Nikah yaşı 18-ə qaldırılır

15:15 27.10.2011
Yazını böyüt
Yazını kiçilt

Rəfael Cəbrayılov: “Nikah yaşının 17-i olması hüquqi baxımdan qeyri-normallıq idi“

Milli Məclisin Sosial siyasət, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin dünən keçirilən birgə iclasında Azərbaycanda nikah yaşının minimumun dəyişdirilməsi məsələsinə baxıldı. Qeyd edək ki, bu məsələ Ailə Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsində öz əksini tapıb. Layihədə təklif olunur ki, həmin məcəllənin 10-cu maddəsinə dəyişikliklər edilsin. Yəni, Azərbaycanda nikah yaşı 18 müəyyən olunsun.

Digər bir təklifdə isə qeyd olunur ki, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərə yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onlarn xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Onu da qeyd edək ki, Ailə Məcəlləsinin mövcud variantında nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 nəzərdə tutulur. “Yeddi ilə yaxındır ki, bizim komitə ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi birlikdə Ailə Məcəlləsinin bu və ya digər maddələrinə dəyişikliklər məsələsini müzakirə edib, gündəmə gətirib. Hətta, üç il bundan əvvəl Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən geniş tədbirdə nikah yaşının 18 yaşa qaldırılması təklif edildi. Bu, həm mətbuatda, həm də ictimaiyyətdə geniş müzakirə olundu. Amma təklif birmənalı qarşılanmadı“. Bu fikirləri birgə komitələrin iclasına pəhbərlik edən parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirdi. Onun dediyinə görə, amma indi Prezident İlham Əliyevin parlamentə göndərdiyi təkliflə və deputat həmkarımız, birinci xanım Mehriban Əliyevanın əməyi ilə bu məsələyə nail olunub. Yəni, nikah yaşının həm oğlanlar və qızlar üçün 18 yaş müəyyən edilməsi məsələsi bügünkü (dünənki) müzakirəyə çıxarılıb. H.Rəcəbli onu da bildirib ki, dünyada BMT-nin müvafiq konvensiyasına əsasən 18 yaşa qədər insanlar uşaq hesab olunur. Eyni zamanda, dünyada 200-ə yaxın ölkənin 135-də, o cümlədən, bəzi müsəlman dövlətlərində nikah yaşının minimumu 18 yaşdır. Millət vəkili Rəfael Cəbrayılov Ailə Məcəlləsinə edilməsi nəzərdə tutulan məlum dəyişikliyin çox məqsədəuyğun olduğunu çıxışında bildirdi. Onun sözlərinə görə, nikah yaşının 17-i olması əslində hüquqi baxımdan qeyri-normallıq idi. Çünki 18 yaşa kimi normal mülki fəaliyyət qabiliyyəti mümkün olmur. “Ailə məsələsi cəmiyyətin ümumilikdə maraq dairəsində olan məsələıdir. Kim bu məsələyə şəxsi məsələsi kimi yanaşırsa, səhv edir. Ona görə, nikah yaş həddinin 18 yaşa qaldırılması çox düzgün addımdır“-deyə,o, qeyd etid. Digər millət vəkili Çingiz Qənizadə də bu dəyişikliyə sevindiyini, ancaq burada yenə istisna halın nəzərə tutulmasına ehtiyac olmadığını vurğuladı: “Azyaşlıların, xüsusilə, qızların tez nikaha daxil olması məsələsi narahatçılıq doğururdu.Bu,az qala cəmiyyətin, dövlətin probleminə çevrilmişdi.Bu,eyni zamanda dövlətin imicinə zərər vururdu. Bəzən bizə də deyirdilər ki, nəyə görə Azərbaycanda belə bir addıma gedilir. Odur ki, bu gün müzakirəyə çıxarılan məsələ və təklif çox sevindirici bir məsələdir“. Geniş müzakirələrdən sonra Ailə Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Nahid Canbaxışlı
Oxunma sayı 494