"Deputatlarımızın açıq və gizli şəkildə biznesləri var"- Sabir Rüstəmxanlı-MÜSAHİBƏ

13:14 05.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Parlament haqqında o vaxt nə düşünürdümsə, indi də onu düşünürəm. O vaxtda  parlamentdə xeyli mənəvi haqqı olmayan, hüquqi haqqı olmayan adamlar var idi, indi də var. Millət vəkilinin kommersiya ilə məşğul olması qanunla qadağandır. Amma deputatlarımızın açıq və gizli şəkildə biznesləri var”.

Bunu hafta.az -a müsahibəsində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sentyabrın 26-da Vətəndaş Həmrəyliyi Partiyasının yaranmasının 27 ili tamam oldu. Daha uzun ömürlü olsun. Sabir müəllim partiya yaradıb onu yaşatmaq, siyasi sferada onun lazım olduğunu sübut etmək çətin olmadımı?

- Şüphəsiz ki, çətindir. Azərbaycanda çoxpartiyalılıq yeni bir hadisədir. Böyük ənənəsi olmayan bir işdir. 1992-ci ilin çox ağır və mürəkkəb günlərində yaratndı partiyamız. Azərbaycanda bir çoxları hələ SSRİ-nin bərpa olunacağını düşünürdü. Separatçılıq böyük təhlükə mənbəyinə çevrilmişdi. Belə bir vaxtda düşündük ki, siyasi proseslərdə VHP-na ehtiyac var. Vətəndaş birliyi milli birliyin əsasıdır.

- Azərbaycan dövləti Türkiyəyə baxanda balaca dövlətdir. Onun üçün müqayisə bir az yanlış çıxar. Türkiyədə partiyalar hər zaman ölkənin siyasi görüşlərində tez-tez çıxışlar edirlər. Təkliflər verirlər. Bizdə isə bir- iki partiyadan başqa heç çoxu tanınmır. Qeydiyyata alınıb, çəkilib kənara. Belə partiyaları yaşatmaq, büdcədən pul ayırmaq lazımdırmı?

- Bizim partiya vətəndaş həmrəyliyini və bu termini Azərbaycanın siyasi həyatına gətirib. O vaxta qədər bu termin siyasi proseslərdə olmayıb. Bu gün insanların şüarlarından biri vətəndaş həmrəyliyi, vətəndaş birliyidir. Vaxtı ilə vətəndaş adı altında bir sıra qrumlar da yarandı. Əlbəttə, ənənə olmadığına görə, hərkəs bir dəbə uyub partiya yaratmaq həvəsinə düşdü. Əslində mən xalq hərkatının, Azərbaycan Xalq Cəbhəsinin partiyaya çevrilməsinin tərfdarı deyildim. Çünki müharibə bitməyib, düşmənlə üzbəüzük. Belə bir vaxtda bizim əsas məqsədimiz torpağımızı qorumaq, bir yerdə mübarizə aparmaq olmalı idi. Hədəf bəlli idi. Müharibəni qurtarmalı idik. Çoxpartiyanın yaranması müəyyən ayrıseçkiliyə yol aça bilərdi. Bu nəzərə alınmadı. Bu çox yanlış idi. Məncə bu gün də onun haqqında düşünülməlidir. Bir neçə tarixi partiyalar olub ki, bəzilərini bərpa etmək olardı. Bizdə qeydiyyatdan keçmiş 50-dən çox partiya var. Adı var, özü yox...  Bu kimi siyasi qrumların sayı yüzdən artıq. Təbii ki, bunlar istər-istəməz fikir ayrılığı yaradır, bir sıra iddialar meydana çıxır. Bunları həm də yaşatmaq lazımdır. Hansı yolla yaşadırlar. Bu çox çətin məsələdir. Parlementə düşən partiyalara müəyyən miqdarda vəsait ayrılır. O vəsait böyük deyil. Partiyanın inkişafı üçün şərait yarada bilmir. Sadəcə müəyyən mənada qrumun adını qoruyub saxlamağ niyyəti daşıyır. Bizim iki deputatımız parlamentdə olduğuna görə, maliyələşirik. Bu da minimum bir vəsaitdir. Onunla ancaq bir 10-15 nəfərə minimum əmək haqqından bir az yuxarı maaş vermək olur. Buna da sevinirik. Olmayanda partiyanı saxlamaq çox çətindir. Mən və mənim çevrəmdə olan adamlar heç biri xarici yardıma, qrantlara, gizli yolla verilən pullara göz tikməmişik. Həmişə şəffaflığın tərəfdarıyıq. Kiminsə əlinə göz dikməkdənsə, öz dövlətimizdən maliyyələşmək daha yaxşısıdır.

