"Biz bir-birimizə hörmət bəsləyən səmimi tərəfdaşıq" - Rumıniya səfiri

20:08 28.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rumıniyanın Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib. Dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət təmsilçilərinin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndiirlib.

Hafta.az-ın yazdığına görə, Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku bildirib ki, 2019-cu il həm Rumıniya, həm də Azərbaycan üçün əlamətdar il olub. Deyib ki, ölkələrimizin qarşılıqlı strateji tərəfdaşlığının 10 ili tamam olub və bu müddətdə Rumıniya ilə Azərbaycan arasında əlaqələr daha da genişlənib. "Biz bu gün nəqliyyat, ticarət, enerji, təhsil, mədəniyyət və sair sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün birlikdə çalışırıq. Beynəlxalq səviyyədə bir-birimizin əsas diplomatik təşəbbüslərini və öncəliklərini dəstəkləyirik" deyən diplomat əlavə edib ki, biz bir-birimizə hörmət bəsləyən səmimi tərəfdaşıq. O, Rumıniya ilə Azərbaycan arasında münasibətlərin inkişafına ümidlə baxıldığını qeyd edib. "Bu günədək qazandıqlarımıza görə Azərbaycanın rəsmi qurumlarına, şirkətlərinə, universitetlərindəki tərəfdaşlarımıza çox şey borcluyuq", - səfir D.İanku bildirib.

Azərbaycan hökuməti adından çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Rumıniyanı Milli Günü münasibətilə təbrik edib. O, ölkələrimiz arasında əlaqələrin 27 illik tarixi olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan öz müstəqilliyini elan etdiyi ilk illərdə Rumıniya müstəqilliyimizi tanıyıb və bu əlaqələr daim artan xətt üzrə inkişaf edib.

"Bu əlaqələrin inkişafında dövlət başçılarımızın siyasi iradələrinin də xüsusi rolu var. 2009-cu ildə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, 2011-ci ildə birgə fəaliyyət proqramının imzalanması tərəfdaşlığımızın bütün sahələr üzrə inkişafına təkan verdi. Bu gün Azərbaycanla Rumıniya arasında demək olar bütün sahələr üzrə sürətli əməkdaşlıq aparılır. İnvestisiya sahəsində əlaqələrimiz 120 milyon dollardan artıq maddi həcmə malikdir, elmi-texniki sahədə də əlaqələrimiz durmadan dərinləşir, ticari müstəvidə əməkdaşlığımız daha da genişlənir" deyən nazir əlavə edib ki, bu əlaqələrin mütəşəkkil şəkildə irəliləməsi üçün müştərək komissiyamızın böyük rolu var.

"Artıq komissiyanın 5 iclası olub və sonuncu iclas Rumıniyada keçirilib. Növbəti iclasın gələn ilin əvvəlində Azərbaycanda baş tutacağını düşünürük. Müştərək komissiya Azərbaycan-Rumıniya münasibətlərinin inkişafında hərəkətverici qüvvədir. Eyni zamanda, Rumıniya Azərbaycanın ən böyük haqq-ədalət davası olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Rumıniya dövləti bu qənaətdədir ki, problem beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır" deyən nazir S.Babayevin fikrincə, məhz ona görə Azərbaycan-Rumıniya əlaqələri bu gün strateji tərəfdaşlıq səviyyəsindədir.

O, növbəti illərdə də ölkələrarası strateji əməkdaşlığımızın yalnız genişlənəcəyinə əmin olduğunu vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər