“25 il əvvəl imzalanan “Əsrin müqaviləsi”nin memarı ulu öndərimizdir” – Sona Əliyeva

16:41 18.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Düz 25 il öncə - 1994-cü il sentyabrın 20-də Azərbaycan hökuməti ilə 7 ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında “Azəri-Çıraq-Günəşli” üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Bu saziş sonradan “Əsrin müqaviləsi” kimi tanındı. Onun memarı ümummilli liderimiz Heydər Əliyev cənabları idi. Məhz onun uzaqgörən siyasəti nəticəsində dünyanın böyük şirkətləri Bakıya gəldilər. Bu sazişi imzaladılar. 2017-ci ilin sentyabrında isə həmin sazişin müddəti əsrin ortalarınadək uzadıldı. Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başladı”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatı və dövlətimiz üçün vacib strateji layihələrdən biridir: "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin Müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi”.

Millət vəkili bildirib ki, "Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı: “Müqavilə bağlanan zaman bütövlükdə Azərbaycanın ÜDM-un həcmi 400 milyon manatdan az idi. Artıq Azərbaycanın ÜDM-nun həcmi 82 milyard manatdan çoxdur. “Əsrin müqaviləsi” eyni zamanda Azərbaycanda digər müqavilələrin bağlanması, digər strateji qərarların verilməsi üçün bir baza formalaşdırıb. Bu əsas ixrac neft kəmərinin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verəcək. Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb olacaq. “Yeni əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoyur. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir”.

 

Siyasət rubrikasından digər xəbərlər