- İqtidar-müxalifət bir araya gəldi. Müzakirələr aparıldı. Bu addımı necə qiymətləndirirsiniz, lazım idimi?

- Hər halda bu ideyanın özü tələb edir ki, partiyalar arasında düşmənçilik olmasın. Bir-birləri ilə əməkdaşlıq proqramları genişlənsin. Bu çox vacibdir. Əvvəllər də İqtidar-müxalifət partiyası ilə dialoqumuz olub. Sonradan o bağ qırıldı. Proses dayandı. Həyat özü tələb edir ki partiyalar bu kimi görüşlər keçirib, müzakirələr aparsınlar. İqtidar-müxalifət qarşıdurmaları bir yana, müxalifət partiyalarının öz aralarında ittihamları olur, mətbuatda etikadan kənar ifadələr işlədirlər. Buna görə də bu dialoq lazımdır. Ermənistanı müdafiə edən qüvvələrin təziqi Azərbaycana qarşı ildən-ilə artır. Bütün bunlar müzakirə olunmaldır. Fəzail Ağamalının keçirtdiyi dəyirmi masanın əsas məqsədi xarici qüvvələrin Azərbaycana qarşı müdaxiləsinin qarşısı alınması idi. Mən özüm orada iştirak etməmişəm deyə o haqda geniş danışa bilmərəm. Ona görə də bu məsələ daimi gündəmdə olmalıdır. Bir dəfə keçirilmə ilə nəyəsə nail olmaq olmaz. Ölkə bizimdir. Bu məsuliyyət təkcə hakimiyyətin yox, eləcə də cəmiyətindir. Hamı bir olmalıdır.

- Artıq millət vəkili mandatından uzaqdasız. Qıraqdan baxanda necə görünür. Millət vəkillərimiz öz vəkillik borcunu layiqincə yerinə yetirə bilirlərmi? Əgər bilirlərsə niyə bu qədər sosial mediada müzakirə olunurlar...

- Mandat məndən kənardadır, mandat mənim cibim deyil (gülür). Parlamentdə olmadığıma görə ciddi peşmançılıq hissi yaşamıram. 25 il oldum və sözümü də həmişə demişəm. Parlament haqqında o vaxt nə düşünürdümsə, indi də onu düşünürəm. O vaxtda  parlamentdə xeyli mənəvi haqqı olmayan, hüquqi haqqı olmayan adamlar var idi, indi də var. Millət vəkilinin kommersiya ilə məşğul olması qanunla qadağandır. Amma, deputatlarımızın açıq və gizli şəkildə biznesləri var. Ticarətdən başlamış, tikinti sahəsinə qədər biznes fəaliyyəti ilə məşğul olan millət vəkilləri var və bunu hərkəs bilir. Bilə-bilə bu qanunu niyə pozurlar? Yəni o adamları əvəz edən yoxdur? Mən hesab edirəm ki, gələcək seçkilərdə parlamentin tərkibi dəyişilməlidir, hər şey qanun çərçivəsində olmalıdır. Həm qanun pozulur, həm də parlamentdə heç bir iş görmürlər. Onlara lazımdır mandat və nüfuzdan istifadə etmək. Bu dövlətə onlar nə verirlər? Gərək bunlar müzakirə olunsun və gələcək seçkilərdə mütləq nəzərə alınsın.

- Millət vəkili vəsiqəni qoyub pul götürür. Yəni bu vəsiqə belə məişət problemlərini həll etmək üçün verilir?

