“Ulu Öndər atama “JİQULİ” markalı təzə avtomobil  bağışladı” - MÜSAHİBƏ  

18:50 27.11.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

İnsan uşaqlıq illərində özünü hansısa bir qəhrəmana və yaxud tarixi şəxsiyyətə bənzədir. Deyir ki, onun kimi hüquqşünas, siyasi xadim, qəhrəman, mühəndis, həkim, hansısa bir peşə sahibi olacaq. Və bu arzu ilə də yaşayır. Çox vaxt arzusu çin olmur.

Ona görə ki, Ulu Yaradanın bir alınyazısı var. Taleyində nə qismətdirsə, nə yazılıbsa, o da olacaq. Mən də uşaqlıq illərində həkim olmaq arzusu ilə böyüdüm, oxudum, orta məktəbi əla qiymətlərlə bitirdim. Həkim ola bilmədim. Başqa peşəni seçdim. Haqqında söhbət açdığımız şəxs də maraqlı bir tale yaşayıb. O  tale ki acılı olub, həm məsuliyyətli, həm də şirin... O da mənim və bir çoxları kimi uşaqlıq arzusuna, istəyinə nail olmayıb.

Belə şəxslərdən biri də tanınmış jurnalist-yazar, AYB və AJB-nin üzvü, “Qızıl qələm” mükafatı laueratı Həşim Həsənoğludur. Həşim Həsənoğlu 1958-ci ildə Ağdamda dindar ailədə doğulub, boya-başa çatıb. Doğulduğu Qərvənd kənd orta məktəbini əla qiymətlərlə bitirib:

- Həşim müəllim, siz alınyazısına inanırsınızmı?

- Əlbəttə.  Hər bir insan Allaha şükür etməlidir. Yaradanına inanmalıdır,  çünki həyatda az-çox, nə qazanıbsa, onun sayəsində qazanıb. Həyatı boyu qazandığı bütün uğurlara “Özüm qazanmışam” deməməmlidir. Bir sözlə, Allahın verdiyinə və onun nemətlərinə şərik çıxmamalıdır. Həyatda nəyə nail oluruqsa, hər birisi Ulu Yaradanın hesabınadır. Uşaqlıq illərində arzum hüquqşünas olmaq idi.  İstəyirdim ki, böyüyəndə mən də Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında şəkilmiş “Qanun naminə” bədii filmindəki  Mehman kimi cəsur, qorxmaz mərd olum; ədalət naminə çalışım, qanun keşiyində durum. 

...Təxminən, 10-11 yaşlarında olardı. Onda ulu öndər Heydər Əliyev dövlət təhlükəsizliyi  orqanlarında çalışırdı. Atam onin haqqında bizə danışardı. Həyatın müxtəlif dövrlərində atam Heydər Əliyevlə qarşılaşmışdı. O vaxtdan Heydər Əliyev mənim idealıma çevrildi.

...Kiçik bir xatirə danışmaq istəyirəm. Atam Həsən kişi Ağdam Məscidinə müdir təyin edildi. 1981-ci ilin yaz ayı idi. Ulu Öndər Ağdama, Qərvənd kəndinə gəlib, “Lenin” kolxozunun binasında sakinlərlə, kənd zəhmətkeşləri ilə görüş keçirdi. Orada atamı gördü və onu tribunaya dəvət etdi. Atamla çox səmimi görüşdü. Heydər Əliyevin çox fenomen yaddaşı vardı. Atamla birlikdə xatirə şəkli də çəkdirdilər. Həmin şəkil indinin özündə də durur. Ulu öndər həmin ili atama “JİQULİ” markalı təzə avtomobil  bağışladı.

– Bəs necə oldu ki,  jurnalistikanı seçdiniz?

– Orta məktəbi əla qiymətlərlə başa vurub, sənədlərimi indiki Bakı Dövlət Unveristetin hüquq fakültəsinə verdim. Özümə tam inanırdım və hüquqşünas olmaq inamı ilə ilk imtahana girdim. İmtahanlardan yaxşı qiymət aldım, amma “konkurs”a düşdüm. Yəni, həmin ili bəxtim gəritmədi. İki il Monqolustanda hərbi xidmətdə oldum. Hərbi xidməti zamanı Baykal Hərbi Dairəsinin orqanı olan “Zvyozda” qəzetində ştatdankənar müxbir işlədim. Hərbi-vətənpərvərlik haqqında bir-birindən maraqlı oçerklər, reportaj və məqalələr yazırdım.

-  Məqalə, oçerk, reportaj yazmaq üçün gərək rus dilini qrammatik qaydada mükəmməl bilmək lazım idi. Axı kənddə böyümüsünüz, kənddə orta təhsil almısınız. Necə oldu ki, bu dildə  yaza bildiniz?

