"Pensiya yaş həddi ilə bağlı qızıl ortanın tapılması vacibdir" - Fərqli baxış

12:13 15.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Hər il gündəmə gələn məsələlərdən biri pensiya yaşının artırılması olur. Bu mövzu geniş müzakirələrə yol açır və sonda elə yaş həddi qaldırılır. Bu il də artıq gecikmədən belə bir təklif oldu.

"Son 2 il ərzində Azərbaycanda sosial müdafiə sahəsində ciddi dəyişikliklər baş verib".

Bunu Milli Məclisin Əmək və əhalinin sosial mudafiəsi komitəsinin sədri Hadi Rəcəbli MDB iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXll iclasında bildirib. Elektron idarəetmə sisteminin yaradılmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirən deputat, bunun vətəndaş-məmur arasında münasibətləri minimuma endirdiyini diqqətə çatdırıb: "Milli Məclis bu sahədə ciddi və mühüm qanunla qəbul edib. Bəzi hallarda bu qanunların qəbulu böyük əks-səda doğurub. Əhali ilə, jurnalistlərlə əlaqələr kifayət qədər yaxşı qurulub və ciddi təbliğat gedir. Biz islahatlar apardıq və pensiya yaşı 65-ə çatdırıldı. Pensiya təyinatının elektron forması çox vacib idi. Əhalinin 80 faizi evdə otura-otura ona təyin olunan pensiyanı SMS və e-mail vasitəsilə asanlıqla ala bilir. Bu tədbirlər nəticəsində 4 milyon 200 mindən çox vətəndaşın rifah halı yaxşılaşıb". H.Rəcəbli qeyd edib ki, bu sahədə Azərbaycanın zəngin təcrübəsi var: "Hazırda Rusiya və digər ölkələrdə toplanan əmək pensiyası staj kimi qəbul olunmur. Əhalinin işləməsi və yüksək maaş alması onların pensiyasına təsir etmir. Düşünürəm ki, bu sahədə qarşılıqlı əməkdaşlıq aparmaq mümkündür. Azərbaycan və Rusiyanın əmək və əhalinin sosial müdafiəsi nazirlikləri arasında saziş imzlanaması üçün danışıqlar gedir. Düşünürəm ki, saziş imzalandıqdan sonra Rusiyada yaşayan azərbaycanlıların pensiya təminatı ilə bağlı məsələlər öz həllini tapacaq".

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, pensiya yaşının qaldırılması dünyanın inkişaf etmiş ölkələrində də mövcuddur:” Və Avropada da pensiya yaşı qaldırılır. Azərbaycan dövləti əsaslandırma aparanda bunları misal çəkir. Dünyada qəbul olunub ki, orta yaş həddi pensiya yaş həddindən 10 il az olmalıdır. Əhalinin orta yaş həddi 75-sə, yaşı 67-ə qədər qaldırmaq olar.  Real statistika aparılsa yaş həddi 70–dən az olar. Həmçinin əhalinin rifah halı da düşünülməlidir.  Mən hesab edirəm ki, pensiya yaşı 55 və maksimum 60 olmalıdır ki, pensiya fondu o adamın yaşadığı on il ona xidmət göstərmiş olsun. Yəni yaşadığı müddətdə on il pensiya ala bilsin. Əgər 70 yaşda pensiya almağa başlayıb bir il sonra öləcəksə heç ona pensiya ayrımağa ehtiyac qalmır. Təəssüf ki, dünyada gedən tendensiyadan sui-istifadə edilir”.

İqtisadçı xarici ölkələrdə çalışan vətəndaşların DSMF ödəmələri məsələsinə də münasibət bildirdi:

“Xaricdə yaşayan vətəndaşların vergi, DSMF ödəməsi məsələsi ölkələr arasında müqavilələrlə həyata keçirilə bilər. Rusiya və Türkiyədə yaşayan Azərbaycan vətəndaşı həm o ölkələrin, həm öz ölkəsinə pul ödəməlidir deyə bir şey yoxdu. Müqavilə bağlanır ki, Rusiyada işləyən Azərbaycan vətəndaşı ya ora, ya da Azərbaycana pul ödəyir. İkisindən birində vergi ödəyicisi olur. İstənilən halda xarici dövlətin hesabına ödəsə belə, o gələcəkdə pensiyyaa çıxanda o dövlətin hesabından vəsait mənsub olduğu dövlətin hesabına köçürülür. İndiki prinsip odur ki, işləyən adamın gələcək üçün pensiya təminatını qazanmış olur”.

İqtisadçı ekspert İlham Əzizov isə dedi ki, minimum pensiya həddinin real minimum yaşayış həddinə çatdırılması ən vacib məsələlərdəndir:

“Pensiya yaşının artırılmasına iki fərqli baxış var. Bir tərəfdən dünyada və Azərbaycanda əvvəlki illərdən insan ömrü uzanmaqdadır. Ona görə bəzi kateqoriya insanlar çalışmaq istəyir, pensiyaya çıxmaq istəmirlər. Bir kateqoriya insanlarsa tez pensiyaya çıxmağı məqbul görürlər. Pensiyaya çıxmaqla pensiya məbləgi arasında düz mütanasiblik vardır. Pensiya məbləği nə qədər çox olarsa, vətəndaş o qədər pensiyaya tez çıxmağa meyilli olur. Bu da ölkədə əmək bazarı, işçi qüvvəsi sayı baxımından araşdırılmalıdır.Bu baxımdan qızıl ortanın tapılması vacibdir. Bu məsələdə hər bir ölkənin özünün xüsusiyyətləri vardır. Yəni başqa ölkələrlə müqayisə yetərli olmaya bilər. Kişilər üçün pensiya həddinin 65 yaşa çatdırılmasını məqbul hesab edirəm. Bu həmin kəsimin iqtisadi fəallıgının artmasına da rəvac verər. Ölkədə 1milyon 400 minə yaxın pensiyaçı var. Bu həm də büdcənin hazırkı durumu baxımından da faydalı ola bilər”.

Ekspertin fikrincə, xaricdə yaşayan vətəndaşların DSMF yə cəlb olunması məsələsi düzgün ritorika ilə deyilmədiyinə görə səhv başa düşülüb: “Məsələ ondan ibarətdir ki, Rusiyada yaşayan və Rusiya pasportu gəzdirən vətəndaşların çoxu əslində rəsmən bizim vətəndaşlardı. Və zaman zaman ölkəyə qayıdırlar. Pensiya ölkədə DSMF-yə yığımla tənzimləndiyinə görə, vətəndaş ahıl çagında vətənə dönəndə pensiya problemi yaşayacaq. Bununla belə hələlik xaricdə yaşayanların DSMF-yə yıgım etmə mexanizmi olmadıgından, məsələ hələlik öz həllin tapa bilməz və iqtisadi diletantlıqdan başqa bir şey deyil”.

Sosial rubrikasından digər xəbərlər