Hansı universitetin yataqxanasının yeməkxanası var? - SORĞU

12:24 26.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Yaxın günlərdə tələbələrin zəhərlənməsi hadisəsi sosial şəbəkələrdə müzakirəyə çevrildi. Aidiyyatı orqanlar bununla bağlı araşdırmalara başladılar. Hadisə Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında baş vermişdi. Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Hafta.az məsələni diqqətdə saxlayaraq Qida Təhlükəsizliyi Agentliyindən tələbə qızların zəhərlənmə faktı ilə əlaqədar münasibət öyrənməyə çalışıb. Qurumdan bildirilib ki, tələbə qızlardan alınan nümunələrə görə, onlar qidadan zəhərlənməyib. Rəsmi diaqnoz sadəcə olaraq huşsuzluq kimi qiymətləndirilib.

Mövzunun aktuallığını nəzərə alıb yenidən yataqxanalarda qalan tələbələr üçün yeməkxananın fəaliyyət göstərməsi, nəzarət mexanizminin olması, qida rasionun tərkibi haqqında universitetlərə sorğu göndərdik.

Saytımıza sorğuya cavab olaraq Bakı Slavyan Universitetindən(BSU) bildirildi ki, universitetin yataqxanasında yeməkxana fəaliyyət göstərmir, yataqxananın şəraiti isə müasir tələblərə uyğundur: “Bakı Slavyan Universitetinin tələbə yataqxanası beşmərtəbəli yaşayış binasından ibarətdir. Yataqxananın ikinci-  dördüncü mərtəbələri universitetdə dərs deyən bəzi müəllimlər, yerli və xarici tələbələr üçün nəzərdə tutulub. Burada həmçinin tibb məntəqəsi, komendant, yataqxana özünüidarəetmə komissiyası, tələbə şurası üçün də ayrıca otaqlar vardır. Yataqxananın 4-cü mərtəbəsi tamamilə yerli qız tələbələri üçün ayrılmış və bu mərtəbə hər birinin yaşayış sahəsi 18-22 m² olmaqla 22 otaqdan ibarətdir. Binanın 2-ci mərtəbəsində əcnəbi tələbələr yaşayır. Onlar arasında Türkiyədən, Pakistandan, İran İslam Respublikasından, Çindən, Misirdən, Cənubi Koreyadan, Nigeriyadan və digər ölkələrdən gəlmiş 20-dən artıq əcnəbi tələbə vardır. Bu mərtəbədə 7 otaq birnəfərlik, 8 otaq ikinəfərlik, 15 otaq isə üç nəfərlikdir.  Bakı Slavyan Universitetinin tələbə yataqxanasında kombi sistemi təhciz edilmiş istilik mərkəzi vardır. Otaqlarda ən müasir tipli yataq mebelləri, şkaflar və hər bir tələbə üçün iş masaları quraşdırılıb. Tələbələr asudə vaxtlarını səmərəli keçirmələri üçün kitabxana və tədris otağı onların ixtiyarına verilib. Yeni təmir olunmuş mətbəx isə zəruri avadanlıqlarla təmin olunub. Tələbə yataqxanasının binası telefon və yüksəksürətli internet (Wi-Fi) xətləri ilə təmin olunub”.

Bakı Mühəndislik Universitetində (BMU) verilən məlumata görə, Universitetdə tələbə kontingentinin iaşə xidmətinə ciddi fikir verilir, tələbələr üçün yeməkxana, bufet xidməti yüksək səviyyədə təşkil edilib: “İaşə xidməti obyektlərində göstərilən xidmətlərin, o cümlədən bufetlərdə təklif olunan yeməklərin qiyməti və keyfiyyəti üzrə mütəmadi monitorinqlər keçirilir və bu işlərə ciddi nəzarət olunur.

Ümumilikdə, tələbələrin yataqxana ilə təminatı ən müasir tələblərə cavab verir. Oğlan və qızlar üçün iki böyük yataqxana fəaliyyət göstərir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var. Əlavə olaraq hər iki yataqxanada yaxınlarını görmək üçün gələn valideynlər üçün qonaq otaqları mövcuddur. Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Hər iki binada bufet və  gündə 3 dəfə zəngin çeşidli qidalarla tələbələrə xidmət edən yeməkxanalar  mövcuddur. Yataqxanalarda camaşırxana, dərzi otaqları fəaliyyət göstərir. Ümumi işlək yerlər və tələbə otaqları hər gün təmizlik işçiləri tərəfindən təmizlənir. Tələbələrin idmanla məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, voleybol və futbol stadionları var”.

Azərbaycan Tibb Universitetindən(ATU) bildirdilər ki, universitetin yataqxanasında yeməkxana fəaliyyət göstərmir: “Hər mərtəbədə mətbəxlər fəaliyyət göstərir. Tələbələr də özləri alıb, bişirə bilirlər”.

Bakı ilə yanaşı bölgədə fəaliyyət göstərən Lənkəran Dövlət Universitetin(LDU) yataqxanasında da yeməkxana olmadığını bildirdilər: “Universitetin bir neçə il öncə yeni qızlar üçün yataqxanası fəaliyyətə başlamışdı. Bu il də yeni yataqxana inşa olundu. Ancaq yeməkxana sistemi yoxdur”.

Sosial rubrikasından digər xəbərlər