Həftənin “hökumətşünası” - Həftə-reytinq

18:35 11.10.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun Baş nazir təyin olunmasından bəhs edən keçmiş  hökumət başçısı Artur Rasi-Zadənin "Baş nazirlik asan vəzifə deyil” deməsinə digər sabiq  Baş nazir Pənah Hüseyn  belə  münasibət bildirdi:  “Artur Rasi-Zadə, sanki məsələni bir qədər şişirdir. Xüsusən Artur müəllim kimi baş nazir işləmək heç də çətin deyil. Ölkədə icra hakimiyyətinin başçısı Prezidentdir və əsas ağırlıq Prezidentin üzərindədir. O baxımdan, indiki vəziyyətdə baş nazir işləmək elə də çətin deyil. Baş nazir indi icra məmuru kimidir. Baş nazir faktiki olaraq nə siyasi, nə iqtisadi kursu müəyyən edir. Kurs Prezident tərəfindən müəyyən olunur. Şübhəsiz, baş nazirin hazırlıqlı, vacib sahələri dərindən bilməsi, səviyyəli olması vacibdir...”.

 

Həftənin “Tayqa adamı”

Rusiya Prezidenti Vladimir Putin ad günü ərəfəsində uzaq Sibirdə, Tayqada təbiət qoynunda dincəldi. Prezidentin mətbuat katibi Dmitri Peskovun bildirdiyi kimi, Tayqada payız mənzərələrinə tamaşa edib. Peskov Putinin bu gün tamam olan 67 yaşını da təbiətin qoynunda, yaxınlarının və əzizlərinin əhatəsində qeyd edəcəyini deyib. Putinin Tayqa gəzintisinə dair videokadrlar yayılıb. Kadrlara əsasən, Putin Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Tayqa meşələrini gəzir, dağlara qalxır və tonqal qalayıb kiçik piknik təşkil edir. Rusiya Prezidenti qalxdığı zirvədən aşağıda qalan ağ buludları seyr edir, “buludlardan da yüksəyə qalxdıqlarını” bildirir. Putinin dediklərindən belə məlum olur ki, onun qalxdığı zirvə dəniz səviyyəsindən 2 min metr yüksəklikdədir.

 

Həftənin “musiqişünası”

İntellektualların  bayağı ifaçı saydığı Üzeyir Mehdizadəni REAL-ın sədri İlqar Məmmədovun “istedadlı musiqiçi” adlandırmasına ADP sədri belə münasibət bildirdi:  “Üzeyir kütlə, məişət şüuru üçün istiqamətlənmiş adamdır, heç bir görkəmli bəstəkar, dahi şəxs, sənəti dərk edən şəxs ona qulaq asmaz. Üzeyir Mehdizadə ilə Üzeyir Hacıbəylini bir tərəziyə qoymaq olmaz. Kiminin Enrikdən, kiminin Merkuridən, kiminin Ceksondan xoşu gələ bilər. Mən zövqümə uyğunlaşdırıb deyə bilmərəm ki, filankəs “1” nömrədir. Bəlkə İ. Məmmədovun zövqünə uyğundur. Bu halda zövq müzakirə edilməz. Zövq həqiqət deyil. İ. Məmmədov deyirsə, Üzeyir yaxşıdır, deməli, yaxşıdır. Mən ki demirəm, bu onun zövqüdür. Axı Üzeyirin oxuduqlarında azadlıq, sosial yük bir yana qalsın, heç ülvi məhəbbət də yoxdur. Onun oxuduğu “O qız mənim olmalıdır, heç kəsə qismət olmasın”, “Onunla küsmüşəm, məni barışdırın”... Bu musiqilərdə nə məna var? Sadəcə, Üzeyirin də öz dinləyiciləri, belə desək, müştəriləri var...”.

 

Həftənin “Putin mükafatçısı”

“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Rusiyanın “Puşkin” medalı ilə təltif edildi. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Qeyd edək ki, Rusiyanın “Puşkin” medalı mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.

 

Həftənin “diasporşünası”

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Konqresmenlərin Qarabağa səfəri, ermənilərlə sıx əlaqələri həm də Azərbaycanın Amerikadakı diasporunun zəif fəaliyyətinin nəticəsi deyilmi?” sualını bu cür cavablandırdı: “Azərbaycan diasporu təbii ki, Amerikada çox zəifdir. Ermənilərin milyardlara malik, güclü diasporu  orada fəaliyyət göstərir, illərlə kök salıblar, təşkilatlanıblar. Eyni zamanda, erməni diasporu Avropada da öz işini görür. Bu mənada onlarla güc nümayiş etdirmək çətindir. Bizim diasporumuz hələ təzə başlayıb, ermənilər isə Amerikada çoxdan təşkilatlanıblar. Hesab edirəm ki, ABŞ və Avropa mediası ilə əməkdaşlığımız olmalıdır, beynəlxalq ictimaiyyətə sözümüzü çatdırmalıyıq...”.   

 

Həftənin “maşın savaşçıları”

“Maşın şou”da  aktrisa Zümrüd Qasımova ilə Xalq artisti Fatma Mahmudova arasında dava yaşandı. Şouda yayımlanan süjetdən bəlli olub ki, Xalq artisti ad çəkmədən iştirakçılardan birinə söz atıb və ondan incikliyini dilə gətirib: "Mənim heç kim ilə işim yoxdur. Amma kiminsə mənimlə işi olsa, getməyinə səs istəyəcəm. Mənimlə kəllə-kəlləyə gəlməyin. Bir nəfər hörmətsizlik etdi, ondan üzümü döndərmişəm". Qasımova isə ona söz atıldığını anladığı üçün həmkarından həmin sözlərin ona aid olub-olmadığını soruşub. Cavabında isə aktrisa "Sən kimsən? Sən heç kimsən" sözlərini eşidib. Bu zaman Z.Qasımova Mahmudovanın ünvanına “Ayıb olsun sizə!” ifadəsini işlədib. “Ayıb olsun sənə ki, yaşca səndən böyük insana bu cür ifadə işlədirsən. Mən ayaqüstə qalmışdım, mənə yer vermədin. Səni sildim”, – deyə Mahmudova cavab verib. Şounun aparıcısı M.Dadaşov mikrofonu Z. Qasımovaya uzadıb. O isə barışdıqlarını bildirib və Xalq artistindən üzr istəyib. Fatma Mahmudova isə barışıq olduğunu kinayə ilə dilə gətirib.

 

Həftənin “döyüş məsləhətçisi”

Əfsanəvi boksçu Mayk Tayson “UFC” üzrə iki çəki dərəcəsində sabiq dünya çempionu Konor Makqreqora müraciət ünvanladı. O, pabda yaşlı kişini döydüyü üçün məhkəmə önünə çıxacaq həmyerlisinə məsləhət verib. M. Tayson bildirib ki, 6 aya qədər həbs gözləyən amerikalı döyüşçü daha təmkinli olmalıdır: “Konor özündən niyə belə etdiyini soruşmalıdır. Bu cür problemlərin yolunu biz bilmirik. Birdən milyonlarla dollar qazanmağa başlayırıq. Bizim heç vaxt bu qədər pulumuz olmayıb. Ailəmiz belə zənginlik görməyib. Təmkin yox, bu durumda nə etmək anlayışı yox. Hətta düşünməyə başlayırsan ki, bütün bunlara layiq deyilsən”. Qeyd edək ki, K. Makqreqor həbslə yanaşı, 1500 dollar cərimə də oluna bilər.