Ədəbiyyat sözün üstündə qurulub - MÜSAHİBƏ    

19:20 04.09.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Həqiqətən də istedad yaşın azlğına, çoxluğuna baxmır. Müdriklər demişkən, elə anadan doğulur. Elə götürək ölməz şairimiz Səməd Vurğunu, dramaturq-yazıçı Cəfər Cabbarlını. O cür dahilər 8-12 yaşlarında yazıb-yaratmağa başlayıblar. Bu gün də ölkəmizdə az da olsa istedadlar yetişir.

Biz istəsək də, istəməsək də o istedad zamanından, vaxtından asılı olmayaraq üzə çıxacaq. Onlardan biri də  Bakı şəhəri Arif Hüseynzadə adına 20 saylı tam orta məktəb-liseyin  V  sinif şagirdi Tuncay Mustafayevdir. Bu yaxınlarda Zaur Ustacın “Dağlar” adlı təzə çapdan çıxmış  “Almanax” kitabında bir qrup şairin şeiri verilmişdir.  O yazarların içərisində Tuncayın “Azərbaycan” şeiri mənə çox təsir bağışladı, ruhumu yerindən oynatdı. O, 10 yaşlı cocuq, sanki işğal altında olan ata-baba yurdu Ağdamda, Şuşada olub, Qarabağın səfalı yerlərini, ecazkar mənzərələrini görübmüş... Bir Vətən nisgilini, Vətən ağrılarını içinə çəkib poetik ifadələrlə 4 bəndlik şeirə çevirib.  Həmin şeirin bir bəndini xatırladıram:

Tuncayam, elim, Ağdam!

İnana bilmir adam.

Vətən edilib, edam...

Dörd yanda tikəmiz var!

Sözlər nə qədər düşündürücüdür. Məncə, şərhə ehtiyac yoxdur.  Şair dostum Zaur Ustacdan xahiş etdim ki, məni gələcəyin əsl yazarı Tuncayla görüşdür. Sağ olsun, sözümü yerə salmayıb onu Nərimanov parkına gətirdi. Onun baxışlarında, sanki bir qəribəlik vardı. Yaşca kiçik olmasına baxmayaraq, ahıl, müdrik adamlar kimi danışırdı. Verilən suala tez cavab verməzdi. Sözü qənaətlə işlədərdi, hər şeyi yerbəyerində deyərdi. Ağıllı cavabları və gözəl şeirləri ilə adamı heyrətə gətirirdi. Əsl söz adamı idi. İçindən qaynayıb-gələn istedadı, sanki dağların dərinliyindən çıxan, daşlardan-qayalardan süzüb-gələn bir bulağı xatırladırdı. Özü kimi şeirləri, hər bir kəlməsi də saf və təsirli idi.

Xatırladım ki, Tuncay 2009- cu ildə Bakı şəhərində anadan olub, hal-hazırda məktəblidir.

– Tuncay, necə oldu ki, şeir yazmağa başladınız?

Sualıma çox təmkinlə cavab verdi:

– Nağıllar həqiqətdir. Dünyanın çox açılmamış mözüələri, sirləri var. Onlardan biri də yuxudur. Hələ balaca uşaq idim. Təxminən, 4-5 yaşım olardı. O möcüzələr yuxularıma girərdi. Maraqlı, qəribə bir dünya görərdim... Ağsaçlı, ağ qiyafətdə yaşlı nurani bir qoca ilə söhbət edərdim.  Həmin müdrik qoca mənə gözəl nağıllar, şeirlər, Tanrının möcüzələrindən danışardı. Səhər ayılıb dururdum ki, o ağsaçlı qoca yoxdur. Onun hər kəlməsi məni narahat edirdi. İçimdə rahatlıq tapmırdım. İki il bundan öncə atamın noutbukunu açdım və başladım yazmağa.

– Bəs sənə komək edən, yolgösrətən olmadı?

– Xeyr, ancaq mən yuxuda gördüklərimi və bildiklərimi yazdım. Əmi, həyatda o qədər yazılası şey var. Öz gündəliyimdə qeyd edirəm. Hətta yuxuda gördüyüm ağgeyimli kişinin də sözlərini... Şeirlərim çoxdur. Əvvəlcə yazıram. Sonra da onu tənqidi gözlə nəzərdən keçirirəm. Xoşuma gəlməyəni cırıb atıram.

– Bədii əsərlər oxuyursanmı?

– Mən mütaliəni çox sevirəm. Ona görə də bədii əsərlər oxuyuram. Sağ olsun, atam mənə çoxlu kitab alıb gətirir. Əvvəlcə öz ədəbiyyatımızı, sonra da dünya ədəbiyyatını bilmək lazımdır. Diqqətinizə çatdırım ki, hər bir xalqın yazarlarını öz dillərində oxumaq adamda daha xoş təəssürat yaradır. Tarixi əsərlərə, müharibə ilə bağlı əsərlərə daha çox üstünlük verirəm. Hər bir kəs əvvəlcə öz olkəsinin tarixini və ədəbiyyarını gözəl bilməlidir. Sevimli yazıçımız Aqil Abbasın “Dolu” romanını düz, iki dəfə oxumuşam. Bu əsərdə yazıçı dili, yazıçı təxəyyülü daha yüksəkdir. Bu əsərdə ruhların işğal altında olan torpağa, ata yurdum Ağdama getməsi məni daha çox təsirləndirdi... Sizin “Güllə işığında” povestinizi də oxumuşam. Mən yaşlı, orta və yeni nəsli də oxuyuram. İllər dəyişir, əsrlər dəyişir, nəsillər dəyişir, amma şairin şeiri dəyişmir. Ədəbiyyat sözün üstündə qurulub. Əsl yazarın öz sözü olmalıdır.

– Bəs şeirdən başqa əlavə nə işlə məşğul olursan, nəyi xoşlayırsan?

– Uşaqlıqdan idmanı sevirəm. Şeir yazmaqdan çox əvvəl, daha dəqiq desək, 2013-cü ilin sentyabr ayından idmanın cüdo güləş növü ilə məşğul oluram. Söz düşmüşkən deyim ki, bu sahədə nailiyyətlərim çoxdur.  Bakıda və rayonlarda keçirilən cüdo üzrə açıq birinciliklərdə həmişə yer tuturam. Son yarışlarda, demək olar ki, ancaq birinci yer tutmuşam.

– Bəs ölkəmizdən kənarda necə, heç xaricə yarışa getmisənmi?

– Bəli, bu il 2019- cu ilin mart ayında qardaş Türkiyə Respublikasına getmişdik. Rizədə Çay festivalı ilə əlaqədar təşkil olunmuş Uluslararası Cüdo Turlamasında üçüncü yeri tutdum.

– Bunlar çox gözəl. Gələcək barədə hansı planların var?

– Elə bir planım yoxdur. Cüdo ilə məşğul oluram. Həftədə üç dəfə məşqə gedirəm. Şeir də gələndə yazıram. Dərslərimi yaxşı oxuyuram. Dərslər başlayandan sonra heç fikirləşməyə vaxt olmayacaq.

– Hansı fənləri xoşlayırsan?

– Fənlərə fərq qoymuram. Hamısını oxuyuram. İngilis dili və rus dili çox vaxtımı alır. Riyaziyyatla da çox məşğul olmağa çalışıram.

– Afərin, Tuncay! Bütün işlərində uğurlar arzu edirəm. Yolun açıq olsun!

Düşünürəm ki, Tuncay yaşından çox böyük yazır və danışır.  İnanırıq ki, o gələcəyin ən böyük idmançısı və söz adamı olacaq.