Nobel Komitəsinin Bakıdan namizəd istəyi... - Kimlərin adları verilsin?

13:53 18.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

BDU-nun professoru Nobel mükafatı üçün adlar təqdim etməli olduğunu deyib. O, bu haqda Real tv-yə açıqlamasında bildirib. Belə ki, Bakı Dövlət Universitetinin yarımkeçiricilər fizikası kafedrasının müdiri, professor Vaqif Salmanova Stokholmdan, Nobel Komitəsindən məktub gəlib. Məktubda bildirilir ki, komitəyə adlar təqdim olunmalıdır.

Maraqlıdır Nobel Komitəsinin diqqətini çəkmək, Azərbaycan elmi üçün hansı yeniliklər gətirəcək?

Təhsildə bu kimi yenilikləri hafta.az-a şərh edən ekspert Kamran Əsədov dedi ki, Azərbaycan cəmiyyətində elm adamlarının nobel mükafatı ilə o qədər də maraqlanmamaları çox təəssüfləndirici haldır: “Vaxtilə elmin beşiyi sayılan Şərqdə əsrlərlə davam edən durğunluq ən çox elmin inkişafına zərbə vurdu. Bu səbəbdən də, elmdə ən yüksək mükafatları alan müsəlman alimlərin sayı barmaqla sayılacaq qədərdir. Həmçinin, Azərbaycan alimlərinin də bu nüfuzlu mükafatı qazanacağı hələlik, arzu olaraq qalır. Yeganə Nobel mükafatçısı olan alim bakılı Lev Landaudur. O, 1962-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görülüb. Maraqlı məqamlardan biri budur ki, həmin mükafat ona xəstəxanada təqdim edilib. Həmin vaxt Landau avtomobil qəzası nəticəsində başından və döş qəfəsindən ölümcül xəsarət almışdı. Dünyanın məşhur fiziklərinin səyləri, onların Avropadan, ABŞ-dan göndərdikləri dərman preparatlarının yardımı nəticəsində Lev Landaunu ölümdən xilas etmək mümkün oldu. 1962-ci ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alıb. Nobel komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməyi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. Lev Landau ömrümün iki ilini xəstəxanalarda keçirib, ancaq 1964-cü il yanvarın 25-də öz evinə qayıdıb. Qeyd edim ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirirək, onlara ümumi mükafat təqdim edir. Qazanılmış pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür. Bizdə isə elmdə komanda işi çox zəifdir. Eyni zamanda elmi – tədqiqat işləri lokal xarakter daşıyır. İnanmıram ki, yaxın illərdə bizim elmi kəşflərimiz Nobel mükafatına layiq görülsün. Bunun üçün geniş komanda lazımdır. Hazırda bütün təhlillər onu göstərir ki, fizika, kimya, fiziologiya və tibb sahəsində Nobel mükafatına Azərbaycandan heç kimi laureat göstərmək mümkün deyil. Hətta Lütfi Zadə də bunu qeyd edib ki, Azərbaycandan yeganə Nobel mükafatı ala biləcək şəxs həqiqətən Rafiq Əliyevdir. O, iqtisadiyyat üzrə Nobel mükafatı ala bilər. Dünyada Robert Auman, Kaneman, Tverski və sair çoxsaylı riyaziyyatçılar da iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər. Rafiq Əliyevə gəldikdə isə onun gördüyü elmi işləri həqiqətən çox dəyərlidir. Dünyada bu sahədə işlərə böyük önəm verilir. Amerikada yaşayan bir erməni iqtisadçısının da Nobel mükafatına namizədliyi verilib. Alçiyanın da mükafatı alma ehtimalı çoxdur. Amma Rafiq Əliyev onu qabaqlasa, ermənilər üzərində daha bir qələbəmiz olacaq. Dövlət tərəfindən elmin inkişafına çox ciddi dəstək verilir. İstitutların, elmi – tədqiqat mərkəzlərinin maddi texniki bazasının gücləndirilməsi ölkə başçısının diqqət mərkəzindədir. Nobel Komitəsindən məktub gəlməsi ölkəmizə marağın göstəricisidir. Bu onu göstərir ki, aparılan elmi tədqiat işlərini daha da sistemləşdirmək, daha da dərinləşdirmək lazımdır".