“Milli Qəhrəman fəxri adından iki hala görə imtina etdim” – Şair Ramaldanov

16:59 05.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gün onun doğum günüdür. 62 yaşı tamam olur. Müsahibədən əvvəl “62” rəqəmi ilə razılaşmadı. Rəqəmlərin yeri dəyişik düşüb “26”-dır dedi. Güldü. Onu da əlavə etdi ki, ad günü ilə bağlı ilk normativi həyat yoldaşına verib.  62 dəfə fasilə vermədən “jim” edib.

Ordumuzun ehtiyatda olan polkovniki Şair Ramaldanov Azərbaycan Ordusunun azsaylı qalib komandanlarındandır. “Horadiz əməliyyatı”ndan döyüşçü dostları, əsgərləri ilə alnıaçıq çıxıb. Düşmən tapdağındakı 22 yaşayış məntəqəsini azad edib. Bu müsahibədən oxuyacaqsınız ki, Şair müəllim Milli qəhrəman fəxri adından hansı iki şərtə görə imtina edib. Onu da oxuyacaqsınız ki, adı Şair olan polkovnikimiz həm də şairdir. Bir sözlə, maraqlı müsahibədir.

-Şair müəllim, əvvala doğum gününüzü təbrik edirik. 62 yaşınız tamam olur. Ümumiyyətlə, ad günlərinizi kimlərlə qeyd edirsiniz?

Yubley olmayan tarixləri ailəmlə keçirirəm. Yubley tarixlərini isə hərbçi yoldaşlarımla, döyüş dostlarımla qeyd edirik. İki il öncə 60 illik yubleyim idi. Hərbçi dostlarım, uzun illər xidmət apardığım yoldaşlar məni tək qoymadılar. Yubleyimi geniş şəkildə təşkil etdilər. Hətta 60 illiyimdə mənim həyat və fəaliyyətim haqqında 33 dəqiqəlik sənədli film də çəkilmişdi. Həmin vaxt filmin də təqdimatı keçirilmişdi. Ümumilikdə götürdükdə isə, doğum günümü ailəmlə - övladlarımla, nəvələrimlə, qohum-əqrəba ilə bir birgə qeyd edirik.

- Şair müəllim, maraqlı adınız var. Şair xalq olsaq da, çox az gəlinən isimlərdəndir. Adınızı kim qoyub? 

- Vallah, kim qoyduğunu bilmirəm. Özümü tanıyandan Şair kimi çağırıblar. Bu günə kimi elə bu adla çağırılmışam. Ümumiyyətlə, adım çox xoşuma gəlir.

- Cənab polkovnik, bəs poeziya ilə aranız necədir?  

- Poeziya ilə aram çox yaxşıdır. Gənc yaşlarımda şeir də yazmışam. Orta məktəbdə oxuyarkən tədbirlərdə daim şeirlərlə çıxış etmişəm. Orta və ali məktəblərdə məni şeir söyləyən şair kimi tanıyıblar. 

-Azərbaycan Ordusunun qalib komandanlarındansınız. “Horadiz əməliyyatı”nın əsas komandanısınız. Qalibiyyət hisslərindən danışaq. Necə hissdir? Ümumiyyətlə, Horadiz qələbəsindən sonra hansı hissləri keçirirdiniz?   

