SSRİ istəsəydi, Polşa yəhudilərini soyqırımdan xilas edə bilərdi...

14:19 10.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Faşistlərin yəhudiləri kütləvi şəkildə qətlə yetirdiyi Auschwitz - Birkenau ölüm düşərgələrinin azad edilməsinin 75 illiyi münasibətilə İsraildə təşkil olunacaq beynəlxalq tədbir ərəfəsində Rusiyada nəşr olunan “Novaya Gazeta” məsələ ilə bağlı çox düşündürücü məqalə yayımlayıb.

Hafta.az-ın həmin məqaləyə istinadən yazdığına görə, Sovet hakimiyyəti 1939-cu ildə Üçüncü Reyxin işğalı altında olan ərazilərdə yaşayan yəhudilərə sığınacaq verməkdən imtina edib. Bunu Rusiyanın “Novaya Gazeta”da dərc olunan 1940-cı ildə Sovet rəsmilərinin daxili yazışmaları isbatlayır.

Bildirilir ki, 1940-cı ildə Nasist Almaniyası yəhudi əhalisi üçün getto təşkil edib. "Amma daha əvvəl, Üçüncü Reyx Sovet İttifaqına Almaniyadan və Polşadan yəhudilərin Birobican və Qərbi Ukraynaya köçürülməsi təklifini verib. Amma Sovet hakimiyyəti bu təkliflə razılaşmayıb. Ona görə də yəhudilər Ausçvitz (Auschwitz) və Treblinka şəhərindəki əsir düşərgələrinə göndərilib”, - xəbərdə qeyd olunur.

Rusiyalı tarixçi, Holokost tədqiqat və tədris mərkəzinin həmtəsisçisi İlya Altman bildirib ki, II Dünya Müharibəsi başa çatdıqdan sonra Sovet İttifaqında çox az adam Holokost sözünü və yəhudilərin qətlə yetirilmə tarixini bilirdi: “Nəinki Holokost kəlməsi işlədilmirdi, hətta müharibənin dinc qurbanlarına da laqeyd münasibət vardı. Nəinki yəhudi millətindən olanlara, işğal altındakı bütün mülki insanlara eyni münasibət bəslənilirdi”.

Qeyd edək ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin Qərbi Avropa ölkələrini, o cümlədən Polşanı nasist Almaniyası ilə əməkdaşlıqda, Hitleri Polşa və Avropa yəhudilərinə qarşı cinayətlər törətməkdə ittiham etməyə çalışıb. Təbii ki, bu ifadələri Polşa hakimiyyət nümayəndələri, eləcə də Qərb diplomatları və Stalinin cinayətlərini araşdıran bəzi rus tarixçilər qınadılar.

Bu arada bildirək ki, Polşa prezidenti Andrzej Duda, Auschwitz - Birkenau ölüm düşərgələrinin azad edilməsinin 75 illiyi münasibətilə yanvarın 23-də Qüdsdə keçiriləcək tədbirdə iştirak etməyəcəyini söyləyib. Hansı ki, o, tədbirə qatılmaq üçün rəsmən dəvət alıb. Məlumata görə, Polşa prezidentinin tədbirə qatılmamağının səbəbi, onun çıxışına şərait yaradılmamasıdır. Hansı ki, orada Rusiya, Almaniya, Fransa və İngiltərə rəhbərlərinin çıxışları planlaşdırılır.

"Yəni, hər şey göstərir ki, Molotov-Ribbentrop Paktını imzalayan dövlətlərin (Almaniya və Rusiya) nümayəndələri, Holokostun əsas günahkarları olan Almaniya, eləcə də yəhudiləri faşistlərə təhvil verən Fransa təmsilçisi Qüdsdə çıxış edəcək", - Polşa Yəhudiləri Forumunun nümayəndələri Twitter hesablarında yazıblar.

"Amma Almaniyanın işğalı altında olan Polşadakı yəhudilərin qətliamı barədə dünyaya xəbərdarlıq edən dövləti təmsil edən Polşa prezidenti, nəzərə alınmayan və eşitilməyən yeganə səsdir", - məlumatda qeyd olunur.

Oxunma sayı 752
Siyasət rubrikasından digər xəbərlər