Neftçi ailələri daxili həyətlərin abadlaşdırılmasını istəyirlər - REPORTAJ

19:05 15.07.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Son illərdə “Bizim həyət” layihəsi çərçivəsində paytaxtın rayon və qəsəbələrində abadlıq, təmir və bərpa işləri uğurla həyata keçirilir. Bir çox rayonlarda yaşayış binalarının həyətləri abadlaşdırılaraq, müasir istirahət guşəsinə çevrilir.

Bununla belə, hələ də diqqətdən kənarda qalan məhəllərər az deyil. Belə ünvanlardan biri də Nizami rayonu,  “Səkkizinci kilometr” qəsəbəsi, 2444 saylı məhəllə, Rizvan Teymurov küçəsi, 36, Əlif Hacıyev küçəsi, 54, Şirin Mirzəyev küçəsi, 79 və Tofiq Abbasov küçəsi, 65 saylı binaların yerləşdiyi ərazilərdir. Həmin ünvanlarda yaşayanlar, əsasən, neftçi ailələridir.

Yolumuzu bu dəfə həmin ünvanlardan saldıq. Sakinlər bildirdilər ki, keçən əsrin 1970-1980-ci illərindən sözügedən ünvanda yaşayırlar: «45-50 ilə yaxındır ki, məhəlləmizdə abadlıq və quruculuq işləri aparılmır. Əvvəllər yaşadığımız binalar ARDNŞ-nin balansında olanda  xırda-para işlər görülərdi. Son illər isə demək olar ki, bütün qayğılardan  uzağıq. Halbuki həyətimiz vaxtilə Bakının ən gözəl, abad məhlələrindən biri olub».

Xatırladaq ki, məhəllədəki beşmərtəbəli daş binalarda bu günə kimi təmir işləri aparılmadığından, binaların  dam örtükləri, su və kanalizasiya sistemi yarasız hala düşüb.  Binaların zirzəmiləri  çirkab sularla, məişət tullantıları ilə dolaraq antisanitarya  yuvasına çevrilib.  

Binaların həyətlərində sakinlərin  minbir zəhmət bahasına əkdikləri ağac və kollar, yaşıllıqlar su olmadığından,  quruyaraq tələf olur. Həyətdə uşaqların oynaması üçün salınmış furbol meydançası bərbad vəziyyətdədir.  Sakinlərin istirahəti üçün heç bir şərait yoxdir.Təqaüdə çıxmış neftçilər yerdə qalan ömürlərini mənalı keçirmələri üçün öz vəsaitləri hesabına istirahət  guşəsi tikdiriblər. Guşənin otağı təmir edilmədiyindən, bərbad haldadır.

İri, quruyan ağaclar kəsilib budanmadığından,  ərazidə qalıb.  Ağacların dibləri quru alaq otlarından təmizlənməyib.

Sakinlərdən tanınmış neftçi, ictimai xadim  Zaməddin Həmişəyev və respublikanın tanınmış həkimi Sirac Siracov əməkdaşımıza bildirdilər ki, məhəllədaxili yollar tamamilə dağılıb: «Aidiyyəti qurumlar üç ildir, bizə vəd verirlər.  Nizami Rayon Sukanal İdarəsinin rəhbərliyinədək müraciətlər olunub.  Gəlib yaşadığımız binaların həyətinə su xətləri çəksinlər, sayğac qoysunlar. Biz özümüz ağacları sulaya bilək  və istifadə olunan supullarını isə biz sakinlər ödəyəcək. Hətta su xəttinin çəkilməsi üçün Nizami RİH başçısının 1-ci müavini Qərib Məmmədovun  imzası ilə H.15-066 saylı  12 fevral 2016-cı il tarixli məktubla Nizani Rayon Sukanal İdarəsinə müraciət edilsə də, bu günə kimi məsələ həllini tapmayıb.  Eləcə də  yazdığımız müraciətin icrası ilə əlaqədar  Nizami RİH başçısının 1-ci müavini Qərib Məmmədovun imzası ilə 1-30-109 saylı və  07 mart 2019-cu il tarixli məktub Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı MKTB-nin rəisi Emin Talıbova və məlumat üçün surəti biz sakinlərə göndərilib. Həmin məktubda göstərilir ki,  R. Teymurov küçəsi, 36, Ə. Hacıyev küçəsi, 54, Ş. Şirzəyev küçəsi, 79 və T. Abbasov küçəsi, 65 saylı binaların bir qrup sakini Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, yaşadıqları binaların həyətinin abadlaşdırılması, futbol meydançasının təmrinə, işıqlandırılmasına və uşaqlar üşün əyləncə qurğularının quraşdırılmasına köməklik göstərilsin. Bu haqda sakinlərə məlumat verilsin. Təəssüflər olsun ki, bütün müraciət və şikayətlərimiz elə kağız üzərində qalaraq, bu günə kimi öz həllini tapmayıb”.

Sakinlər şikayətləndilər ki, Hər il Nizami Bələdiyyəsinə torpaq və əmlak vergisi və eləcə də binaların əsaslı təmiri, həyətyani sahələrdə abadlıq işlərinin aparılması məqsədi ilə əraziyə xidmət göstərən Mənzil-Kommunal İstismar Sahəsinə  vəsait ödəyirlər. Bunun məbləğində nə bələdiyyə, nə də MKİS bir iş görüb.