-Çox gözəl sualdır. Bilirsiniz, ilk növbədə onu qeyd etməliyəm ki, biz həmin döyüşləri çox ağır bir şəraitdə aparmışıq. Ümummilli liderimizin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından və xalqa, orduya müraciətindən sonra dönüş yarandı. Hərbi hissələr yenidən formalaşdırılmağa başlandı. O vaxt qış kampaniyası deyilən bir kampaniya həyata keçirilirdi. Səfərbərlik elan olundu. Üç istiqamətdə - Murovdağ-Kəlbəcər, Tərtər-Ağdərə və Beyləqan-Füzuli istiqamətində planlaşdırılmışdı. Bu hücum əməliyyatlarından ilk ikisi müəyyən səbəblərdən lazım olan nəticəni vermədi. Beyləqan-Füzuli istiqamətindəki “Horadiz əməliyyatı” isə uğurlu alındı. Bu əməliyyatın uğurlu alınmasının başlıca səbəbi Ulu öndərin gəlişindən ruhlanan əsgərlərimizin döyüş ruhunun yenidən şəxsi heyətdə baş qaldırması idi. Azərbaycan xalqı həmişə öz qəhrəman övladları ilə seçilən xalq olub. Azərbaycan əsgəri hər zaman öz torpağı uğrunda canından belə keçməyə hazırdır. Mən Azərbaycan əsgərləri ilə döyüşlərə qatılmışam. Həmin döyüşlərdə Azərbaycan əsgərinin öz torpağı uğrunda necə canından keçdiyinin şahidi olmuşam. Sizə bir epizod danışım; O vaxt yetərli qədər sanitar maşınlarımız yox idi. Şəhidlərimizi və yaralılarımızı yük maşınları ilə çıxarırdıq. Belə acınacaqlı vəziyyət idi. Döyüş gedirdi. Şəhidləri və yaralıları daşıyan maşınlar mənim komanda məntəqəmin yanından keçirdi. Həmin ərəfədə maşınlar yavaşıyırdı. Mən maşının arxa hissəsinə qalxırdım. Onlara - yaralılara öz minnətdarlığımı bildirmək istəyirdim. Həmin günlərin birində yenə də yaralıların olduğu hissəyə qalxdım. Gördüm ki, ayağının diz nahiyəsindən aşağısı olmayan bir əsgər... Qan itirməsin deyə, ayağı “jqut”la bağlanıb. Hətta ayağının ət parçaları dağılıb, ətin arasından sümüyü görünür. Mən az şey görməmişəm, ancaq bu səhnəni görəndə mən də tutuldum. Əsgər başını qaldırıb mənə dedi ki, komandir, artıq Şükürbəyli kəndi bizimdir. İndi bu insanın daxilindəki potensiala baxın. Vətənə olan sevgisi, vətənsevərlik ruhu görün hansı səviyyədədir. Vətən sevgisinin onun ağrılarından yuxarı olduğunu gördüm. Bilirsiniz, onun gözlərində nələr var idi?!! Ağrısını unudub “komandir, Şükürbəyli bizimdir” dedi. Onun gözlərindən Azərbaycan əsgərinin, vətən oğlunun nəyə qadir olduğunu oxumaq o qədər də çətin deyildi... Demək istəyirəm ki, biz belə oğullarla döyüşə getmişik. Azərbaycan Ordusunda xidmət etdiyim dövr mənim üçün çox əzizdir.

 - Həmin o ağır dövr başqa nələri ilə seçilirdi?

- Silah-sursat sarıdan əziyyət çəkirdik. Azərbaycan Ordusu bu cəhətdən böyük çatışmazlıqlarla üz-üzə idi. Ambarlarımız artıq boş idi. Ulu öndər gələnə qədər anbarlardakı silah – sursatlar bərpa olunmurdu. Bunun üçün maddi imkanımız da yox idi. Bütün bunlara baxmayaraq, “Horadiz əməliyyatı” unikal savaş planı idi. Bizim hərb tariximizə qızıl hərflərlə yazılan döyüş üsulu sayılır. Çünki qeyri-standart döyüş üsulu idi.

 - “Horadiz əməliyyatı” necə başladı? 

-Döyüşdən əvvəlki gecə biz düşmənin arxasında, arxadakı dərinliklərə 400 nəfərə qədər silahlı qruplar göndərə bilmişdik. Reyd dəstələri formasında idi bu qruplaşmalar. Biz düşmənin taktikasını bilirdik. Qarşı tərəfin taktikası ondan ibarət idi ki, düşmən ön xətdə o qədər də çox adam saxlamırdı. Onların moto-manevr qrupları var idi. Həmin qruplar ön xəttdə problem yarananda ehtiyat qüvvə kimi köməyə gəlirdilər. Vəziyyəti düzəldirdilər. Neytrallaşdırırdılar. Sonra yenidən arxaya çəkilirdilər. Biz də bunu bildiyimizdən, öncə düşmənin arxasında kəşfiyyat aparan qrupları yerləşdirdik. Onların əsas vəzifəsi arxadan düşmənə köməyə gələn moto-manevr qruplarının qabağını almaq idi. Təbii ki, bu uğurla nəticələndi. Ona görə ki, bu, düşmən üçün gözlənilməz idi. Onlar vəziyyəti düzgün qiymətləndirmədiyindən öz yuxarı instansiyalarına yanlış məlumatlar ötürürdülər. Deyirdilər ki, böyük bir qruplaşmanın hücumuna məruz qalıblar. İranla Horadiz arasında Araz çayı üzərində körpü var, guya İran tərəfdən həmin körpü ilə böyük bir qruplaşma irəliləyərək düşmənin arxasına keçib. Düşmən vəziyyəti düzgün qiymətləndirməmişdi və panikaya düşmüşdü. Onlar müdafiəni təşkil edə bilmədilər. Bundan istifadə edən Azərbaycan əsgəri az sayda texnika və silah-sursatla iki gün ərzində 30 kilometrə qədər irəliləyə bildi. 22 yaşayış məntəqəsi düşməndən azad olundu. O cümlədən, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi düşmən tapdağından geri alındı. İndi Cocuq-Mərcanlı kəndi cənab prezidentimiz İlham Əliyev tərəfindən bərpa olundu. Bu böyük bir işdir. Ulu öndərin Ali Baş Komandan kimi iradəsi, Azərbaycan əsgərinin gücü ilə biz “Horadiz əməliyyatı”ndan zəfərlə çıxdıq. 1994-cü ildə azad edilən həmin yaşayış məntəqələrində bu gün soydaşlarımız, vətəndaşlarımız yaşayır. Həmin döyüşlər zamanı biz 17 şəhid verdik. 43 yaralımız oldu. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Fürsətdən istifadə edərək onların yaxınlarına səbr, əlillərimizə isə Yaradandan kömək diləyirəm.

