“Media ilə sıx təmas quracam” - Türkiyə səfirliyinin yeni mətbuat müşaviri

15:39 21.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin ölkəmizdəki səfirliyinə yeni təyin edilmiş mətbuat müşaviri Hüseyn Altınalan jurnalistlərlə tanışlıq görüşü keçirib.

Özü, fəaliyyəti haqda söz açan müşavir əlavə edib ki, o, Azərbaycanda olduğu müddətdə media ilə sıx təmaslar quracaq. H.Altınalan deyib ki, özü də keçmişdə mətbuat işçisi olub. Hətta son vaxtlaradək Anadolu agentliyinin İstanbul bürosunun rəhbəri vəzifəsində çalışıb. Ona görə də, jurnalistlərlə daha sıx əməkdaşlıq edə biləcəyinə inanır.

Türkiyəli diplomat daha sonra şəxsi ilə bağlı Hafta.az-a eksklüziv məlumatlar verib. Bildirib ki, hələ liseydə 1-ci sinifdə oxiyarkən ilk məqaləsi dərc olunub, 3-cü sinifdə oxuyanda isə artıq reportajı işıq üzü görüb: “Mən də jurnalistəm. Həmişə Yaxın Şərq üzrə mütəxəssis olmaq istəmişəm. Amma nə edim ki, gözüm Balkanlarda və Qafqazda olub. Qafqazı çox sevirəm. Necə də sevməyim ki, sadəcə adımız fərqlidir, coğrafiyamız eyni, əmiuşaqlarıyıq, ürəyimiz bir döyünür. İnşallah gələcəkdə daha yaxından tanış olanda Türkiyədə çalışdığım müddətdə Azərbaycan haqqında nələr yazdığımı da danışaram” deyən H.Altınalan bildirib ki, Səlcuq Universitetində təhsilini başa vurduqdan sonra ali təhsilini daha da təkmilləşdirmək üçün Mərmərə Universitetinin İnformasiya fakültəsinə daxil olub və burada “Ümumi jurnalistika” ixtisası üzrə təhsil almağa başlayıb. Hazırda İstanbul Universitetinin doktoranturasında təhsilini davam etdirir.

Diplomat deyir ki, təcrübəsindən yararlanaraq bir sıra universitetlərdə jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə dərs deyib. Eyni zamanda, bu dövrdə paralel olaraq “Milliyyət” və digər qəzetlərdə işləyib. Bu müstəvidə Anadolu Agentliyinin Yaxın Şərq redaksiyasının müdiri vəzifəsində çalışdığını xüsusi vurğulayan H.Altınalanın sözlərinə görə, Bakıya təyinat almadan əvvəl 5 il idi ki, Anadolu Agentliyinin İstanbul ofisinin rəhbəri vəzifəsində işləyirdi.  

Diplomat deyib ki, indiki təyinatından əvvəl də dəfələrlə Azərbaycanda olub. Amma təəssüf edir ki, hər dəfə gələndə sadəcə paytaxt Bakını görüb, bölgələrə getmək imkanı tapmayıb. Buna baxmayaraq, o, Göyçayda hər il noyabrın birinci həftəsində ənənəvi olaraq təşkil edilən məşhur Nar festivalında iştirak etməyi düşünür.

H.Altınalan Azərbaycana gəlişindən öncə bir azərbaycanlı millət vəkili ilə söhbətindən qısa xatırlatma da eləyib. Deyib ki, adını çəkmək istəmədiyi azərbaycanlı millət vəkili ilə Türkiyədə baş tutan görüşündə ona Azərbaycanda çalışmağı çox istədiyini, amma xarici ölkədə bunun çətinlik yarada biləcəyindən çəkindiyini deyib. Millət vəkilimiz də ona bildirib ki, Azərbaycan xarici ölkə deyil, Türkiyə qədər dogma olan vətənidir.

Diplomat sonda bildirib ki, həmişə Azərbaycanın adı dilində olub. Hətta tanışları ona “O qədər Azərbaycanda işləmək istədiyini dedin ki, sonunda arzuna çatdın” deyirlərmiş. Beləliklə, İnformasiya  nazirliyinin təqdimatı, prezidentin təsdiqi ilə H.Altınalanın arzuları gerçəkləşir və Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri təyin edilir…

 

Siyasət rubrikasından digər xəbərlər