“Tələbə qızlar qidadan zəhərlənməyib” – Qida Təhlükəsizliyi Agentliyindən açıqlama

15:40 25.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə Bakı Dövlət Universitetinin tələbələrinin konservləşdirilmiş balıqdan zəhərlənməsi ilə bağlı xəbərlər yayılmışdı. Hətta zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən tələbələrdən biri - Dilrubə Quliyevanın əmisi İlqar Quliyev də qardaşı qızının qidadan zəhərləndiyini qeyd etmişdi.

Baş vermiş hadisə ilə əlaqədar olaraq qidadan zəhərləndiyi ehtimal olunan şəxslərdən nümunələr götürülmüşdü.

Hafta.az məsələni diqqətdə saxlayaraq Qida Təhlükəsizliyi Agentliyindən tələbə qızların zəhərlənmə faktı ilə əlaqədar münasibət öyrənməyə çalışıb. Qurumdan bildirilib ki, tələbə qızlardan alınan nümunələrə görə, onlar qidadan zəhərlənməyib. Rəsmi diaqnoz sadəcə olaraq huşsuzluq kimi qiymətləndirilib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən isə müalicəsi davam etdirilən xanımların vəziyyətinin hazırda çox yaxşı olduğu bildirilib. Bu barədə hafta.az-a növbətçi həkim məlumat verib.

Amma onların nədən zəhərlənməsi ilə bağlı ünvanladığımız sual isə cavabsız qalıb. Bildirilib ki, tələbələrin nədən zəhərlənməsi ilə bağlı suallara cavab vermək səlahiyyətləri yoxdur.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri - 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb. 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib.