Qaradağda "Əsrin müqaviləsi" və Neftçilər gününə həsr olunmuş tədbir keçirilib

13:12 19.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi və 20 sentyabr – Neftçilər günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçının müavini Nadir Muradov, YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, başçının müavini Təranə İsmayılova, aparatın məsul işçiləri, rayonun neft sənayesi müəssisələrində çalışan neftçilər iştirak ediblər.

Hafta.az yazır ki, Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycanla dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının iyirmi beşinci ildönümü tamam olunmasını, bu tarixi hadisənin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib. Qeyd edib ki, 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün olub. Həmin gün Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalanıb. "Bu müqavilələr Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib. Milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, on illərlə imperiya maraqlarına xidmət etmiş karbohidrogen ehtiyatlarının qüdrətli və inkişaf etmiş Azərbaycanın formalaşması üçün istismarı, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atılıb. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi", - N.Muradov deyib.

O, əlavə edib ki, "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verib. 1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlanıb. 2005-ci ilin fevralında isə "Azəri- Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına start verilib. "Əsrin müqaviləsi"nə ilkin qoşulan şirkətlər bunlardır: "AMOKO", "Yunokal", "Pennzoyl" (ABŞ), "Britiş Petroleum, "Remko" (Böyük Britaniya), "Statoyl (Norveç), "LUKoyl" (Rusiya), "Türk Petrolları" (Türkiyə), "Delta" (Səudiyyə Ərəbistanı). "Sonradan müqaviləyə "İtoçu" (Yaponiya), "Ekson", "Amerada Hess" (ABŞ) şirkətləri də qoşulub. Milli Məclisin ratifikasiyasından dərhal sonra neft-qaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri layihəsinin hazırlanması və reallığa çevrilməsi mühüm rol oynayır. Bu layihənin də baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur. 1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin inşa edilməsi haqqında ilk saziş imzaladılar. ATƏT-in İstanbul sammitində (1999, 18 noyabr) ABŞ prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsi imzalandı. 2002-ci il avqustun 18-də Səngəçal terminalında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilib. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, 13 oktyabrında isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması mərasimi keçirilib. 2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə veriləcək", - çıxışda qeyd olunub.

"Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isə Türkiyə ərazisindən keçir. Kəmər ildə 50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək qabiliyyətindədir H. Əliyevin bu layihənin gerçəkləşdirilməsində əvəzsiz xidmətləri qiymətləndirilərək "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinə onun adı verilib.

Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev bildirib ki, 1994-cü il sentyabrın 20-də Bakıda Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalanandan sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən bu hadisə həm də yenicə müstəqillik əldə etmiş Azərbaycanın gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrilib. Qeyd etdi ki, "Əsrin müqaviləsi"nə gedən yol müxtəlif çətinliklərdən və maneələrdən keçərək, Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Prezident Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdı.

YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov vurğulayıb ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş qarşıdurmasına son qoyuldu, ictimai-siyasi sabitliyi bərqərar oldu, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldıldı, xarici sərmayələrə ciddi dövlət təminatının verildi. "Qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və haqqında bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Prezident Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasət yürüdərək bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə “Əsrin müqaviləsi”ni pozmaq planlarını puça çıxardı. O, müdrikcəsinə bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarına toxunmur, əksinə, bölgədə hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır. Ulu Öndər həm də xarici neft şirkətləri ilə Azərbaycanın imzalayacağı bütün neft-qaz müqavilələrinin şərtlərini bizim milli maraqlara maksimum dərəcədə uyğunlaşdıra bildi. Həmin dövrdə cənab İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin edilməsi onun müdrik və uzaqgörən addımlarından biri oldu. Xarici neft şirkətləri ilə aparılan danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səriştə və bacarıqla təmin etdi", - millət vəkili deyib. 

Tədbirin sonunda Rayon İcra Hakimiyyəti başçısının müavini N.Muradov İcra Hakimiyyəti adından rayonun neft sənayesi müəssisələrində çalışan neftçiləri peşə bayramı münasibətilə təbrik edib.

Sosial rubrikasından digər xəbərlər