Azərbaycanın Koreyaya verdiyi dəstəyi yüksək qiymətləndiririk” – Səfir Kim Tonq Op

20:12 08.10.2019
Yazını böyüt
Yazını kiçilt

Bakıda Koreya Respublikasının milli bayramı – dövlətin yaranması günü və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Koreyanın ölkəmizdəki səfiri Kim Tonq Op Koreyanın müstəqillik tarixindən söz açıb. Bildirib ki, iki ölkə arasında diplomatik əlaqələr qurulaından sonra bir çox sahələrdə qarşılıqlı münasibətlər inkişaf etdirilib. Azərbaycanın Koreya ilə bütün sahələrdə geniş əməkdaşlığını yüksək qiymətləndirdiklərini deyən səfir bildirib ki, 4352 illik tarixə malik bir xalq olaraq koreyalılar sülh və sabitlik üçün hər zaman səylərini əsirgəməyib. 

İki ölkə arasında diplomatik əlaqələrin tarixinə toxunan səfir bu əlaqələrin 1992-ci ildə qurulduğunu deyib və əlavə edib ki, Azərbaycanla müxtəlif sahələrdə yaxın əməkdaşlıq mövcuddur. 

Şimali Koreyanın nüvə proqramının bütün region üçün təhlükəsi barədə danışan diplomat ölkəsinin bu problemin sülh yolu ilə həllinə çalışdığını qeyd edib, Azərbaycanın bu məsələdə Cənubi Koreyaya verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb.

Qarabağ münaqişəsinə toxunan səfir deyib ki, rəsmi Seul bu məsələnin ədalətli və sülh yolu ilə həllini istəyir. O, 2014-cü ildən etibarən səfirlik tərəfindən Dağlıq Qarabağdan olan məcburi köçkünlər üçün davamlı dəstək proqramlarının həyata keçirldiyini diqqətə çatdırıb. Deyib ki, SEBA - Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosasiyası qaçqın və məcburi köçkünlərin dərdini bölüşmək və onlara dəstək vermək üçün hər zaman hazırdır və bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir.

Səfir mədəniyyət və təhsil sahəsində əməkdaşlığın xalqlar arasında münasibətləri daha da dərinləşdirdiyini qeyd edərək bu sahədə bir sıra işlərin görüldüyünü diqqətə çatdırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edərək deyib ki, Azərbaycanla Koreya arasında siyasi, iqtisadi, maliyyə, elektron dövlət, nəqliyyatın intellektual idarə olunması və fövqəladə hallar sahəsində 50-dən çox sənəd imzalanıb. 

Nazir bildirib ki, son illər ərzində iki ölkə arasında iqtisadi əlaqələr dinamik sürətlə inkişaf edir: “Azərbaycanla Koreya arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə 227 milyon dollar təşkil edib. Bu 2017-ci illə müqayisədə 2.6 dəfə artıqdır. Son dövr ərzində Koreya şirkətləri Azərbaycanın infrastrukturunun modernləşməsi istiqamətində genişmiqyaslı layihələrdə iştirak edib”.

Nazir deyib ki, Koreya beynləxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyir.O, iki ölkə arasında münasibətlərin bundan sonra daha da dərinləşəcəyinə inamını ifadə edib.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrə bir az da müəllifin gözü ilə nəzər salaq:

