“Ölkələrimiz arasında münasibətlər sürətlə inkişaf etməkdədir" – Nazir  

19:56 09.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın Azərbaycandakı Səfirliyi bu ölkənin Milli Günü münasibətilə rəsmi qəbul keçirib. Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin açılışında öncə Azərbaycan və İndoneziyanın dövlət himnləri səsləndirilib.

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fənani Milli Günün tarixindən söz açıb. Bildirib ki, İndoneziya “G-20”nin üzvü olaraq inkişaf etmiş iqtisadiyyata malikdir. O cümlədən, İndoneziya ASEAN ölkələrinin iqtisadiyyatında 40 faizi özündə cəmləyir. Azərbaycanla yaxşı əlaqələrə malik olan İndoneziyada demokratik idarəetmənin olduğunu vurğulayan səfir əlavə edib ki, bu gün ölkələrimiz ikitərəfli və beynəlxalq müstəvidə sıx əməkdaşlıq etməkdədir.

Səfir iki ölkənin parlamenti arasında yaxşı əlaqələrin olduğunu qeyd edib. Deyib ki, son beş ildə qarşılıqlı olaraq çox sayda yüksəksəviyyəli səfərlər həyata keçirilib. Hansı ki, bura elm-təhsil proqramları aid deyil, onlar ayrıca səfərlər edirlər.

Diplomat bir neçə gün sonra Bakıda açılacaq 4-cü İndoneziya Mədəniyyət Festivalından da söz açıb. Deyib ki, bu, ölkələrimiz arasında mövcud olan sıx mədəni əlaqələrin nümunəsidir.

Səfir qeyd edib ki, uzun illərdir, İndoneziya beynəlxalq miqyasda terrorla mübarizə aparır və bu məsələdə Azərbaycanla da sıx əməkdaşlıq etməkdədir.

Kənd təsərrüfatı nazıri İnam Kərimov deyib ki, son 27 il ərzində ölkələrimiz arasında münasibətlər inkişaf etməkdədir. "Ölkələrimiz arasında 10-dan çox sənəd imzalanıb, 20-dən artığına isə baxılmaqdadır", – deyən nazir əlavə edib ki, hökumətlərimiz əlaqələrin həcmini genişləndirmək əzmindədir.

İ.Kərimov qeyd edib ki, ikitərəfli ticarət dövriyyəsinin həcmi yüksək olsa da, mövcud potensiala cavab vermir. "Sənaye, kənd təsərrüfatı sahələrində, eləcə də turizm sektorunda əlaqələri genişləndirməklə ticarətin həcmini yüksəltmək mümkündür", – deyib nazir.

İndoneziya ilə Azərbaycan arasında dost münasibətlər mövcuddur. Cakarta Azərbaycanın dövlət müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə 24 sentyabr 1992-ci ildə qurulub. 2004-cü il fevralın 17-də İndoneziyanın Azərbaycanda Səfirliyi, iqamətgahı Ankarada olmaqla fəaliyyətə başlayıb. Hansı ki, İndoneziyanın Bakıda rəsmi şəkildə səfirliyi 2010-cu il dekabrın 2-də açılıb. Azərbaycanın İndoneziyadakı Səfirliyi isə 1 fevral 2006-cı ildən fəaliyyətdədir. Hazırda Azərbaycanın bu ölkədə səfiri Tamerlan Qarayev, İndoneziyanın Bakıdakı səfiri isə Hüsnan bəy Fənanidir.

Ölkələrimiz arasında parlamentlərarası dostluq qrupları çalışır. Azərbaycan tərəfdən bu qrupa millət vəkili Bəxtiyar Əliyev rəhbərlik edir.

Son dövrlərdə İndoneziya və Azərbaycan arasında münasibətlər sürətlə genişlənməkdədir. İndoneziya ilk gündən Azərbaycanla siyasi, iqtisadi, elmi, mədəni və sair müstəvilərdə əlaqələri genişləndirmək siyasəti yürüdür. O cümlədən, Qarabağ münaqişəsinin nizamlanması məsələsində birmənalı şəkildə Azərbaycana dəstək verir.

Azərbaycanla-İndoneziya yalnız ikitərəfli deyil, eləcə də beynəlxalq müstəvilərdə - İƏT, BMT, və sair kimi beynəlxalq təşkilatlar səviyyəsində hər zaman əməkdaşlıq etməkdədir.

İqtisadi əlaqələr də yüksək səviyyədədir. Düzdür, əvvəlki illərlə müqayisədə son illər ikitərəfli ticarətin həcmində azalma qeydə alınıb; məsələn: 2013-cü ildə ölkələrimiz arasında ticarətin həcmi 2,8 milyard dollardan yuxarı (2012-ci ildə 1,8 milyard dollar) olsa da, 2018-ci ildə bu rəqəm 655 milyon dollaradək azalıb. Bunun da 597 milyon dolları İndoneziyanın azərbaycandan məhsul idxalının payına düşür. İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fənaninin də dediyi kimi, ölkələrimiz arasında ticarətin həcmini yüksəltmək üçün potensial genişdir. Buna nümunə olaraq qeyd edək ki, hazırda İndoneziya neftə tələbatının 80 faizini Azərbaycandan idxal hesabına ödəməkdədir. Yəni illik 2,5 milyon barrel neft tələbatının qarşılığında Azərbaycandan ildə 2 milyon barrel neft alır.

Ölkələrimiz arasında elm, təhsil, mədəniyyət sahələrində də əlaqələr inkişaf etməkdədir. Bu gün İndoneziyanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələr təhsil almaqdadırlar. Tez-tez elmi-pedaqoji müstəvidə qarşılıqlı səfərlər təşkil olunur. Azərbaycanla-İndoneziya arasında qarşılıqlı şəkildə mədəniyyətlərin tanıdılması prosesi həyata keçirilir; məsələn: sentyabrın 13-də ölkəmizdə açılışı olacaq sayca 4-cü İndoneziya Mədəniyyət Festivalı üç gün ərzində azərbaycanlı tamaşaçılara təqdim ediləcək.

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq, İndoneziyanın ölkəmizdəki səfirliyinin, başda səfir Hüsnan bəy Fənani olmaqla, bütün diplomatlarını və digər indoneziyalıları təbrik edirik.

 

Gündəm rubrikasından digər xəbərlər