- Mən Rafaelin biznes fəaliyyəti ilə və yaxud hansısa iqtisadi sahədə bir iş görməsi ilə maraqlanmamışam. Rafaelə hörmətlə yanaşmışam, münasibətimiz də yaxşı olub. Mənim üçün bu işlər qaranlıqdır. Onu bilirəm ki, mandat vəsiqəsini girov qoyub pul götürmək olmaz. İnanmıram özünə hörmət edən banklar belə bir iş görsün. Burada bankın özünün də marağı olub. Mandatını təhvil verdi, yəqin ki, bu araşadırılacaq. Toxunulmazlıq aradan götürüləndən sonra, hüquq-mühafizə orqanları geniş şəkildə araşdırma aparacaq.

- Bu faktlar birinci dəfə deyil. Məmurlar öz vəzifəsindən kənarlaşdırılandan sonra onların haqqında küllü miqdarda korrupsiya halları aşkarlanır, biznesləri ortaya çıxır. Bu işi kökündən həll etmək olmazmı, məmur olduqları vaxt araşdırılsın, şəffaflaşdırılsın?

- Bəli, deputat seçilməzdən öncə, namizədliyi irəli sürülündə həm qazancı, həm də fəaliyyətinin şəffaflığı öyrənilsin. Ondan sonra millət vəkilliyi qeydə alınsın. İndi əslində heç yoxlamaq da lazım deyil. Hər şey göz qabağındadır. Bəziləri də öz adı ilə yox, başqalarının adı ilə bizneslə məşğul olurlar. O, himayədarlıq edir, başqaları onun işini görür. O halda araşdırılıb uzaqlaşdırılmalıdır.

- Yardımlı- Masallı rayonu üzrə deputat seçilirdiniz. Az müddət bu rayonların deputatı olmadınız.  Deputat olduğunuz müddət rayona baş çəkəndə sizi nigaran qoyan, hələ də onu edə bilərdim dediyiniz məqam varmı?

- Nəsə istəmişəm edim, amma alınmayıb. Bəli, buna bənzər hadisələr olub. Məni ağrıdan Yardımlının ümümi vəziyyətidir. Narahatam ki, məhz bu rayona hər zaman ögey münasibət olubdur. Yolu, qazı, işığı hər zaman sona saxlanılıb. Başa düşmürəm qonşu rayonlara daha çox sərmaye qoyulur. Ancaq Yardımlı unudulur. Təbiəti, coğrafi relyefi heç də başqa rayonlardan geri qalmayan bir rayona belə biganəlik məni incidir. Sərhəd məntəqəsi açıla bilər. Ümümi şəkildə rayonun vəziyyəti yaxşı deyil. Dağlıq rayondur, vəziyyəti yaxşılaşdırmaq üçün bir proqram hazırlanmalıdır. Nazirlər kabineti bu rayonun vəziyyətinə, insanların güzəranın yaxşılaşdırılması istiqamətində addımlar atamalıdır. Kəndlərdən camaat köçüb gedir, kəndlər boşalır. O kəndlərə insanların qayıtması üçün dövlət maraqlı olmalıdır. Sərhəd rayondur. Gözəl təbiəti var. Turizm üçün çox yaxşı gəlirli yer ola bilər. Mən deputat olmayanda da bu haqda düşünmüşəm. Cavanlıq vaxtlarımda bu haqda yazmışdım: “Abadlıq yoldan başlanır”. Yardımlının o vaxt yolları yaxşı deyildi. Millət vəkili olanda da yol, işıq, qaz məsələsi düşündürüb.  Tez-tez gedirəm, camaatla görüşürəm.

- Bəs nə yaxşı Musa Yaqub kimi bir dəfəlik qayıdıb orada yaşamadınız?

-  Mənim ən böyük arzumdur. Rayonda evim var. Düzdür təmirə ehtiyacı var. Bir balaca bağ da salmışam rayonda. Gavran kəndindən ən yaxın dostum var idi. Məktəbli vaxtı dost idik. O, həmişə deyirdi ki, bu yüksəklikdə bir bağ salaq. Məsələ reallaşanda o, dünyasını dəyişdi. Gələcəkdə arzum var ki, orada poeziya evi tikim. İmkan olanda edəndə edəcəm. Yardımlıda yaxşı ziyalılar var, rahatlıqla yığıla bilsinlər. Çox istəyirəm gedim. Bütün istəkləri yerinə yetirmək olmur. Ancaq mən tək deyiləm, ailə var. Yoldaşımın gedib orada yaşaması çətindir, o, da işləyir. Sonra siyasi partiya var. O zaman gərək siyasətdən tamamilə uzaqlaşım. Bakıdan uzaqlaşmaq istiyirəm. Yardımlıdan ideal yer yoxdur: sakit, havası təmiz. Bizi Allah məhkum edir. Bir yandan verir, bir yandan kəsir. Çıxılmaz bir vəziyyətdə qalmışam. Onun əvəzini tez-tez getməklə çıxıram. Hər ay gedirəm.

- Sabir bəy, siyasətdən uzaq olanda ədəbiyyatla məşğul olduğunuzu demişdiz. İkisini bir araya sığışdırdığınız. Deyəsən qalib ədəbiyyat oldu...

-  Çətin işdir. Siyasətə biz dəvətlə, zorla gəlmişdik. “ömür” kitabım çıxmışdı. O kitab çox geniş yayılmışdı. Meydana çıxıb ilk çıxışı edəndə xalq o meydandan buraxmadı məni. Nemətlə 18 gün meydanı idarə etdim. Sonra Xalq Cəbhəsi yarandı uzaqlaşa bilmədim. Qarabağın mətbuat qəzeti yox idi. İstəyirdim o qəzeti yaradam. Sonra “Azərbaycan” qəzetini yaratdıq, milli qəzet oldu. Sonra Azərbaycan Respublikasının Mətbuat və İnformasiya naziri olduq və partiya yarandı.  Müstəqil dövləti qorumaq üçün öz gücümü sərf etmək məni siyasətə bağladı. Ancaq indi başa düşürəm, ömür gedir, vaxt azalır. Bir çox şeylər vardır ki, onlar yazılmalıdır. Mən siyasətə qarışmamışdan öncə ancaq şeir kitabları çap etmişdim. 6 şeir kitabı çap olunmuşdu. Siyasət çox vaxt alır. Buna baxmayaraq bu neçə ildə irihəcimli kitablar, seçilmiş əsərlər və s. kitablarım çap olunub. Bu dövrlərdə məni publisistika və nəsr çəkib. Siyasət qələmimi susdurmayıb, buna sevinirəm.

- Mövlud Süleymanlı dedi ki, dayanmadan gecə-gündüz yazıram. Nəticəsi olacaq. Sükutu pozacaq. Siz yeni nə yazırsınız? Artıq bütn mövzular cəmiyyətə məlumdur. Belə halda sükutu pozmaq necə baş verə bilər?

- Çox yaxşı sualdır. Mən”Dərdə əyilmə”ni yazanda o qədər publisist yazılarım kənarda qaldı ki... Baxdım ki, elə yazılar var mən onu doxsanıncı illərdə yazmışam. Bu il də həmin dərdlər də var. Onları təzədən yazmaq olmur. Cəmiyyətimizin bütün tərəfləri gözümüzün qabağındadır və yazmışıq. İndi nəsə yazmaq istəyim gələndə, baxıram ki, onu yazmışam. Amma bədii sahənin imkanları sonsuzdur. Dediklərim publisistikaya aiddir. Gücün, vaxtın varsa yaza bilərsən. Bu gün mən vaxt problemi yaşayıram. Oturmasan yaza bilməzsən. Yaşın bu kimi problemləri var. Son vaxtlar tənbəlləşmişəm. Buna baxmayaraq yazmadığım gün yoxdur. Ya şeir, bir yazı yazıram.

- Bu il üç şair Xalq yazıçısı titulu verildi... Maraqlıdır bizdə təkcə o yazıçılar o titula layiq idi? Düzdür o adı Prezident verir. Amma Vaqif Bayatlı, Salam Sarvan, Seyran Səxavət də var. Yetərincə məşhurdurlar...