- Baxmayaraq kənd mühitində yaşayırdım, ixtisas fənləri ilə yanaşı, rus dilini də mükkəmməl öyrənirdim. Bu dilə böyük marağım vardı. Hər gün boş vaxtım olanda rus dilindən azərbaycanca tərcümə lüğətlərini qarşıma qoyub əzbərləyirdim. Kitab oxumağı çox sevirdim. Kəndimizdə və Ağdam şəhərində  Mərkəzi Kitabxana var idi, gedib ora abunə olardım. Tarixə aid olan kitabları, hətta dünya klassiklərinin, eləcə də rus yazarlarının kitablarını alıb oxuyardım. Atamdan aldığım pulları qəpik-qəpik yığıb kitablara verərdim. Orta məktəbdə 2-3 ay bizi pambıq yığımına aparardılar. Aldığım pulları yersiz yerə xərcləməzdim, gedib kitab mağazasından kitab alardım. Rus dilində bədii əsərlər və tarixə aid kitabları oxuduqca, bu dili daha da mənimsəyirdim, söz xəzinəm artırdı. Hələ orta məktəbdə oxuyanda rus dilində sərbəst danışırdım, sərbəst inşa yazırdım.  Hərbi xidmətdə bir-iki ay keçəndən sonra bu dildə daha da təmiz danışıb, yazmağa başladım. Taleh elə gətirdi ki, 1979-cu ildə hərbi xidməti başa vurdum və “Zvyozda” qəzetinin “Göndəriş”i  əsasında Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almağa gəlsəm də, mən doğma vətənimi seçdim. Həmin ili BDU-nun jurnalistika fakültəsinə qəbul olundum.

- Jurnalist fəaliyyətinə hansı qəzetdən başlamısınız?

-  “Bakı və “Baku” axşam qəzetlərinin redaktoru Nəsir İmanquliyev çox yaxşı adam idi. Allah rəhmət eləsin! Mənim həm müəllimim, həm də elmi rəhbərim olub. Biz veteran jurnalistlərin mənəvi atası idi. Məni “Bakı” qəzetinə dəvət etdi. Burada jurnalistikanın əsasını öyrəndim, daha da püxtələşdim. O vaxtlar “Bakı” qəzeti özü bir məktəb idi. Nəsir müəllim istedadlı və peşəkar jurnalistlərə böyük üstünlük verirdi. Onların əməyini dəyərləndirirdi.

 11 noyabr 1989-cu il tarixdə  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  Plenumunun qərarı ilə “Sahil” qəzetinə baş redaktor təyin edildim. O vaxtdan bu günədək sözügedən qəzetə rəhbərlik edirəm. 30 il ərzində Azərbaycan jurnalistikası ağır və məşəqqətli bir yol keçdi. Bu günlər Azərbaycan mətbuatı öz inkişafına görə Ulu Öndərə borcludur.  1998-ci ildə Heydər Əliyev mətbuat üzərində olan senzuranı ləğv etdi. Və bizim kimi peşəkar jurnalistlər  Azərbaycanın dünəni, bu günü və gələcəyi haqqında həqiqəti yazdılar. Bununla da Azərbaycan mətbuatında yeni bir era - dönüş yarandı.  Belə demək olarsa, mətbuata tövsiyələr verən, hərtərəfli biliyə malik, dövlətə, vətənə və xalqa sədaqətli Əli Həsənov kimi dəyərli bir ziyalı mətbuata dəyər verdi və Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmir. Bu gün Heydər Əliyevin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin və onun xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın mətbuata göstərdiyi qayğı göz önündədir.  Bu işdə xidməti olan hər bir kəsə Azərbaycan oxucusu minnətdardır.

-  Əksər qəzet redaktorlarına və  veteran jurnalistlərə ev, mükafat, fəxri adlar, orden, medallar verildi. Siz dövlətə bir köynək yaxın ola-ola, amma bu qayğılardan kənarda qalmısınız. Buna səbəb nədir?

- Mən heç vaxt üzdə olmaq istəməmişəm. Qələmimlə, əməlimlə həmişə xalqıma, dövlətimə və ölkəmə xidmət etmişəm. İnanıram ki, nə vaxtsa mənim də əməyim dövlət tərəfindən qiymətləndiriləcək. Bu gün mən evi-eşiyi olmayan, kirayələrdə əziyyət çəkən istedadlı gənc yazarlarımıza daha çox önəm verərdim. Onlar bizim davamçılarımızdır.

- Siz həm də araşdırmalarla məşğulsunuz, onlarca kitabın müəllifisiniz. Yaradıcılığınız barədə nə deyə bilərsiniz?

- Əsasən, erməni faşistləri tərəfindən vəhşicəsinə dağıdılmış və əsirlikdə qalmış dini-tarixi abidələr haqqında çoxlu sayda araşdırmalar aparmışam və onları kitab halında çap elətdirmişəm. Bu yaxınlarda “Ulu  yurdum, nur ocağım” adlı yeni  kitabım işıq üzü görüb. Kitab, əsasən, Qərbi Azərbaycanda olan dini-tarixi abidələrimizdən bəhs edir. Onun tarixini araşdırıb dünya ictimaiyyətinə çatdırmışıq. Sevindirici hal odur ki, ölkə başçısı dini-tarixi abidələrimizə böyük qayğı göstərir.  Elə bu qayğının nəticəsidir ki, Azərbaycanda  məscid və inanc yerlərimiz təmir-bərpa olunub, yeni məscidlər tikilib.