"Mərkəzi Bank yeni standartlar çərçivəsində təhlükəsizliyin tam təmin olunmasına çalışmalıdır" - EKSPERT

12:06 07.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son bir neçə ayda sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, onların bank hesabından yerli-yersiz pul silinmələri baş verir. 2020-ci il başlar-başlamaz “Unibank” müştəriləri də sosial şəbəkələrdə bununla bağlı şikayətlər paylaşdılar. Məsələ ilə bağlı açıqlama yayan "Unibank" məlumatı təsdiq edib. Lakin bank narahatlığa əsas olmadığını bildirib:

"Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar. Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək".

Bu gün isə bank hesablarından pul oğurlayan şəxs saxlanılıb. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Lerik rayon sakini G.Qəmbərova ötən ilin iyul ayında şəhər ərazisindəki bankomatların birindən 400 manat pulunun bank hesabından çıxarılaraq oğurlandığını bildirib. 

Maraqlıdır bu gün Azərbaycanda kommersiya bankları hesabların qorunması və şəffaflığı üçün hansı işlər görür?

Hafta.az- bu barədə danışan iqtisadçı alim Vüqar Bayramov dedi ki, üçüncü şəxslərin pulları çəkməsi, mənimsəməsi riskləri artıb. Ekspertin fikrincə, bu, isə onu göstərir ki, bank hesablarında təhlükəsizliyin gücləndirilməsinə ehtiyac var:

“Praktiki olaraq kommersiya banklarında vəsaitlərin üçüncü şəxslər tərəfindən çəkilmə halları vardırsa, Azərbaycanda  təhlükəsizliyin gücləndirilməsi mütləq lazımdır. Maliyyə hakerləri hesablardan vəsaitin çəkilməsini reallaşdıra bilir. Mərkəzi Bank tərəfindən standartların müəyyənləşdirməsinə ehtiyac var. Yeni standartlar çərçivəsində təhlükəsizliyin tam təmin olunmasına çalışmalıdırlar. Maliyə Bazarlarına Nəzarət Palatası ləğv olunub, onun səlahiyyətləri Mərkəzi Banka keçib. Mərkəzi Bank tərəfindən hesablara nəzarəti gücləndirilməklə bağlı xüsusi proqramların alınması və ya olan proqramların təkmilləşdirilməsinə ehtiyac var. Mən hesab etmirəm ki, kommersiya bankları hesablardan vəsaitlərin oğurlanmasında maraqlıdırlar. Bu, bir mesajdır ki, artıq yeni standartların tətbiq olunmasına çox böyük ehtiyac var”.

Oxunma sayı 604