Toylarda yemək-içmək vermək qadağan olundu

10:49 13.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda maraqlı, həm də çox lazımlı qərar qəbul edilib.

Hafta.az yazır ki, adıçəkilən rayonun Uzunkeçid bələdiyyəsinin sədri Cəmil Yıldız, Jandarm idarəsinin komandiri Savaş Karakurt, imamlar, muxtarlar və bir sıra fikir sahibləri toplaşaraq yerli camaatın narahatlığını əks etdirən çoxsaylı şikayətləri araşdırıblar. Sonda verilən 9 maddəlik qərara əsasən oğlan evi toyadək qıza əvvəlkindən 4 dəfə az qızıl alacaq.

Qeyd edək ki, indiyədək oğlan evi qıza 150 min lirəlik (təxminən 25-30 min manatlıq) qızıl almağa məhkum idi. Bundan sonra isə oğlan evinə 35 min lirə (5-6 min manatlıq) dəyərindən artıq qızıl almaq yasaq olunur. Qərarda daha sonra bildirilir ki, toylarda yemə-içmək verilməsinə son qoyulur. Toy sahibi gələn qonaqlara adi qaydada yemək təklif edə biləcək. Bundan əlavə, toydan bir gün əvvəl başlayıb, bir gün sonra başa çatan - 3 gün davam edən şənlik maksimum iki gün olacaq. 

Bələdiyyə sədri C.Yıldız deyib ki. daha əvvəllər oğlan evi əlavə olaraq qıza böyük miqdarda başlıq pulu ödəməliydi, yoxsa qızı verməzdilər. "Amma bələdiyyə olaraq həmin adətləri yasaqladıq. Ancaq yenə də görürdük ki, toylarda yemək-içmək israfı edilir və bu da toy sahibinə ciddi ziyan vururdu. Hətta toy sahibi uzun müddət borc ödəyirdi. Bütün bunlara son qoymaq üçün kənd ağsaqqalları bizə müraciət edib, yasaqların gətirilməsini istədilər. Biz də qərar verdik", - C.Yıldız deyib.