hər an basqın edilə biləcək yerlərdir.

Hə, bu arada, yazının ilk başında qeyd etdiyimiz kimi, türk gəmilərinə hücum edilən Qvineya körfəzi suları da beynəlxalq ekspertlər tərəfindən ən təhlükəli bölgə adlandırılır. Bura üçün də, bütün gəmilərə tövsiyyə olunur ki, Kot Divuarın Abican, Nigeriyanın Bonni River, Laqos (sonuncu türk gəmisi bu limanın yaxınlığında hücuma məruz qalıb), Onne, Varri, Kamerunun Douala və Qananın Tema limanlarına yanaşarkən bütün ehtiyyat tədbirləri alsınlar.

Beynəlxalq dəniz yük daşımaları təşkilatının məlumatına görə, Qvineya körfəzində nəzarətsizlik səbəbindən hücumların sayı hər il artmaqda və ən təhlükəli bölgə ünvanını almaqdadır. Yalnız 2019-cu ilin altı ayı ərzində, bütün dünya dənizlərində baş vermiş gəmi qaçırma olaylarının 73 faizi, heyət üzvlərinin girov götürülməsi faktlarının isə 92 faizi məhz Qvineya körfəzinin payına düşür.

Beynəlxalq Dənizçilik Təşkilatının hesabatında göstərilir ki, qlobal miqyasda dəniz quldurluğuna qarşı təsirli tədbir görülmədiyi üçün, hücum faktları ildən-ilə artır. Məsələn, 1999-cu illə müqayisədə, cəmi bir il sonra – 2000-ci ildə gəmilərə hücum halları 57 faiz artıb və o il ümumilikdə 469 gəmiyə basqın edilib. Onun da böyük hissəsi Cənub-Şərqi Asiyanın – Malakka boğazının və Sinqapurun payına düşür.

2019-cu ildə Qvineya körfəzində ümumilikdə 156 gəmiyə hücum faktı qeydə alınıb. Onun da dörddə üçü Nigeriyanın əsas neft yataqları yerləşən delta hissəsində baş verib. Bundan əlavə, 2019-cu ilin altı ayının məlumatına əsasən, dünyada quldur hücumları nəticəsində 75 dənizçi girov götürülüb ki, onun da 62 nəfəri məhz Qvineya körfəzi sahillərində - Nigeriya, Kamerun, Benin, Qvineya və Toqo sularında qeyd alınıb. 2020-ci ildə isə, dünyada toplam 135 gəmi heyət üzvü girov götürülüb ki, onun da 95 nəfəri məhz Qvineya körfəzində olub. Bu bir ildə baş verən gəmilərə hücum faktları dünya gəmiçilik sənayesinə 818 milyon dollar ziyan vurub.

Bu arada, Böyük Britaniyanın təhlükəsizlik şirkəti olan “EOS Risk Group”un məlumatına əsasən, hazırda Nigeriya qlobal dəniz quldurluğunun mərkəzi rolunu oynamaqdadır.

Dünya Bankının hüsabatına əsasən, gəmilərə qarşı quldurluq halları müasir tarixdə ən çox 2010-cu ildə yaşanıb, 2019-cu ildə isə ən az belə fakt baş verib. Amma təəssüf ki, 2020-ci ilin pandemiya şəraitində gəmilərə qarşı quldurluq halları yenidən 24 faiz artıb.

Ötən il gəmilərinə ən çox hücum edilən ölkələrin siyahısı aşağıdakı kimidir: 1. Yunanıstan – 45 gəmi, Sinqapur – 30 gəmi, Almaniya – 18 gəmi, Hong Kong - 13 gəmi, Danimarka və Birləşmiş Ərəb Əmirlikləri – hərəsi  9 gəmi və Türkiyə - 5 gəmi.

Eləcə də, ötən il gəmilərə qarşı quldurluq faktlarının 35-i Nigeriya, 26-sı İndoneziya, 23-ü Sinqapur və 11-i Benində baş verib. Göründüyü kimi, 95 hadisədən 46-sı Qvineya körfəzinin, qalan 49-u isə Cənub Şərqi Asiyanın payına düşür.

Bu arada qeyd edək ki. tarixdə varlanmaq ümidi ilə qaçırılan gəmilərin yükü adətən minerallar, sənaye məhsulları və sair olub. Amma Somali sahillərində dəniz quldurlarının Ukraynadan Keniyaya gedən, göyərtəsində 33 ədəd T-72 tipli tank və çox sayda ağır silah olan gəmini ələ keçirməsi artıq möcüzə idi. Vəziyyət çox ağırlaşmışdı və çoxmillətli əməliyyat başladı, Rusiya, ABŞ və Avropa İttifaqının döyüş kreyserləri Ukrayna gəmisini azad etmək üçün hərəkətə keçiblər...

Quldurluq hallarının qarşısını almaq üçün, ABŞ və digər Qərbi Avropa ölkələri istər Qvineya körfəzi olsun, istər Şərqi afrika sahilləri, istərsə də Cənub-Şərqi asiya regionu, hərbi təlimlər keçirlər, gəmi heyətlərini baş verəcək mümkün hücumlara qarşı hazırlayırlar və xüsusilə də, adıçəkilən bölgələrdə ticarət donanmalarını qorumaq məqsədilə sahilyanı ölkələrin dəniz patrul qüvvələrinə hazırlıq kursu keçirlər.

Eyni addımı Çin dövləti də atır, Çin Hərbi Dəniz Qüvvələrini Nigeriya və kamerun kimi ölkələrin sahil-mühafizə qüvvələrinə təlimlər keçiblər. Çin, həmin ölkələrə bu sahədə daha güclü olmaq üçün hərbi təchizat da göndərməkdədir.

Avropa İttifaqı isə 2013-cü ildən başlayaraq Qvineya körfəzi sahili ölkələrinə və digər təhlükəli dənizlərin sahilində yerləşən ölkələrə hər cür hərbi-texniki yardım göstərməkdədir.

Qardaş Türkiyə dövləti də bu sahədə töhfələrini verməkdədir. Məsələn, Türkiyə 2017-ci ildə ABŞ-ın Afrika Komandanlığının planlaşdırdığı və Qərbi Afrika ölkələrinin də qatıldığı “Saharan Express” təlimində iştirak edib. əslində, Türkiyə hələ 2014-ci ildə Barbaros Dəniz Mühafizə Qrupunu Qərbi Afrika ölkələri olan Seneqal, Qambiya, Nigeriya, Toqo, Kamerun və Qabona göndərib, Qambiya və Nigeriyaya təhlükəsizlik sahəsində yatrdım verib və sair.

 

Oxunma sayı 3488
Siyasət rubrikasından digər xəbərlər