"Doğma ölkəndə sənə və ailə üzvülərinə təhlükə yoxdursa, tərk etməyə dəyməz"- Müsahibə

16:09 14.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan kənarda ölkəmizi layiqincə təmsil etmək hər bir azərbaycanlının mənəvi borcudur. Bunun üçün ölkəmizin dilini, coğrafiyasını, tarixini bilmək yetər ki, ölkən haqqında ağız dolusu danışasan. Bu gün isə ölkəmizi Amerikada təmsil edən  jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Elman Eldaroğlu ilə söhbətləşmişik. Hafta.az müsahibəni təqdim edir. 

- Elman bəy, ənənəvi olaraq Elman Eldaroğlu kimdir sualı ilə başlamaq istəyirəm...

- Allahın qulu, milyardlarla insandan biri...

-  Ölkə mətbuatında xeyli müddət çalışmısız, baş redaktor olmusuz... Necə oldu qəzet yaratdınız, qəzet yaratmaq asan idimi, yoxsa...?

- Qəzet yaratmaq asan, onu oxunaqlı etmək, oxucu auditoriyası yığmaq çətindir.

- Yəqin ki, ona görə qəzetin ömrü uzun çəkmədi?

- 2008-ci ildən qəzet fəaliyyətə başladı. 2015-ci ilə qədər Amerikaya gedənədək qəzet mütamadi işıq üzü görürdü.

- Xeyriyyə Cəmiyyəti də yaratmışdız. Onun taleyi necə oldu?

- Bəli, 2007-ci ildə xeyriyyə cəmiyyəti yaratmışdıq. Həmin təşkilatın da aqibəti qəzetimiz kimi oldu. Mənim Amerikaya getməyimlə bağlı onun da fəaliyyəti donduruldu.

- Bir müddətdir Amerikada yaşayırsız. İstəyirdik Amerikada yaşayan azərbaycanlılardan bəhs edəsiniz. Tez-tez görüşürsünüzmü həmyerlilərimizlə?

- ABŞ çox maraqlı ölkədir. Dünyanın hər yerindən olduğu kimi, Azərbaycandan da orada insanlar var. Mən onların bir çoxu barədə silsilə məqalələr yazıb ölkə mətbuatında oxuculara təqdim etmişəm. 150-yə yaxın məqalə yığılıb. Düşünürəm ki, onlardan bir kitab hazırlayıb, ictimaiyyətə təqdim edəm.

- Sirr deyil ki, artıq bir müddətdir azərbaycanlılar üz tutub Amerikaya gedirlər. Bu cəlbediciliyin kökündə nə dayanır sizcə?

- Hər kəs xoşbəxtliyi haradasa axtarır. Yəqin ki, həmin insanlar öz xoşbəxtliyini Amerikada tapacaqlarına inanırlar...

- Bir fikir var deyirlər: “Azərbaycanda müəllim işləməkdənsə, Amerikada taksi sürərəm”. Razısınızmı, orada taksi sürüb pul qazanmaq belə rahatdı?

- Amerika Birləşmiş Ştatları vəhşi kapitalizmin tüğyan etdiyi bir ölkədir. Orada yaxşı yaşamaqdan ötrü yorulmadan çalışmaq lazımdır. Məncə, doğma ölkədə sənə və ailə üzvülərinə təhlükə yoxdursa, vətəni tərk etməyə dəyməz. Rusların bir məsəli var, tərcüməsi təxminən belədir: Harda doğulmusansa, orada daha çox lazımlısan.

- Qeyd etdiniz ki, orada yaşayıb-yaradan həmyerlilərimizlə də görüşüb, yazılar yazırdız...

- Burada olduğu kimi, orada da maraqlı soydaşlarımız yetərincədir. Müxtəlif sahələrdə uğur qazanan soydaşlarımız haqqında yazıb onları vətəndə tanıtmaqdan gözəl nə ola bilər ki... ABŞ böyük ölkədir. Həm də istədim ki, orada yaşayan azərbaycanlıları bir-birinə tanıtdırım. Yəni, ölkənin bu başında məskunlaşan soydaşımız, o biri başında yaşayandan xəbəri olsun.

- Yazdığınız yazıların, müsahibələrin Amerika mətbuatında işıqlanması üçün səy göstərmisinizmi?

-Xeyr. Bu Amerika mətbuatı üçün elə də maraqlı mövzu deyil.

- Yerli mətbuat o yazılara görə sizə qonarar ödəyirmi?

- Hər yazım təxminən 20-25 saytda işıq üzü görür. Buna görə heç vaxt qonarar almamışam. Mən bu işi təmənnasız görürəm.

- İngilis dilini bilirsiniz, Amerikada nə əcəb qəzetləriə iş üçün müraciət etmədiniz?

- İngilis dilini orta səviyyədə öyrənə bilmişəm, sertifikatım da var. O ki, qaldı qalıb qəzetlərdən birində işləmək məsələsinə, əsas qəzetlərdən başqa yerdə qalan qəzetlərdə çalışan müxbirlər heç də bizimkilərdən yaxşı dolanmırlar.

- Orada qalıb Azərbaycanın informasiyalarını çatdıra bilən bir sayt açmaq düşünmüsünüzmü?

-Xeyr. Bu Amerika auditoriyası üçün maraqsız bir iş olar. Bizm ölkəylə maraqlananlar çox azdır. Onlar da məlumatı ingilis dilində versiyası olan Azərbaycan saytlarından götürürlər.