- Bunu hakimiyyət, yəni dövlət verir. Burada bizim fikrimiz nəzərə alınmır. AYB və Mədəniyyət Nazirliyi və nəhayət Prezident sərəncam verir. Ona görə də hesab edirəm ki, mənim rəyim nəyisə dəyişməz. Amma onu bilirəm ki, xaricdə yaşayan şairimiz Məmməd İsmayıl, Vaqif Bayatlı, nəsrdə Seyran Səxavət bu adlara layiqdirlər. Bəlkə Salam Sarvan gəncdir? Neçə yaşı var?

- Təxminən 50 yaşdan yuxarı olmalıdır...

- Ola bilər ki, şair kimi o adı almağa layiqdir. Amma yaş etibari ilə gəncdir. Dediyim adamlar layiqdir. 70 yaşı var. Seyranının da 74 yaşı var. Bunların yaradıcıllığı bu adın verilməsinə haqq qazandırır.

- Fəxri adların verilməsi yaşla bağlıdırmı, ola bilməz ki, yaşı az olsun amma yetərincə istedadlı mətnlər ortaya qoymuş olsun. Belə yazarlara vermək olmazmı?

- Mütləq deyil bu meyar, doğru deyirsiniz. Ancaq yaş da nəzərə alınır. Onu da deyim ki, tək yaşa görə verilmir ki. Yaşa görə ancaq yubiley keçirilir. Amma, təəssüf ki, belə meyar yoxdur ki, adamı qoyasan və onun istedadını çəkəsən. Azərbaycan ədəbiyyatında mənzərə genişdir. Orada hər kəs özünü istedadlı hesab edir. Seçilənlər var. Tədricən istedadlı adamlar geridə qalmır. Bu ada əslində ehtiyac yoxdur. Mənə Xalq şairi adını verəndə dedim ki, hakimiyyət mənim sirrimi açdı. Çünki meydanlarda mənə xalq şairi deyirdilər. 2005-ci ildə bu ad mənə veriləndə, çoxları yazdı ki, sən xalq şairi deyildin? Xalq şairiliyi üçün təkcə istedadla yanaşı, xalqın həyatında, keçdiyi yollarda xidmətlər olmalıdır. Xalq arasında geniş tanınmaq da əsas məsələdir məncə.

- AYB-yə gedib-gəlirsinizmi heç?

- Gedirəm, bəli.

- AYB –də yeni qurtultayın keçirilməsi nəzərdə tutulur. Anar müəllim  müsahibəsində yenidən sədrlik pozduna namizəd ola biləcəyini deyib. Namizədliyini irəli sürərsə dəstəkləyəcəksinimiz?

- Mənim Anara böyük hörmətim var. Həm də bir neçə dəfə onun haqqında da məqalələrimdə yazmışam. Əvvəlki qurultaylarda da müdafiə eləmişəm. Mənə elə gəlir ki, bu bəyanatı zarafatdır. İnanmıram. Mən o bəyanata zarafat kimi baxıram. Anar müəllimin o yaşıdır ki, o ağırlıqlar, mübahisələr onun nəyinə lazımdır? İndiyə qədər şövqlə işləyib. Bundan sonra onun üçün çətin olar. Mən istəyirəm Anar uzun ömür sürsün. Öz yaradıcıllığına daha çox vaxt ayırsın. AYB idarəçilik istəyir. Anarın yazdığını başqası yaza bilməz, ancaq AYB-nin görülməli işlərini başqaları da görə bilər.

- Sabir müəllim, şeirlərinizə məşhur mahnılar var. Sizin qəlbinizə ən doğma olan şeirinizdən bir-iki misra deməyinizi istərdik?

- Burda qəm qarışıb, sevinc qarışıb.

yağış damlaları hopubdur yerə.

Bəlkə yol deyildir, buluddan düşüb.

Şaxəli ildırım sərilib yerə...

Dağ yollarının mənzərəsi həmişə mənə nəyisə xatırladıb. Yaxud ...

Üç addım yer ayır, kənd qəbiristanı,

günlərin birində qayıdacağam...

Tez-tez bu misralar mənim ürəyimdən keçir...Xatirələr yada düşür.