"Özbəkistanla Azərbaycan arasında ticarətin həcmi real potensialı əks etdirmir" - Məmməd Musayev

15:16 07.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Daşkənddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) üzvü olan ölkələrin Biznes və İnvestisiya Forumu keçirilib.

Hafta.az yazır ki, Özbəkistan baş nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarovun moderatorluğu ilə keçirilən Foruma Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev rəhbərlik etdiyi 55 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də qatılıb. Forumda tikinti materiallarının istehsalı, dərman vasitələri, kənd təsərrüfatı, turizm, qida sektoru, tekstil, informasiya və rabitə texnologiyaları, kimya, neft və qaz sənayesi, maşınqayırma, elektrik mühəndisliyi və digər sahələrdə çalışan, müxtəlif türkdilli ölkələrdən gələn 400-dən artıq iş adamı iştirak edib.

Forumun rəsmi hissəsində çıxış edən Özbəkistan baş nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarov türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev Özbəkistanın bu quruma üzv olmasını mühüm hadisə adlandırıb. Bildirib ki, bundan sonra üzv ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində ikiqat artıq işlər görüləcək.

ASK prezidenti Məmməd Musayev prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlərin ölkə iqtisadiyyatının inkişafına əsaslı dərəcədə təsir göstərdiyini deyib. M.Musayev bu ilin altı ayında Azərbaycanın qeyri-neft sənayesinin 15,7 faiz, ticarət dövriyyəsinin 20 faizdən çox, qeyri-neft ixracının 15 faiz, kənd təsərrüfatı məhsullarının istehsalının isə 13 faiz artdığını vurğulayıb.

M.Musayev həmçinin Azərbaycanla Özbəkistan arasında ticarət münasibətləri barədə məlumat verib. Bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il 43,9 milyon dollar təşkil edib. Hansı ki, bu, 2017-ci illə müqayisədə 46,3 faiz artım deməkdir və bu tendensiya 2019-cu ildə də davam edib və bu ilin 7 ayı ərzində Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz yüksələrək 38,6 milyon dollara çatıb.

Qeyd edək ki, hazırda Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və digər sahələri əhatə edən Özbəkistan kapitallı 30-a yaxın şirkət, Özbəkistanda isə Azərbaycan kapitallı 80-ə yaxın şirkət fəaliyyət göstərir. Bununla belə, ticarət dövriyyəsinin və qarşılıqlı iqtisadi münasibətlərin inkişafı üçün münbit şərait mövcuddur.

"Hesab edirik ki, Özbəkistanla Azərbaycan arasında ticarətin həcmi ölkələrimizin real potensialını əks etdirmir. Hər iki ölkə bu sahədə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir", - M.Musayev deyib.

Forumda digər ölkələrin nümayəndələri də çıxış edərək əlaqələrin daha da genişləndirilməsi istiqamətində həyata keçiriləcək işlərdən danışıblar.

Biznesforum çərçivəsində türk dünyası iş adamlarının ikitərəfli görüşləri də keçirilib.

Biznes və İnvestisiya Forumu çərçivəsində, Daşkənddə Türkdilli Ölkələrin Biznes Şurasının İdarə Heyətinin görüşü də keçirilib. Görüşdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri iştirakçı, Macarıstan nümayəndələri müşahidəçi, Türkmənistan nümayəndələri isə qonaq qismində iştirak ediblər. Həmin görüşdə Türkdilli Ölkələrin Biznes Şurasının İdarə Heyəti üzvlərinin məruzələri dinlənilib.

Özbəkistan Ticarət-Sənaye Palatasının sədri Adxam İkramov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev, Türkiyə Ticarət Palatası və Birjasının prezidenti çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin əhəmiyyətindən danışıblar.

Türk Şurası Ticarət-Sənaye Palatasının sədri Rifat Hisarçıklıoğlu Türk Şurasının yaradılması bu ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsinə, iqtisadi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasına təkan verdiyini vurğulayıb və Türk Şurasına daxil olan ölkələr arasında xarici ticarət əlaqələrinin inkişafına ciddi önəm verilməsinə ehtiyac olduğunu bildirib.

ASK prezidenti Məmməd Musayev iştirakçıları, bu ilin 14-15 oktyabr tarixlərində Bakıda Türk Şurasının Zirvə Görüşü çərçivəsində keçiriləcək biznesforuma dəvət edib: “Sevindirici haldır ki, türkdilli dövlətlər arasında ticarət əlaqələri gündən-günə güclənir və düşünürəm ki, bu sahədə hələ çox işlər görməliyik. Azərbaycan prezidenti İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişafına böyük önəm verir. Azərbaycan türkdilli ölkələrin iqtisadiyyatına 15 milyard dollar sərmayə qoyub və bu istiqamətdə işlər davam etdirilir”.

Görüşdə digər ölkələrin nümayəndələri də Türk Şurasının dirçəldilməsi ilə bağlı öz fikirlərini bölüşub.

Daşkənddə keçirilən Biznes və İnvestisiya Forumu dünən öz işini başa çatdırıb.

Sosial rubrikasından digər xəbərlər