İstismar müddətini başa vuran avtomobillərlə bağlı hansı qərar verilməlidir? -  EKSPERTLƏR DANIŞIR 

16:12 09.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ətraf mühiti çirkləndirən vasitələrdən biri də avtonəqliyyatdır. Belə ki, il ərzində avtonəqliyyat 80 faizə qədər ətrafı çirkləndirir. Ekoloqların fikrincə avtonəqliyyat vasitələrində əsasən istismar müddətini başa vurmuş köhnə avtomobillər bu payda daha üstünlük təşkil edirlər.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl istismar müddəti tam bitmiş, istismara yararsız halda olan taksilər xətdən çıxarılacağı bildirilirdi. Eyni zamanda sovet vaxtı istehsal olunan maşınlar taksi xidmətindən kənarlaşdırılacağı ilə bağlı xəbərlər yayılsa da, hələki şəhərdəki mənzərə bunu deməyə əsas vermir.

Lakin ekologiyanın qorunması üçün bu addımlar yaxşı olsa da bəs iqtisadiyyat üçün hansı mənfi tərəfləri ola bilər? Bəzi bu tip maşınlarda taksi kimi istifadə edən insanlar var. Köhnə avtomobillərin, müasirləri ilə əvəzlənməsi üçün iqtisadi güc varmı?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri ekoloq Telman Zeynalov hafta.az-a danışarkən dedi ki, ilk növbədə maşınların keyfiyyəti yox, yanacağın keyfiyyəti ilə maraqlanılmalıdır:

“Əgər Azərbaycan öz yanacağını istehsal etsə - “Azəri 1”, “Azəri 5”, “Azəri 7” o zaman bütün maşınları istehsal etmək olar. Çünki hazırda dizel  yanacağı ilə işləyən avtomobilləri sıradan çıxarmaq istəyirlər. Əgər ölkəyə gətirilirsə, deməli icazələri vardır. İlk növbədə bunun qarşısını kəsmək lazımdır. Ondan sonra yeni qayda-qanunların tətbiqinə başlanılmalıdır. Belə olmasa köhnə maşınlar yenə gətirilib, satılacaq”.

İqtisadçı İlham Əzizov hesab edir ki, yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü il proqramı hazırlanıb, proqramda bu məsələyə toxunulub:

“Belə ki, istismar dövrü keçmiş, yararsız vəziyyətə düşmüş avtomobillərin sıradan çıxarılması öz əksini tapıb. Məsələ ondan ibarətdir ki, Sovet dövrü istehsalı maşınlar vardır ki, hələ də onlar istifadədirlər. Onlara təkər üstündə metal yığımı deyirlər. Əhalinin aşağı təminatlı tbəqəsi həmin maşınlardan bir vasitə kimi istifadə edirlər. Bu təhlükəli tendensiyadır, bunun qarşısı alınmalıdır. Həm proqramda bu avtomobillərin sıradan çıxarılması məsələsi qoyulub. Sovet maşınlarının istismardan çıxarılması əhali üçün nə qədər xeyir, nə qədər zərərli olması dövlət məsələsidir. Bu vəziyyətdən çıxmaq üçün dövlət müxtəlif addımlar ata bilər. Məsələn, dövlət əhalidə olan Sovet istehsalı olan, istismar müddətini başa vurmuş maşınları alıb, yerinə müasir tipli maşınları güzəştli verə bilər. Normal halda bunları etmədən, əhalinin əlində olan standartlara cavab verməyən maşını da almaq qeyri-qanunidir”.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun isə məsələyə münasibəti belə oldu:

“Birmənalı şəkildə istismara yaramayan avtomobil dövriyyədən çıxarılmalıdır. Bu o deməkdir ki, istismara yaramırsa deməli yol hərəkəti təhlükəsizliyi üçün bilavasitə təhlükə yaradan bir elementdir, eləcə də ekologiya üçün zərərlidir. Onun texniki baxış zamanı sitismara yararsız qərarı çıxarılırsa, təbii ki, istifadə olunması qadağan olunmalıdır. Təcrübə göstərir ki, Bakı şəhərində bu kimi avtomobillərin sayı kifayət qədərdir. Texniki cəhətdən yararlıdırsa, xarici görkəmi yararsız olsa belə onu dövriyyədən çıxarmaq çətin məsələdir. Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiqlənib. Proqrama əsasən, Nazirlər Kabineti  İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə 2019-2020-cu illərdə Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqini təmin etməlidir. Belə olan təqdirdə müəyyən məqsədlər üçün istifadə olunan, ama istismara yararsız avtomobillər utilizasiya proqramına cəlb oluna bilərlər. Utilizasiyadan əldə etdikləri gəlirlə normal avtomobillər ala bilərlər”.