- “Azərbaycan Bayrağı” ordenini iki dəfə alan yeganə hərbçisiniz. Bu ordeni ilk dəfə sizə kim təqdim etdi? Həmin görüşü necə xatırlayırsınız?

-İlk dəfə bu ordenə “Horadiz əməliyyatı”na görə layiq görülmüşəm. Bunu da açıqlamaq istyirəm, “Horadiz əməliyyatı”ndan sonra mənim adımı “Milli Qəhrəman” adı ilə təltif olunmaq üçün göndərmək istəyirdilər. O zaman xahiş etdim ki, olmaz. Bildirdim ki, mən “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adını ancaq iki halda qəbul edə bilərəm, ya ölümümdən sonra, ya da torpaqlarımız tam şəkildə işğaldan azad edildikdən sonra... Bildirdim ki, mən sadəcə öz vəzifəmi yerinə yetirmişəm. Torpaqlarımız işğal altındadır. Xahiş etdim ki, bu cür yüksək təltifə adımı göndərməsinlər. Bu mənim prinsipimdir, həyata baxışımdır. “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının əvəzinə “Azərbaycan Bayrağı” ordenini göndərmişdilər. İkinci dəfə bu mükafatı alarkən xəbərim olmayıb. Birinci və ikinci “OMON” hadisələri zamanı konstitusyon dövlət quruluşuna təhlükə yaranmışdı. Dövlətçiliyimizi müdafiə edən hərbçilərin içərisində mən də var idim. Vəzifəmi yerinə yetirirdim. Biz bu vəzifəni yerinə yetirəndən sonra mənə zəng olundu ki, siz “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunursunuz. Mən də bildirdim ki, artıq mən bir dəfə bu mükafatı almışam. Qeyd etdilər ki, o zaman ikinci dəfə... Mənim üçün çox yüksək mükafatdır. İkinci orden bizə 1997-ci ildə Ulu öndər tərəfindən şəxsən təqdim edildi. Bu, mənim üçün çox böyük şərəf idi. Çünki mən Naxçivanski adına hərbi liseyin ilk məzunlarındanam. Ulu öndər həmin məktəbə gələndə mən bayraqdar idim. Fotoşəkilimiz də var idi. O vaxt bizdən haradan olduğumuzu, hərb sahəsinə həvəsimizi soruşmuşdu. Müəyyən müddətdən sonra hərbi hissə komandiri kimi və müəyyən uğurlara imza atmış zanit olaraq Ulu öndərmizdən bu ordeni almaq mənim üçün böyük şərəf idi. Bunlar həyatımın unudulmaz anlarıdır.

-Cənab polkovnik, Azərbaycan Ordusunda aparılan islahatlar sizi qane edirmi? Ordumuzun arsenalındakı silahlar Qarabağda qısamüddətli və ildırımsürətli qələbələrə imkan verirmi?  