Bu gün ölkələrimiz arasında iqtisadi-ticarət münasibətləri durmadan inkişaf edir. Azərbaycan tərəfi yüksəkkeyfiyyətli, rəqabətə davamlı məhsullara böyük maraq göstərdiyinə görə Koreya ilə bu sahədə əməkdaşlığa böyük diqqət yetirir. Təsadüfi deyil ki, ötən il ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 226,8 milyon dollara yaxın olub. Azərbaycan tərəfi Koreyadan əsasən siqaret, dərman preparatları, ölçü, nəzarət, tibbi və cərrahiyyə alətləri və aparatları, rentgen avadanlıqları, polietilen, propilen, neft-qaz kəmərləri üçün borular, boyanmış, laklanmış və ya plastiklə örtülmüş, eni 600 mm-dən çox olan yastı polad prokatı, məişət cihazları, optik və fotoqrafika, elektrik və elektronika avadanlıqları, radioelektronika, nəqliyyat vasitələri - avtobus, minik və yük avtomobilləri, həmçinin onların ehtiyat hissələri, minik avtomobilləri üçün təzə pnevmatik rezin şinlər, digər maye nasosları, havanın kondisiyalaşdırılması üçün qurğular və kondisionerlərin hissələri, kassa aparatları alır. Əvəzində isə, Azərbaycan Koreyaya xam neft, neft emalı məhsulları, kimya məhsulları, əlvan metallar, qara metallar və məhsulları, kənd təsərrüfatı emalı məhsulları, elektrik mühərrikləri ilə təchiz edilmiş digər məişət maşınları, yataq ləvazimatları və sairə ixrac edir.

İki ölkə arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi hər iki respublikanın yüksələn xətlə inkişaf sürətinin təmin edilməsinə kömək edir. Azərbaycan gənc dövlət kimi dost Koreyanın iqtisadi sahədə təcrübəsindən bəhrələnməkdədir. Ölkəmizdə yaradılmış əlverişli şərait Koreya şirkətlərinin fəaliyyəti üçün geniş imkanlar açır. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda 74 Koreya şirkəti fəaliyyət göstərir.

Ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlıq inkişaf etdirilir. 2019-cu ilin avqustunda Koreya Regionların İnkişafı İnstitutu və Kooperativ İnkişaf İnstitutunun nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Rəsmi Bakı bu qənaətdədir ki, Koreyanın aqrar sahədə zəngin təcrübəsindən bəhrələnmək müsbət nəticələr verə bilər.

Hər iki ölkədə biznesforumlarının keçirilməsi səmərəli xarakter alıb. Son dəfə 2019-cu ilin sentyabrında Bakı Biznes Mərkəzində Azərbaycan-Koreya biznesforumu keçirilib. Onun işində hər iki ölkədən qida sənayesi, kimya, toxuculuq, kosmetik məhsullar və digər sahələrdə fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.

Mədəniyyətin müxtəlif sahələrində, eləcə də turizm sahəsində əlaqələr də sürətlə inkişaf etməkdədir. 2018-ci ildə 7854 Koreya vətəndaşı Azərbaycana səfər edib. Koreyaya səfər edən azərbaycanlıların da sayı artmaqdadır. Təhsil sahəsində əlaqələr durmadan güclənir. Dünyada ən çox mütaliə edənlərin koreyalı gənclər olduğunu düşünəndə bu ölkədə elmə, təhsilə marağın həm əhali arasında, həm də dövlət siyasətində böyük olduğunu görmək olar. 1994-cü ildən Azərbaycan Dillər Universitetində Koreya dili tədris edilir, 2011-ci ildən Naxçıvan Dövlət Universitetində Koreya Mərkəzi fəaliyyət göstərir. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsində Koreyaşünaslıq ixtisası 2007-ci ildən açılıb və son 12 il ərzində bu ixtisas üzrə 64 nəfər məzun olub.

Azərbaycanla Koreya arasında diplomatik münasibətlər 1992-ci il martın 23-də qurulub. Koreyanın ölkəmizdə səfirliyi 2006-cı il martın 4-də, Azərbaycanın Koreyada səfirliyi isə 2007-ci il martın 7-də yaradılıb. Hazırda Azərbaycanın Koreyada səfiri Rəmzi Teymurov, Koreyanın ölkəmizdəki səfiri isə Kim Tonq Opdur.

Ölkələrimizin parlamentləri arasında da əlaqələr inkişaf etməkdədir. Hazırda Milli Məxlisdə Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupun sədri Malik Həsənovdur.

Koreya Milli Assambleyasında isə, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Sudur.  

İndiyədək Azərbaycanla Koreya arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 60-dan çox hüquqi sənəd imzalanıb.

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Koreya Respublikasının ölkəmizdəki səfiri cənab Kim Tonq-Opu və səfirliyin bütün əməkdaşlarını təbrik edirik.

Siyasət rubrikasından digər xəbərlər