37 min şəhid verərək qurulan dövlət - Finlandiya

16:40 06.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 6-sı Finlandiyanın Rusiyanın işğalından azad olunduğu gündür. 29 mart 1809-cu ildə Ruisyanın tərkibində muxtariyyət alan Finlandiyanın, nəhayətdə,1917-ci ildəyaranan  kommunizm diktaturasına boyun əyməməsi, qanlı müharibə və təbii ki, nəticədə 10 minlərlə insanın ölümü ilə nəticələndi.

Çünki ölkədə hadisələr iki qütbün istəkləri müstəvisində inkişaf etməkdəydi. İrəlidə ölkədə başlayacaq vətəndaş müharibəsinin tərəfləri olan millətçi-ağlarla sosialist qırmızıların məqsədi Finlandiyanı ya müstəqil edəcək, ya da Rusiyanın tərkibində sosialist ruhlu muxtariyyət olaraq qalmasına şərait yaradacaqdı.

Qeyd edək ki, “ağlar” Almaniya, “qırmızılar” isə Rusiya tərəfindən dəstəklənirdi. Rusiya imperiyasında siyasi quruıuşun dəyişməsi – kommunist idarəetmə sisteminin qurulması, rusların bölgədə yaşanan xalq hərəkatlarına baxşılarını dəyişib və hətta belə demək mümkündürsə, bir az da təcavüzkarlaşdırıb. Nəticədə konkret olaraq Finlandiya ilə aparılan danışıqlar prosesini bir az çıxılmaz istiqamətə yönəldib. Bu vaxt isə millətçi və sosialist finlər ölkə ərazisini bölmək barədə düşünürlər.

1917-ci ilin martında Finlandiyada ordu və rəsmi polis təşkilatı olmadığı halda, ağlarla qırmızılar özlərinin de-fakto silahlı qüvvələrini təşkil etməyə başlayıblar. Nəticədə mühafizəkar ağlar və mühafizəkar qırmızılar deyilən iki silahlı qüvvə yaranır. Az sonra millətçi ağlar Senatda özlərini Finlandiyanın tək silahlı qüvvəsi elan edir və bununla da qırmızılarla müharibəyə şərait yaranır.

Siyasi müstəvidə isə proseslər Finlandiyanı azadlığa aparırdı. Kommunizmin bərqərar olduğu Rusiyada müəyyən zəifləmənin baş verdiyini görən Finlandiyada müstəqillik istəkləri durmadan güclənirdi. Maraqlısı bu idi ki, artıq Finlandiyadakı hər iki tərəf - həm ağlar, həm də qırmızılar birmənalı şəkildə müstəqilliyin tərəfdarı idilər. Pehr Evind Svinhufvudun liderliyi altında, 1917-ci ilin dekabrında Senata Finlandiyanın Müstəqillik bəyannaməsinin layihəsi təqdim edilir. Səsvermə zamanı qırımızıların o qədər də isti yanaşmamasına baxmayaraq, səs çoxluğu ilə bəyannamə qəbul edilir. 1917-ci il dekabrın 31-də Leninin rəhbərlik etdiyi Sovet Rusiyası finlərin müstəqillik tələbəni qəbul edir. Cəmi 4 gün sonra – 1918-ci il yanvarın 4-də Rusiya Finlandiyanın müstəqilliyini tanıyır.

Buna baxmayaraq, 1918-ci il yanvarın ilk günlərindən ölkəni vətəndaş müharibəsinə aparacaq gərginlik artmağa başladı. İlk qanlı toqquşmalar Vipuri qəsəbəsini nəzarətə götürmək və silah yarışını qazanmaq üçün 17-20 yanvar tarixlərində Finlandiyanın cənub-şərqində yerləşən Kareliya bölgəsində yaşandı. Səhəri gün ağların mühafiz dəstələri, Leninin qırmızılara göndərdiyi silah-sursatla dolu qatara hücum etdilər.

