Suraxanı Rayon Heydər Əliyev Mərkəzi hər gün fəaliyyət göstərir - REPORTAJ  

18:10 15.11.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

"Gənclər evi"ndə isə yalnız pullu kurslar mövcuddur

Ölkə başçısı İlham Əliyev regionlarda açılmış bəzi Gənclər mərkəzlərinin qapısının "qıfıllı" qalmasından narahatdır: "Mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir".

Ölkə başçısının iradlarından sonra sözügedən qurumların fəaliyyətiilə bağlı “Həftə işi”nin əməkdaşı olaraq yolumuzu Suraxanı rayonun mərkəzində fəaliyyət göstərən Gənclər evindən saldıq. Diqqətə çatdıraq ki, Gənclər evi gözəl və yaraşıqlı, müassir tələblərə cavab verən bir binada yerləşir. Burada gənclərin fəaliyyəti üşün hər cür şərait var. Bir vətəndaş kimi binanın şüşəli qapısını açıb içəri daxil olduq. Girəcəkdə kişik lövhədə burada fəaliyyət göstərən bir neçə kurslarhaqqında məlumat əksini tapıb. Səhər saat 10:00 olsa da, Gənclər evinin içərisində səssizlik hökm sürürdü. Girəcəkdə cavan bir qız əyləşmişdi. Ona yaxınlaşıb yaxın ərazidə yaşadığımı, nəvələrimi buraya kursa gətirmək istyədiyimi söylədim.

Həmin xanım kursların pullu olduğunu söyləyərək İngilis dili kurs müəllimi Rəna Sadıqovanın çox savadlı olduğunu dedi: “Zəhmət olmasa, ikinci mərtəbəyə, 11-ci otağa qalxın və Gülnarə xanımın yanına gedin. Bu işlərlə o məşğuldur.  İndi Gülnarə xanıma  zəng edəcəyəm ki, kursların qiyməti ilə sizi tanış eləsin”.

Yuxarı qalxıb, Gülnarə xanımla görüşdük. Kursların qiymətini dedi: “İbtidai sinif hazırlığı bizdə 30 manat, idmana hazırlıq, təxminən, 20-25 manat təşkil edir. Yaxşı olardı ki, müəllimlərin özləri ilə danışın. Kursların qiymətlərini onlar sizə daha dəqiq deyərlər”. Gənclər evinin müdiri ilə görüşmək istəsək də, Gülnarə xanım Natəvan xanımın hələ işə gəlmədiyini söylədi: “Mən burada operator işləyirəm. Sizə ətraflı məlumat verə bilmərəm”. Xeyli zaman gözləsək də, Gənclər evinin müdiriyyəti gəlib çıxmadı. Gənclər evi isə bom-boş idi, 3-4 pullu kurs fəaliyyət göstərir. Gənclər evinin elə ölkə başçısının vurğuladığı kimi, fəaliyyəti göz qabağında idi.

Sakinlər və kursa azyaşkl uşaqlarını gətirən valideyinlər Gənclər evinin elə bir fəaliyyət göstərmədiyini dedilər.

Qeyd edək ki, 2002-ci ildə qəbul olunmuş “Gənclər siyasəti haqqında” AR Qanununun 2007-ci ildə əlavə olunmuş 5.5.-ci bəndinə uyğun olaraq, “Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Gənclər evi sosial xidmət müəssisələri şəbəkəsi yaradılıb.
Gənclər evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir. Bir sözlə, qeyri-formal təhsil, sağlam həyat tərzi, psixososial dəstək, peşə seçimi, informasiya-məsləhət, asudə vaxtın təşkili, könüllülük hərəkatı və digərləri Gənclər evinin fəaliyyət istiqamətlərini təşkil edir.

 Sonra Suraxanı Rayon İcra Hakimiyyəti binasının yaxınlığındakı Heydər Əliyev Mərkəzinə getdik. Qapını açıb içəri daxil olduq.Tam sərbəstlik idi. Birinci mərtəbədəki şəkillərə baxanda bir qadın bizə yaxınıaşdı və mülayimcəsinə özünü təqdim edərək bələdçi olduğunu söyləd – Könül Xalıqova idi. Gələn qonaqları Mərkəzlə tanış edir: “Bura Heydər Əliyev Mərkəzidir, hər gün işləyir. Qapısı bütün sakinlərin, qonaqların üzünə açıqdır, hətta bayram günlərində ”Açıq qapı” günü keçirilir. Mənim vəzifəm də gələn qonaqları mərkəzlə tanış etməkdir”.

Bələdçi məni Suraxanı Rayon Heydər Əliyev  Mərkəzində Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış etdi. Xatırladaq ki, buraya gələn ziyarətçilər əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. Qonaqlar mərkəzdə “Ulu Öndər” əsəri ilə tanış olmaqla yanaşı,1-ci mərtəbədə Ulu Öndərin Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillərlə tanış olmaq imkanı əldə edirlər. Birinci mərtəbədə, eyni zamanda, multimedia və rəsm studiyaları, texniki otaqlar yerləşir, elektron kitabxana fəaliyyət göstərir. İkinci mərtəbədəki geniş sərgi salonunda Ulu Öndərin həyatının müxtəlif anlarını, fəaliyyətini əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. İkinci mərtəbədə, həmçinin mərkəzi ziyarətə gəlmiş qonaqların, məktəblilərin, tələbələrin Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrətmək məqsədi ilə məşğələlər keçmələri üçün xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriya yaradılıb.

Üçüncü mərtəbədə fotoslaydlarla təchiz olunmuş rəqəmsal çərçivələrdə “Heydər Əliyev Azərbaycan xalqının Ümumilli Lideridir” mövzusunda elektron sərgi nümayiş etdirilir. Həmçinin müasir texnoloji avadanlıqlarla təchiz olumuş, audi, videosistemlə müşayiət olunan konfrans zalı-elektron lektoriya fəaliyyət göstərir.

İcraçı direktor Zəkiyyə Hacıyeva “Həftə içi”nə bildirdi ki, Suraxanı Rayon Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilib: “Rayon sakinləri, rayona gələn yerli və xarici qonaqlar, Milli Məclisin deputatları böyük maraqla Mərkəzin fəaliyyəti ilə tanış olurlar. İndiyədək Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 110 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olub, Mərkəzin Elektron kitabxanasının xidmətindən 17 mindən artıq istifadəçi faydalanıb. Eləcə də Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə 2009-cu ildən bəri 275 rayon  tədbiri, ümumilikdə isə 500-dən yuxarı müxtəlif tədbirlər, yarışlar, müsabiqələr keçirilib.

Suraxanı Rayon Heydər Əliyev Mərkəzi ilə digər ziyarətçilərlə yanaşı rayon məktəbliləri də davamlı tanış olur, Mərkəzin imkanlarından faydalanırlar. Rayonda ibtidai siniflərdə təhsil alan şagirdlər tərtib olunmuş cədvələ uyğun olaraq hər həftənin çərşənbə axşamı günləri Heydər Əliyev Mərkəzinə gəlirlər. Gənc Heydərçilər cərgəsinə qoşulmaq üçün ilk addımlarını atan şagirdlər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı eksponatlarla yaxından tanış olur, Mərkəz haqqında ətraflı məlumatlandırıldıqdan sonra Mərkəzin Elektron lektoriya zalında Heydər Əliyevin həyatından bəhs edən filmlərə tamaşa edirlər”.

Z.Hacıyeva söylədi ki, Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərs keçirilir. Onun sözlərinə görə, dərslərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün zəruri təşkilati məsələlər həll edilib: “Bu dərslər  hər tədris ilinin sonuna qədər davam etdirilir və rayonun bütün məktəblərini əhatə edir. “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda keçirilən  açıq dərslərin tədrisində fərqlənən müəllimlər və şagirdlər Ulu Öndər Heydər Əliyevin may ayında anadan olmasının növbəti ildönümü münasibətilə keçirilən rayon tədbirində mükafatlandırılırlar.Yeri gəlmişkən qeyd edim ki, Mərkəzdə pulsuz rəsm dərnəkləri də fəaliyyət göstərir. Mərkəzin rəssamı Aynur Novruzova şagirdlərə rəsm kursları keçir, sərgilər təşkil edilir”.