"Qız uşağını yandırmaqla nəyisə ört-basdır etmək istəyirlər" - Hüquq müdafiəçisi

13:55 07.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son illər uşaqlara qarşı zorakılıq, cinayət xarakterli halların sayı artıb. Əsasən də bu kimi hadisələrə bölgələrdə daha çox rast gəlinir.

Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti bu il yanvarın 6-da Dondar Quşçu kəndində tapılıb. N. Quliyeva noyabrın 21-də qonşudakı toydan evə gedərkən yoxa çıxıb. Azyaşlının meyitinin üzərində yanıq xəsarətləri aşkar edilib.

Maraqlıdır bu kimi halların artmasında valideynlərin uşaqları nəzarətsiz qoyması faktı əsas rol oynaya bilərmi?

Məsələ ilə bağlı hafta.az-a fikir bildirən Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova dedi ki, bu faktın qız uşağı olduğuna görə baş verdiyini desək, yenə də tam izah etmək olmaz: “Çünki bəlkə orada başqa hallar baş verib. Kənd camaatı deyirlər ki, maşın vurub, aparıblar həyatını qurtarsınlar, qurtara bilmədikləri üçün yandırıblar. Maşın vuranı axı yandırmazlar. Deməli nəyisə ört-basdır etmək istəyirlər. Ekspertiza rəy verməyənə qədər nəsə demək olmaz. Mən özüm də zəng vurdum, kənd camaatının fikirlərini öyrəndim. Bəlkə də seksual zorlanma olub, bəlkə qisas xarakterli olub. Dəqiq araşdırılmalıdır. Yandırılma məsələsi adamı şüphəyə salır. Burada daha ciddi məsələlər ehtimal oluna bilər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirdilər ki, bu, birbaşa Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir məsələdir:

"Cinayət işləri bizim səlahiyyətimiz olmadığına görə, bununla bağlı araşdırma edə bilməmişik. Burada ölüm faktı var. Baş Prokrorluq məsələ ilə bağlı ətraflı məlumat yayacaq. Ölüm faktı olduğu üçün biz də bununla bağlı heç bir məlumat verə bilmirik. Ailə üzvləri ilə də hüquq-mühafizə orqanları maraqlanır".