“Deyəsən Eyfel qülləsi tikirlər" - "Şamaxinka"dan reportaj

15:20 13.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Şamaxinka” adlanan ərazidə bir müddətdir ki, tikintisinə başladılan yerüstü piyada keçidinin inşası hələ də başa çatmayıb. Nədənsə heç kimə bəlli olmayan körpüdə gah işlər gedir, gah da körpü yarımçıq vəziyyətdə usta yolunu gözləyir.

Hafta.az olaraq biz də yolumuzu oradan saldıq. Körpüdə hazırda işlərin aparıldığının şahidi olduq. Keçiddə həmçinin əlillərin də rahatlıqla istifadəsi üçün şərait yaradılıb. Dəmir lövhələr rənglənib, sürahilər də öz yerində. 

Ərazidə işləyən ustalar keçidin inşasının dəqiq nə zaman yekunlaşacağını bilmədiklərini söylədilər. Üzümüzü ərazidə olan vətəndaşlara tutduq. Onlar da bildirdilər ki, uzun müddətdir bu iş başlayıb. "Biz də sizin kimi gözləyirik ki, görək bunun axırı nə olacaq" deyirlər:

“Deyəsən Eyfel qulləsi tikirlər. Başımız çıxmır, elə nə zaman baxırsansa iş gedir, ancaq hələ bir şey yoxdur. Son günlər işlər daha sürətli gedir. Yəqin yekunlaşdırarlar”.

Başqa sakinlər də, əsasən də bu ərazilərdən keçən insanlar körpünün tez bir zamanda bitməsini istəyirlər:

"Axı iş getmir, getsə tez bir zamanda bitər. Həm buradan əks istiqamətə keçmək istəyənlər keçiddən istifadə edər, həm də insanlar üçün narahatçılıq yaranmaz. Görünən odur ki,  tez bir zamanda başa çatdırılmayacaq".

Həmçinin o ərazidə rayonlara işləyən taksi sürücülərini daha çox görmək olur. Yəni, günün istənilən vaxtı “Ağsu”, “Şamaxı” adlarını oradan eşitmək mümkündür. Maraqlıdır, Beynəlxalq Avtovağzal Kompileksi həm şəhərdaxili, həm rayonlara işləyən avtobuslar üçün nəzərdə tutulsa da “20 Yanvar” ərazisi Sumqayıt- Bakı avtobusları ilə yüklənir. “Şamaxinka” ərazisi də rayonlara işləyən taksilərlə...

Bəs körpünün istifadəyə veriləcəyi tarix nə zamandır? Yasamal Rayon icra Hakimiyyətindən sualımıza cavab axtarmaq istəsək də, qurumun mətbuat xidmətinin rəhbəri Gülşən Hüseynova bu barədə hələ heç bir məlumatı olmadığını bildirdi:

"Bizdə bu barədə məlumat yoxdur".

Əslində biz məlumat istəmirik. Əsas odur ki, keçid tezliklə insanların istifadəsinə verilsin və həmin ərazidə illərdir təhlükəli vəziyyətdən şikayətçi olan sakinlərin problemləri həll edilsin...