Sumqayıtda müasir avtobuslarda kondisioner sistemi niyə işləmir? - Reportaj

14:16 08.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İnsanların gündəlik həyatında ictimai nəqliyyatın rolu böyükdür. Artıq bir neçə ildir ki, Bakı şəhərində köhnə sərnişin avtobusları yeniləri ilə əvəz edilir. Müasir avtobuslar görnüşü, geniş salon, oturacaqların rahatlığı ilə ilə yanaşı, isti və soyuq aylarda müasir kondisioner sistemi ilə də insanları məmnun edir.

Paytaxt Bakı ilə yanaşı ikinci müasir şəhərimiz - Sumqayıtda da bu cür avtobuslar fəaliyyət göstərir. Belə ki, artıq ikinci ildir ki, icra hakimiyyətinin tabeliyində olan avtobuslar vətəndaşlarına xidmət göstərməkdədir.

Əvvəllər bu avtobuslar şəhərə gətirildikdə vətəndaşlar sevinirdi ki, yayda sərin, qışda isti avtobuslarla mənzil başına çatacaqlar. Lakin bu belə olmadı. Elə yayda isti, qışda da soyuq avtobuslarla mənzil başına çatırlar. Dəyişən bir məqam var ki,  avtobusların rəngi çox gözəldir.

Sakinlər də, bu cür vəziyyətdən narazıdırlar.

Şəhər sakinləri hafta.az-a danışaraq vəziyyətin xaotik olduğunu dedilər:

"Sürücülər bəzən keflərinə düşəndə kondinsionerləri qoşurlar. Bəzən də nə qədər desək də, nəyisə bəhanə gətirirlər..."

Avtovağzala yaxın dayanacaqda dayanıb, buradan keçən avtobusların kondisionerlərinin qoşulu olub-olmadığını araşdırmağa çalışdıq. Lakin görünən o oldu ki, ən çox sərnişin daşıyan avtobuslar belə kondisionerləri qoşmurlar.

Dayanacaqda dayanmış üç nəfər -  ata, ana, qızı... avtobus gözləyirlər. Yaxınlaşıram, soruşuram ki, ən çox istifadə etdiyiniz hansı avtobusdur?

Sakinlər deyir ki, 7, 30...

"İstifadə etdiyiniz avtobuslarda sərinlik necədi, razısınızmı?" sualına isə cavab olaraq eyni sözləri eşidirik - kondisionerləri qoşmurlar. Son iki gündür ara-sıra qoşurlar.

Elə bu an “7” nömrəli marşrut dayanacaqda saxlayır. Pəncərələr açıq. Sərnişinlər qollarını açıq yerdən çölə çıxarıb, sərinləmək istəyirlər...

Növbəti avtobus dayanır. Onun da pəncərələri açıq. Bu yerdə demək istəyirəm ki, kondisionerlər qoşulduqda bütün pəncərələr bağlanır. Şəkillərdən də görmək mümkündür ki, pəncərələr açıqdır...

Avtobus sürücülərindən kondisionerləri niyə qoşmadıqları ilə bağlı soruşuram.

Cavabları təqdim edirik:

- “Motora ziyandır, çəkmir”.

- “30 qəpik pul verirlər, sərf eləmir”.

- “İcazə yoxdur, bizim üçün fərqi yoxdur, qoşuldu, qoşulmadı”.

- “Əvvəllər belə avtobuslar heç yox idi, dinib danışmırdınız”.

- “Bizə niyə deyirsiniz, nömrə var, danışın dərdinizi onlara deyin”.

Təbii ki, Sumqayıt şəhəri üzrə yüzlərlə avtobus var. Belə bəhanələrdə çoxdur.

Bu istilərdə mövzunun aktuallığını nəzərə alıb kiçik bir ekspermentdən sonra düşündük ki, əslində hüquqi müstəvidə bu necə tənzimlənməlidir. Sualımızı hafta.az-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov dedi ki, bir neçə ildir, Bakıda bu cür problemləri aradan qaldırmağa çalışırlar. Lakin hələ də problem kökündən həll olunmayıb, bölgələrdə isə vəziyyət acınacaqlıdır:

“Bu günlərdə apardığımız bəzi müşahidələr də göstərdi ki, əksər avtobuslarda yenə də kondisionerlər ya işləmir, ya da çox az soyutma effekti verir. Bu da əhalinin əksər vaxt narazılığına səbəb olur. Məsələn, yaxın günlərdə mindiyim avtobusda özüm də bunu müşahidə etdim. Sərnişinlər narazılıq bildirsə də, sürücü reaksiya vermirdi. Hiss olunurdu ki, aşağı dərəcədə işləyirdi. Digər bir tərəfdən, Bakıda hələ bu vəziyyət hökm sürürsə, bölgələrdə demək daha acınacaqlıdır. Sumqayıt, Gəncə kimi şəhərlərin ictimai-nəqliyyat sektoru bilavasitə yerli icra orqanlarının lisenziyası əsasında tənizmlənir”.

Ekspert məsələnin çıxış yolu kimi hesab edir ki, bölgələrdə  lisenziya verən kimdirsə - hansısa şirkət, orqan, qurum - o bu məsələlərə zaman nəzarət etməli, problemi aradan qaldırmalıdır:

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Avtomobil Nəqliyyat Xidməti kimi yüksək strukturların fəal müdaxilələri nəticəsində sərnişin daşıma xidmətlərini həyata keçirən fiziki şəxslər, hüquqi şəxslər avtobusların kondisionerlərinin saz vəziyyətdə olmasını təmin edə bilərlər. Təbii ki, əhali də bu prosesdə kifayət qədər aktivlik göstərməlidir. Aidiyyatı qurumlara müraciətlər ünvanlamalıdırlar. Belə halda insanlara adekvat cavablar verilər. Problem qismən də olsa öz həllini tapa bilər. Problemin özü tək Sumqayıt, Gəncə üçün yox ümümrespublika səviyyəsində aktualdır. Düşünürəm ki, Bakıda bu problem kökündən tam həll etdikdən sonra, bu modeli bölgələrdə də tətbiq edə bilərlər”.