"İnanırıq ki, diplomatik missiya əlaqələrimizə böyük töhfə verəcək" - Slovakiyanın XİN başçısı

13:00 28.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda Slovakiya Səfirliyinin açılışı mərasimi keçirilib.

Azərbaycan və Slovakiyanın dövlət himnləri səsləndikdən sonra M. Layçak və R. Həsənov səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.

Hafta.az-ın məlumatına görə, tədbirdə Slovakiyanın Xarici və Avropa işləri üzrə naziri Miroslav Layçak, Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər şəxslər iştirak ediblər.

Slovakiyalı nazir bildirib ki, ölkəsinin Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması qarşılıqlı əlaqələrin inkişafı üçün böyük hadisədir və bu, iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar açılacaq. O, işgüzar əlaqələri əməkdaşlıqların başlanması üçün ən yaxşı vasitə hesab edir:

"Bu fikri işgüzar insanlar, baş nazir Peter Pellerqrinin rəhbərliyi altında Azərbaycana səfər etmiş nümayəndə heyətinin üzvləri də bölüşüb. Xalqlarımızı daha da yaxınlaşdırmaq üçün təhsil, gənclik, turizm, idman sahələrinə xüsusi önəm verməliyik. Səfirlikdən gözləntimiz böyükdür və inanırıq ki, diplomatik missiya əlaqələrimizə böyük töhfə verəcək”. 

Bu gün Azərbaycan prezidenti, baş naziri və xarici işlər naziri ilə səmərəli görüşlər keçirdiyini vurğulayan M.Layçak ölkəsinin Azərbaycanla iqtisadi və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu qeyd edib.

Layçak deyib ki, yaxın gələcəkdə Azərbaycanın Slovakiyada səfirliyinin açılması əlaqələrə stimul verəcək.

Azərbaycan xarici işlər nazirinin müavini R.Həsənov Azərbaycanda Slovakiya səfirliyinin fəaliyyətə başlamasını yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan səfirliyin səmərəli fəaliyyət göstərməsi üçün lazımı dəstək və yardım göstərməyə hazırdır.

Azərbaycanın Slovakiya ilə əlaqələrə yüksək önəm verdiyini vurğulayan nazir müavini qeyd edib ki, ölkələr arasında münasibətlər inkişaf edir və yüksək səviyyəli səfərlər əlaqələrin inkişafına öz töhfəsini verir. Deyib ki, iki ölkə arasında enerji, humanitar və turizm sahələrində əməkdaşlıq mövcuddur, bu əməkdaşlığın daha da dərinləşməsi və müxtəlif sahələri əhatə etməsi üçün imkanlar var.

Qeyd edək ki, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Siyasət rubrikasından digər xəbərlər