"Azərbaycan Pakistan üçün Avropaya açılan qapıdır" - Səfir 

12:13 05.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Xeybər Paktunktva əyaləti Sərhəd Ticarət və Sənaye Palatasının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Bu gün Ticarət və Sənaye Palatası rəhbərlərinin iştirakı ilə Pakistanın ölkəmizdəki səfirliyində mətbuat konfransı keçirilib.

İlk çıxış edən Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib ki, Sərhəd Ticarət və Sənaye palatasının günün ikinci yarısında geniş tədbiri olacaq. O, tədbirdə çox sayda pakistanlı iş adamlarının iştirak edəcəyini nəzərə çatdırıb.

Xeybər Paktunktva vilayəti Ticarət və Sənaye Palatasının sədri Feyzi Məhəmməd deyib ki, Palata olaraq ən yaxşı iş adamlarını mükafatlandırmaq üçün burdadırlar. "Pakistandan 150 iş adamı və bir sıra dövlət rəsmiləri Bakıya dəvət olunublar. Bu bizim ikinci tədbirimizdir. İlk tədbiri ötən il 120 iş adamının iştirakı ilə İstanbulda keçirmişdik. Biznes adamlarını bura gətirməkdə məqsədimiz onları Azərbaycanla tanış etmək, azərbaycanlı iş adamları ilə aralarında əlaqələrin qurulmasına kömək göstərməkdir", - qonaq bildirib.

Yenidən çıxış edən səfir əlavə edib ki, ötən il də Ravalpindi vilayətinin nümayəndələri Bakıya gəlmişdi. Bu da onu göstərir ki, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. O, Şəki xan sarayı ilə Pakistandakı Multan sarayı arasında bənzərliyə toxunaraq xalqlarımız arasında tarix boyu yaxın münasibətlər olduğunu qeyd edib.

Xeybər Paktunktva əyaləti Ticarət və Sənaye Palatasının vitse-prezident Zahid Şinvari qeyd edib ki, daha öncə də bir sıra ticarət palatalarının nümayəndələri Azərbaycanda olub.

"Xeybər Paktunktva əyaləti Pakistanın şimal-qərbində yerləşir. Burada böyük neft-qaz yataqları mövcuddur, eyni zamanda turizm potensialı ilə, füsunkar meyvə-tərəvəzi ilə fərqlənir. Biz çox istərdik ki, həmin məhsulları Azərbaycana ixrac eləyək", - Z.Şinvari deyib.

Sözünün sonunda Z.Şinvari ölkələrimiz arasında yüksək siyasi münasibətlərin olmasına baxmayaraq, iqtisadi əlaqələrin zəifliyindən gileylənib.

Səfir Səid Xan Mohmand deyib ki, əvvəllər ölkələrimiz arasında iqtisadi əlaqələrin həcmi cəmi 8 milyon dollar olsa da, bu il həmin rəqəm 4 dəfə artaraq 32 milyon dollara yüksəlib. Səfir deyib ki, iqtisadi ticarət əlaqələrinin həcmini artırmaq üçün potensial böyükdür. Bu müstəvidə ilk növbədə Azərbaycanda tibb sənayesinə investisiya qoymaq istərdilər.

"Mərmər, sement, qranit istehsalı, turizm sektorunda təmsil olunan iş adamları Bakıya gəliblər ki, onlar ölkənizə sərmayə qoymaq istəyirlər. İş adamları bura gəlmədən öncə araşdırma aparıblar ki, Azərbaycanda hansı sektor daha faydalıdır. Neft-kimya sahəsində böyük işlər görmək mümkündür" əlavə edib Zahid Şirvari.

Səfir isə qeyd edib ki, Pakistanla Azərbaycan arasında coğrafi məsafə uzaq deyil. "Ölkəmizdən çıxan TIR-lar İranı keçməklə Azərbaycana gələ bilər. Azərbaycan eyni zamanda Pakistanın Avropaya çıxması üçün qapı rolunu da oynaya bilər.

Sonda çıxış edən Palatanın vitse prezidenti bildirib ki, Pakistanla Azərbaycan qardaş ölkələrdir. O, qardaş əlaqələrin ticarətə də müsbət təsir göstərəcəyinə əminlik ifadə edib. 

Siyasət rubrikasından digər xəbərlər