AYB-yə ayırılan pullar haqqında yazarlar nə düşünür? - Sorğu

15:23 01.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir müddət əvvəl AYB-yə 800 min manat pul ayrılması ilə bağlı Prezident fərman verdi.  Yaxın günlərdə Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 3 milyon manat da ayırıb.

Bəs ölkə yazarları necə düşünür?

Zahir Əzəmət: “800 min manatın konkret təyinatı yox idi, mücərrəd idi, elə o şəkildə də xərcləndi. Amma ilkin 3 milyon manat Yazıçılar Birliyinə yox, səhv etmirəmsə Əmlak Komitəsinə ayrılıb ki, Şüvəlandakı Yaradıcılıq evi təmir olunsun. Güman ki, ikinci dəfə də bu məqsədlə pul ayrılacaq. Tikilən qalır, bu mənada təqdir edirəm”.

Səlim Babullaoğlu: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi hər hər iki sərəncam ilk növbədə dövlətimizin və hörmətli dövlət başçımızın bütövlükdə Azərbaycan mədəniyyətinə və onun tərkib hissəsi kimi ədəbiyyata, ədəbiyyatçılara olan səmimi və ardıcıl diqqət və qayğısının göstəricisidir. Və əlbəttə ki, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinə olan etimadı da təsdiqləyən ciddi faktdır. Yəqin ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim dövlət başçısına hamımızın adından təşəkkür edib. Bu hadisələri yalnız bir cürə dəyərləndirmək olar: Məmnuniyyət hissi ilə. Minnətdarlıq hissi ilə”.

Rəşad Nağı Mustafa: “800min manata ədəbiyyat üçün çox iş görmək olar. Misal üçün, təzə ev alıb, bağı təmir edib, maşını təzələmək mümkündü. 3 milyonun da üstün düzəldib yaxşı saat olmaq olar”.

Tural Turan: “Buna ehtiyacımız var idi. Əsasən də gənclərin. Həmin yaradıcılıq evinin durumu bərbad gündə idi. Prezidentin bu sərəncamını təqdir edirəm. Ümid edirəm ki, ayrılan pullar aidiyyatı üzrə xərclənəcək. Mənimsənilməyəcək. Bu gün yazıçılarımızın, xüsusən də gənc qələm əhlinin çoxunun xaricə istirahətə getməyə maddi imkanı yoxdur. Belə bir durumda Yaradıcılıq evinin yenidən bərpası çox gözəl haldır. Təklif edərdim ki, ildə 20-30 gənc yazar xaricə istirahətə göndərilsin. Bəlkə o zaman bizim ədəbiyyatımız rəngsizlikdən qurtuldu. Bu gün yazılan əsərlərə yazarlarımızın səyahətdən məhrum olmaları da qara fon verən amillərdəndir. Problemlərin mərhələli şəkildə həllinin tərəfdarıyam”.

Aqşin Evrən: “Düşünürəm ki, bu, kifayət qədər ciddi məbləğdir. Təxminən 4 milyon manat edir. Məncə, bu məbləğin yarısını çağdaş ədəbiyyatımızın - seçmə şeirlərin, hekayələrin tərcümə edilib Avropa ölkələrində antologiya halında nəşr olunmasına və antologiyanın, eləcə də burda yer alan müəliflərin Avropada reklamına sərf etmək olar. Eləcə də bir komissiya yaradıb, mətnləri seçilən 10 müəllifə 1 il ərzində hər ay 1000 manat təqaüd vermək olar. Həmin gənc müəllif bu pulla özünə yeni kitablar da alar, əsər də yazar, üstəlik, tərcüməsini də həyata keçirər. İndi hamının beynində bir sual var: görəsən, o puldan kim nə qədər yeyəcək və ya öz övladına obyekt, ev alacaq alacaq? Arzu edirik ki, belə murdarlıqlar, ləyaqətsizliklər yaşanmasın. Çünki belə saxtakarlıqa, oğurluqla alınmış evin tavanı əlbət bir gün sahibin başına aşacaq”.

Gülnarə Məmmədova: "AYB  formal müəssisədir. Film çəkilişləri üçün ayrılan büdcə effektsiz olduğu kimi, bu məbləğlər də haqq olunduğu kimi xərclənməyəcək zənnimcə".

Furqan: “Dövlət tərəfindən Yazıçılar Birliyinə dəstək hər zaman sevindiricidi. Yazıçılar Birliyinin səhv etmirəmsə 2000-ə yaxın üzvü var. Təbii ki, onların arasında Birliyə layiq olmayanlar da var. Dövlət büdcəsindən Birliyə ayrılan məbləğlər uğurlu layihələrin icrasına sərf olunmalıdı. Həmin layihələr bütün ölkəyə səs salmalı və fərdlərin ədəbiyyata marağı artmalıdı. Paytaxtda az da olsa kitab oxuyan gənclər var. Amma təəssüf ki, bölgələr üçün bunu deyə bilməyəcəm. Ayrılan məbləğin bir qismini bölgədə kitaba marağı artırmaq üçün sərf edilsə sevinərə