Müharibə başlar-başlamaz silahlı qüvvələr Finlandiyanı qərbdən şərqə doğru iki hissəyə - Ağ Finlandiya və Qırmızı Finlandiyaya bölürlər. Qırmızıların yerləşdiyi hissə demək olar ki, başdan başa sənaye sahələri və aqrar təsərrüfatlarla zəngin idi. Ağların bölgələrində isə iqtisadi sahələr çox zəif idi.

Qırmızılar daha sonra Finlandiya Sosialist Fəhlə Respublikası adı altında dövlətlərini elan edirlər. Paytaxtı Helsinki olan dövlətin başçısı Kullervo Manner seçilir. Rusiya əlüstü onları dəstəkləsə də, proseslər göstərirdi ki, fin kommunistlər heç də Lenin kimi düşünmür. Onlar başa düşürdülər ki, Lenin Finlandiyanın ilhaq edərək Rusiyaya birləşdirmək arzusundadır. Sosial Demokratların isə əksəriyyəti müstəqilliyin tərəfində idi...

Müharibə zamanı, tərəflərin hər biri meydana 50 – 90 min döyüşçü ilə qatılmışdı. Qırmızıların ordusu əksərən könüllülər olsa da, ağların ordusunda könüllülər 10-12 faiz, qalanları əsl əsgər  idi. Bir bənzərlik vardı ki, hər iki tərəfdə əsgərlərin bir hissəsi 15-17 yaşlı yeniyetmələr olub. Onlardan biri də, sonradan uzun illər Finlandiyaya rəhbərlik etmiş Urho Kekkonen idi.

Peşəkar əsgərlərdən ibarət, İsveç zabitlərinin də idarə etdiyi ağların ordusu qırmızıları məğlub edirlər. Beləliklə, qırmızılar 1918-ci il aprelin 29-da Kareliyanın paytaxtı sayılan Vipuri şəhərinə sığınırlar və mayın 5-də cənub-qərbi Finlandiyadakı son mövqelərini də uduzaraq indiki Finlandiya dövlətinin ərazisini tamamilə tərk etmiş olurlar.

Finlandiya Sosialist Fəhlə Partiyası öz iqamətgahını aprelin 8-də Helsinkidən, aprelin 25-də isə Vipuridən Sankt Peterburqa köçürür. 14–15 may atrixində Finlandiyada vətəndaş müharibəsi tamamilə başa çatır. Beləliklə, ağların nəzarətinə keçən Finlandiya, mayın 16-da Xelsinkidə qələbə bayramını qeyd edir.

Vətəndaş müharibəsi, təxmini rəqəmlərə görə, Finlandiyada 37 min insanın həyatına son qoyub. Hansı ki, ölənlərin 16 faizi və ya 5,9 min nəfəri 14-20 yaşlarında olub. Ən qəribəsi odur ki, 37 min insanın ancaq 10 minə qədəri müharibə meydanında həlak olub, qalanları döyüş bölgəsindən kənarda yaşanan toqquşmalarda, terror hadisələri zamanı və həpsxanalarda üzləşdikləri amansız işgəncələrdən ölüb. Müharibə nəticəsində 20 min fin uşaq valideynlərini itirərək yetim qalıb. Üstəlik, heç bir qayda-qanuna, əxlaqa sığmayan əsir düşərgələri və mütəmadi toqquşmalar cəmiyyətə mənfi təsir göstərib.

Baş verənlər Finlandiya iqtisadiyyatına da ciddi zərbə vurub və siyasi düşüncələrdə illərlə davam edəcək ziddiyyətlər yaradıb. Bütün bunların fonunda isə, sağlarla sollar arasında gərginlik xeyli müddət davam edib. Amma bütün hallarda sağlam düşüncə qalib gəlib – Finlandiya dövləti və xalqı böyük uğurlar qazanaraq ən inkişaf etmiş cəmiyyətlərdən birini yarada bilib...

Oxunma sayı 120
Siyasət rubrikasından digər xəbərlər