"Prezident İlham Əliyevin Parisə səfəri əlaqələrin inkişafına daha da təkan verib" - Səfir

19:25 12.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransanın milli bayramı - Bastiliyanın alınmasının ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi Bakıda rəsmi qəbul təşkil edib. Dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan və Fransanın dövlət himnləri səsləndirilib.

Fransanın ölkəmizdəki səfiri xanım Aureliya Buşez çıxış edərək Fransanın inkişaf yolundan söz açıb. Deyib ki, artıq dördüncü dəfədir Bakıda bu bayramı qeyd edir və ildən ilə ölkələrimiz arasında dostluq əlaqələrinin inkişaf etdiyini görür. "Siyasi dialoqumuz getdikcə güclənir. O cümlədən Azərbaycan prezidenti İlham Əliyevin Parisə səfəri zamanı prezident Makronla görüşü əlaqələrin inkişafına daha da təkan verib. Azərbaycan özünün neft-qaz sənayesi ilə dünyaya töhfə verməkdədir" deyən xanım səfir əlavə edib ki, Fransa Minsk qrupunun daimi üzvü kimi Qarabağ probleminin tənzimlənməsində rol oynayır.

Səfir birinci vitse prezident Mehriban Əliyevanın Fransaya səfərindən və keçirdiyi görüşlərdən də söz açıb. Deyib ki, Mehriban Əliyeva Fransa senatının rəhbərləri ilə görüşməklə parlamentlərarası əlaqələrin inkişafını da xatırladıb. Orda belə qərara gəlinib ki, Fransa Azərbaycan dostluq qrupunun üzvləri sentyabrda Bakıya gələcək. Xanım Buşez prezident İlham Əliyevin rəhbərliyi altında icra olunan iqtisadi islahatları təqdir etdiyini deyib. Bildirib ki, məhz bunun nəticəsi olaraq Fransa şirkətlərinin Azərbaycana marağı artıb.

Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, 14 iyul Fransa inqilabı fransız xalqının şanlı tarixidir. "Bu gün Fransa dünya siyasətində mühim rol oynayır. Qədim və zəngin fransız mədəniyyəti hər zaman Azərbaycan xalqının diqqətini çəkib. Fransa Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Türkiyə səfirindən sonra Azərbaycanda məhz Fransa səfiri fəaliyyətə başlayıb. Bu gün ölkələrimiz arasında hər bir sahədə sıx əlaqələr mövcuddur. Mütəmadi olaraq qarşılıqlı yüksək səviyyəli səfərlər həyata keçirilir. İqtisadi sferada da əlaqələrimiz genişdir. Bu gün 50-dən çox Fransa şirkəti Azərbaycanda fəaliyyətdədir" deyən nazir müavini əlavə edib ki, bu gün Azərbaycanın 15 şəhəri ilə Fransanın 12 şəhəri və 1 vilayəti arasında dostluq sazişi imzalanıb.

Qeyd edək ki, Azərbaycanla Fransa arasında tarixən əlaqələr mövcud olub və bu hətta bədii ədəbiyyatlarda da öz əksini tapmaqdadır. O cümlədən, müsəlman Şərqində ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda da Fransa ölkəmizin siyasətində əsas tərəfmüqabillərdən biri olub. Fransa AXC hakimiyyəti ilə əlaqələr qurub və Yemelyanovu Bakıya Konsul agent olaraq göndərib. Məlumata görə, konsulluq Bakıda Vodovoznaya küçəsindəki Mitrofanovun evində yerləşib. Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Fransa Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb. Bildirilir ki, Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament Parisdə fəaliyyət göstərəcək diplomatik nümayəndəliyin yaradılması haqqında qanun qəbul edib. Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Osmanlıda ali təhsil almaq üçün seçilmiş tələbələrinin bir hissəsi məhz Fransa universitetlərində oxuyublar. Həmin dövrdə Fransa hökumətinin dəstəyini hiss edən Azərbaycan hökuməti fransız dilinin də beynəlxalq dil rolunu nəzərə alaraq, Cümhuriyyətin 500 manatlıq əsginaslarının üzərində Respublikanın və nominalın adları Azərbaycan və rus dilləri ilə yanaşı həm də fransız dilində göstərib. Müstəqillik illərində də Fransa Azərbaycanı ilk tanıyıb, diplomatik əlaqələr quran ölkələrdəndir. Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar 1992-ci ildə tanıyıb, ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il fevral ayının 21-də qurulub. 16 mart 1992-ci ildə Fransanın Azərbaycanda, 20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi açılıb. Hazırda Azərbaycanın Praisdə səfiri Rəhman Mustafayev, Fransanın ölkəmizdəki səfiri isə artıq fəaliyyət müddətini başa vurmaqda olan xanım Aurelia Buşezdir. Ölkələrarası əlaqələr 19-22 dekabr 1993-cü il tarixində prezident Heydər Əliyevin Parisə rəsmi səfərindən sonra daha da genişlənməyə başlayıb. 2003-cü ilə qədər bir neçə dəfə Fransaya rəsmi və qeyri-rəsmi səfərlər edən Heydər Əliyevin siyasi kursunu prezident İlham Əliyev də davam etdirib və o, ilk rəsmi səfərinə məhz Fransadan başlamışdı. tmişdir. İlham Əliyev də ilk rəsmi səfərini məhz Fransadan başlayıb. Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir və üç həmsədr ölkədən biridir. Bu gün Azərbaycan və Fransanın parlamentləri arasında da sıx əlaqələr mövcuddur. Milli Məclisdə 1997-ci il martın 7-də yaradılan Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bir müddət Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi bu qrupa hazırda Cavanşir Feyziyev sədrlik edir.
Fransa Milli Assambleyasında fəaliyyət göstərən dostluq qrupunun prezidenti isə Pyer-Alan Rafandır. Fransaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb edilir. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir. Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyildir ki, ötən il Fransanın Cənubi Qafqazın üç ölkəsi ilə ümumi ticarət dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşüb. Bu ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 53 faizdən çox artıb. Ötən il ölkələrimiz arasında ticarətin həcmi 625 milyon dollar olub. Bunun 183 milyon dolları Fransadan Azərbaycana ixracın, qalan 442 milyon dolları isə Azərbaycandan Fransaya idxacın payına düşür. Azərbaycan Fransaya əsasən neft satır, əvəzində isə maşın və avadanlıq, dərman, qida və hazır sənaye avadanlıqları alır. Qarşılıqlı ticarət həcminin daha da artırılması, strukturunun şaxələndirilməsi, qeyri-neft məhsullarının Fransaya ixracının genişləndirilməsi üçün potensial böyükdür. Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri ölkəmizdə həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib. Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırılıb. Fransa ilə iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlıq genişlənməkdədir. Bu istiqamətdə Heydər Əliyev Fondunun rolu xüsusilə böyükdür. 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Fransanın ölkəmizdəki səfiri xanım Aureliya Buşezi və səfirliyin bütün əməkdaşlarını təbrik edirik.

Gündəm rubrikasından digər xəbərlər