-Bu çox mürəkkəb bir sualdır. Mən deyərdim ki, hə, imkan verir. Bu gün Azərbaycan Ordusunun arsenalında ən müasir silahlar mövcuddur. Texnikalarımız, tanklarımız, toplarımız, hava hücumundan müdafiə sistemlərimiz, pilotsuz uçan aparatlarımız, hərbi hava qüvvələrimiz ən müasir tələblərə cavab verir. Bütün istiqamətlərdə ən müasir silahlarla, avadanlıqlarla təchiz olunmuşuq. Onu da deyim ki, Azərbaycan Ordusunun inkişafı ancaq silahlarla bağlı deyil. Bu gün ordumuzda aparılan islahatlar silahlı qüvvələrimizi 130 ölkənin ordusu arasından ən güclü 50 ordu sırasına çıxarıb. Bu naliyyətlər ancaq alınan silahların gücü ilə deyil. Düzdür, onların öz yeri var. Bu, ilk növbədə bizim kadr potensialımızla bağlıdır. Artıq Azərbaycan Ordusunda xidmət aparanların 70 faizi professionallardır. Bütün mütəxəssislərimiz artıq peşəkar hərbçilərdir. Onlar öz döyüş qabiliyyətini ildən – ilə daha da artırlar. Bu gün keçirilən hərbi təlimlərə 20-25 min nəfərlik kontingent cəlb olunur. Bu onu deməyə əsas verir ki, bu gün ordumuzda savadlı sərkərdarlar böyüyür. Bu təlimləri keçirə biləcək savadlı sərkərdarlar olmalıdır, savadlı kadrlar mövcud olmalıdır. Bu gün bizim komandir heyətimiz inkişaf edib. Azərbaycan Ordusu bu gün öz peşəkarlığını göstərmək üçün bütün beynəlxalq yarışlara qatılır. Keçən il xüsusi təyinatlılarımız Türkiyədə keçirilən yarışlarda birinci oldular. Qazaxıstanda  baş tutan snayperçilər və topçuların yarışlarında da mütəmadi olaraq birincilər sırasında qərarlaşırıq. Bu yaxınlarda Rusiyada gerçəkləşən tankçıların yarışlarında 30-a qədər ölkənin iştirak etdiyi tədbirlərdə bizim hərbçilərimiz finala qaldılar. Özü də Rusiya, Belarus, Qazaxıstan kimi ənənələri olan ölkələrlə başabaş mübarizə və onlardan üstün olmaq... Bu yarışlar ilk növbədə Azərbaycan Ordusunun potensialını göstərir. 

-Cənab polkovnik, müharibə aparmaq ancaq Müdafiə Nazirliyinin işidirmi? Arxa cəbhədə hansı işlər görülməlidir? Ön cəbhə ilə arxa cəbhə arasındakı əlaqələr necə və hansı şəkildə qurulmalıdır?    

-Çox yaxşı sualdır. Biz bu məsələlərlə birinci və ikinci dünya müharibəsi ilə bağlı çəkilən filmlərdən tanışıq. Ordu döyüşü aparır, xalq və dövlət isə müharibəni. Yəni, müharibə və döyüş dövlət siyasətinin hərbi yolla öz hədəflərinə nail olmasıdır. Ordu nə qədər güclü olursa olsun, dövlətin digər qurumları bir-biri ilə əlaqəli, birgə işləmək planları nə qədər mükəmməl olsa, biz müəyyən təhlükələrdən bir o qədər sığortalanmış olarıq. Çünki müharibədə bütün dövlət qurumları iştirak edir. Arxa cəbhədə bütün müəssisələr aktivlik nümayiş etdirirlər. Bütün nazirliklər bu prosesə qoşulurlar. Bütün xalq iştirak edir. Gələcək müharibədə baş verə biləcək bütün risklər nəzərdən keçirilməlidir. Düşünürəm ki, Silahlı Qüvvələr döyüş tapşırığını yerinə yetirərkən digər qurumlar öz işini hansı formada yerinə yetirəcək, vəzifələri nələr olacaq, bütün bunlar spesfik şəkildə, mükəmməl formada işlənməlidir. Biz bu sahədə də işləyirik. Amma bu məsələyə daha çox diqqət ayırmalıyıq. Bu istiqamət üzrə islahatların daha çox aparılmasına ehiyac var. Biz orduda islahatlar aparmışıq. İndi bizim islahatlarımız ordu ilə qeyri-ordu qurumları ilə birgə fəaliyyətə yönəldilməlidir. Həmin qurumlar biz anti-terror əməliyyatlarına başlayan zaman mülki qurumların fəaliyyəti bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilsin. Bunlar mütəxəssislər tərəfindən işlənməlidir. Bu işləri canlandıraraq müəyyən təlimlər də keçirilə bilər. Yaxşı olardı ki, həmin təlimlərdə icra başçıları, icra başçısı aparatının nümayəndələri, cəbhə bölgəsində yerləşən icra nümayəndəliklərinin məsul şəxsləri iştirak etsinlər. O təlimlər zamanı görəcəyik ki, ortaya hansı risklər çıxa bilər. Onda biləcəyik ki, həmin qurumlarla hərbi hissələr arasında hansı əlaqələr qurulmalıdır. Mən yeni bir şey demirəm. Tarixə baxsaq görərik ki, böyük şəhərlərin müdafiəsi hansı formada təşkil edilib. Həmin vaxt mülki icra aparatı orqanları hərbi geyimdə hərbçilərlə birgə iş başında olublar. Birgə işləyiblər. 

-Ən müasir mobil avadanlıqlarla, silahlarla təchiz olunmuş Azərbaycan Ordusu sürətli və planlı bir əməliyyatla Dağlıq Qarabağda neçə günlük müharibədən sonra tam və qəti qələbə çala bilər?  

-Belə proqnozlar vermək biz hərbçilər üçün çox çətindir. Biz bu məsələdə daha həssasıq. Gəlin biz məsələyə başqa rakursdan baxaq. 1994-cü il, ordumuz çətin vəziyyətdə, “Horadiz əməliyyatı”... 2 gün ərzində 22 yaşayış məntəqəsini azad etdik. 30 kilometr irəlilədik. Birinci Qarabağ savaşından bu nümunəni götürüb indiyə tətbiq etsək, çox qısa müddətdə torpaqlarımızı düşmən tapdağından azad edə bilərik. İndi düşmənin dərinliklərdəki qüvvələri ilə maksimal məsafə 120-150 kilometrdir. Bəzi yerlərdə bu məsafə 40 kilometrdir. Həmin “Horadiz əməliyyatı”ndakı uğurları günlərə bölsək cavabı siz özünüz də tapa bilərsiniz. Mən həmin rəqəmi dilə gətirmək istəmirəm. Onu deyə bilərəm ki, bizdə döyüşləri qısa müddətə apara biləcək sərkərdarlar, bacarıqlı zabitlər var. Azərbaycanda böyük kadr potensialı mövcuddur. Həmin kadr potensialı istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Azərbaycan üçün Dağlıq Qarabağı azad etmək üçün çox qısa bir zaman ayrılıb.  Əks halda, beynəlxalq qurumlar bizə təsirlər göstərməyə başlayacaqlar. Biz bədnam qonşularımızın diasporalarının gücünü də bilirik. 1994-cü ildən bu günə kimi Minsk qrupu ancaq ermənilərə xidmət edib. Onlar ancaq Azərbaycan torpaqlarının işğal vaxtının uzadılması ilə məşğul olublar. Onlar imkan yaradıblar Ermənistan ordan-burdan silah tapsın. Bu gün də Minsk qrupunun nümayəndələri Ermənistana yardım edirlər. Amerika, Rusiya, Fransa Ermənistana yardım etməklə məşğuldurlar. Bunlar onu göstərir ki, Azərbaycan ATƏT-in Minsk qrupuna bel bağlamamlıdır. Məsələni çox ciddi qoymaq lazımdır. Bu günə qədər Azərbaycan Rusiyadan 5 milyard dollardan çox silah alıb. 50 milyard dollara qədər Silahlı Qüvvələrə vəsait xərclənib. Nəticə nədir – torpaqlarımız işğal altındadır. Danışıqlar masasından qalxan kimi Ermənistanın rəsmiləri bəyan edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın deyil. Baxın, dünya nə gündədir. Bir işğalçını yerində oturda bilmirlər. Bütün dünya – Rusiya, Amerika, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu cür nəhəng dövlətlər məgər cılız, balaca Ermənistana beynəlxalq hüquq çərçivəsində məsələnin həllini tələb edə bilməzlərmi? Eləyə bilərlər. Bu gün demokratiya adı altında Yaxın Şərqi hansı vəziyyətə salıblar?! Burada isə Azərbaycan torpaqları işğal olunub. Ermənistanın əvvəlki və indiki dövlət başçıları sülh çağırışlarına şərt qoyurlar. Deyirlər ki, o zaman sülhə gedərik ki, Azərbaycan ərazisində ikinci dövlət qurulsun. Yəni, Azərbaycan torpağında ikinci Ermənistan dövləti yaratmağı düşünürlər. Bu o deməkdir ki, Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirlər. Minsk qrupunun, böyük dövlətlərin 26-27 illik fəaliyyəti nəticəsində ermənilər bunu deyə bilirsə, deməli, aparılan danışıqlar heçdir. Ümumiyyətlə, Minsk qrupu lazım olmayan bir təşkilatdır. O zaman biz niyə bu qurumla işləməliyik?! Ermənistan indiyə kimi belə bir savadsızlıq və həyasızlıq nümayiş etdirməmişdi. Bu vaxta qədər biz beynəlxalq normalara belə bir hörmətsizlik, həyasız münasibət görməmişdik. Ermənistanın timsalında bunun da şahidi olduq. Beynəlxalq qurumlar bu həyasızlığın qabağını almaq istəmir. Onlar ala bilmirsə, Azərbayucan onların həyasızlığının qarşısını almalıdır. Çünki Azərbaycan torpaqları işğal olunub. Bizim torpaqlarımız işğaldan azad edilməlidir. Bunu da qısa zamanda həyata keçirməliyik. Biz bilirik ki, məsələ uzandıqca bizə qarşı təzyiqlər də uzanacaq. Yenə də Azərbaycanın əl-qolunu bağlamağa çalışacaqlar. Azərbaycanın böyük ürəyi, dözümlülüyü var. Ölkəmiz bu məsələni sülh yolu ilə həll etmək istəyir. Amma beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyümüz bərpa olunmalıdır. Münaqişə Ermənistanın xeyrinə həll edilməməlidir. Haqq-ədalət bərpa olunmalıdır. Ən çox 2 həftə ərzində öz torpaqlarımızı işğaldan azad etməliyik. Bu müddətdən o yana Azərbaycana təzyiqlər göstərməyə çalışacaqlar. Düşünürəm ki, anti-terror əməliyyatları aparmaq üçün biz bütün riskləri nəzərdən keçirməliyik. Bütün hərbi qüvvəmizi səfərbər etməliyik. Bir yumruq kimi birləşib o yumruğu düşmənə endirib ərazi bütövlüyümüzün bərpasına çalışmalıyıq. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev də söyləmişdir ki, əgər Ermənistan və Azərbaycanı təkbətək qoysalar bizim ordumuz qısa bir zamanda öz potensialını ortaya qoyaraq işğalçı qruplaşmaları darmadığın edib ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Ali Baş Komandan özü bu qiyməti Azərbaycan Ordusuna verib. Ona görə də düşünürəm ki, bütün bu silahlanmalar, bütün bu islahatlar Azərbaycan Ordusunun inkişafını yetərincə təmin edib. Əgər biz gücümüzü göstərsək, ermənilər bizim gücümüz qarşısında diz çökməli olacaq.

- Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” bəyanatına hərbçilərimiz, generallarımız səssiz qaldı. İşğalçı ölkənin baş nazirinə qalib komandan kimi cavabınız nə olardı?

 - Azərbaycan Ordusunun rəhbərliyi, yüksək rütbəli zabitləri yaxşı edib Nikol Paşinyanın bu kimi sərsəm bəyanatlarına cavab verməyib. Silahlı Qüvvələr öz sözünü döyüşdə deyir, sözdə yox. Paşinyan da küçə hərəkatından hakimiyyətə gəlmiş bir dövlət başçısıdır. Onun bəyanatlarına bizim hərbçilərimiz hər dəfə bəyanat verməli deyil. Hərbçilərimiz öz sözlərini hər gün poliqonlarda, təlimlərdə deyirlər.

- Moskvadakı "Frunze" adına akademiyanı bitirmiş odumuzdakı 6 zabitdən biri, Əliağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbiçisiniz. Bu gün ordumuzda sizin kimi dərslik yazan ixtisaslı hərbçi kadrlar yetişdirilirmi?

 - Azərbaycanda bu sahədə böyük işlər görülür. Bütün tədris müəssisələrində, bütün kafedralarda bütün sahələr üzrə dərsliklər, vəsaitlər hazırlanır. Bu gün Azərbaycanın ən müasir tələblərə cavab verən hərbi-elmi kitabxanası var. Demək istəyirəm ki, bizim zabitlər çox böyük işlər aparırlar. Artıq zabitlərimiz öz təcrübələrini yüksək peşəkarlıqla kitablara köçürürlər.

Siyasət rubrikasından digər xəbərlər