Nümayişçilər Beyrutda İqtisadiyyat və Xarici İşlər nazirliklərinin binalarına hücum ediblər - YENİLƏNİB

21:34 08.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyrutun Şəhidlər meydanına çıxaraq parlamentin binasına doğru irəliləyən nümayişçilər İqtisadiyyat və Xarici İşlər nazirliklərinin binalarına hücum ediblər. Onlara Livan ordusunun ehtiyatda olan zabitləri başçılıq edir. Hər iki binanın qarşısında avtomobillər yandırılıb, yanğınlar baş verib. Polis nümayişçilərə qarşı bibər qazından istifadə edir.

Baş Nazir Həsən Diyab xalqa müraciət edib. O deyib ki, xalqın hökumətə qəzəbini haqlı hesab edir və tezliklə ölkədə növbədənkənar seçkilərin keçirilməsi təklifini Prezident Mişel Auna təqdim edəcək. “Livan öz tarixində ən çətin günlərini yaşayır və son hadisələrin fəsadlarını aradan qaldırmaq mümkün olmayacaq. Biz korrupsiyanın qarşısını almaq, sosial-iqtisadi böhranı aradan qaldırmaq istiqamətində də tədbirlər həyata keçirəcəyik. Beyrut limanında baş vermiş partlayışın təqsirkarlarını məsuliyyətə cəlb edənədək istintaq davam edəcək”, - deyə hökumətin başçısı vurğulayıb.

Son məlumatlara görə, partlayış qurbanlarının sayı 158-ə çatıb, 6 min nəfər isə yaralanıb. Bundan başqa, 300 min Beyrut sakini evsiz qalıb.

***21:20

Avqustun 4-də Beyrutda baş vermiş partlayışdan sonra iqtisadi-sosial vəziyyətin daha da pisləşdiyi, humanitar fəlakətin yaşandığı Livan paytaxtında əhali küçələrə çıxıb. Təxminən 5 min nümayişçi Beyrutun Şəhidlər meydanına çıxaraq parlamentin binasına doğru irəliləyib.

Nümayiş iştirakçıları ilə polis arasında qarşıdurma olub. Parlamentin binasına yürüyən iştirakçılara qarşı bibər qazından istifadə edilib. Mitinq iştirakçıları Həsən Diyabın rəhbərlik etdiyi hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Bu saatlarda parlamentin binası qarşısında polislə nümayişçilər arasında qarşıdurma davam edir. Bir qrup nümayişçi qanunverici orqanın binasına daxil olub.

Livan Qırmızı Xaç Cəmiyyəti iğtişaşlarda 130 nəfərin, o cümlədən polis əməkdaşlarının yaralandığı bildirib.

Livan parlamentinin 3 deputatı hökumətin yarıtmaz siyasətinə etiraz əlaməti olaraq istefa verib. Həmçinin əsas müxalifət partiyası olan “Katayib”in sədri Sami Cmayelin insanları etiraz aksiyasını davam etdirməyə çağırdığı bildirilir.

Oxunma sayı 2887
Dünya rubrikasından digər xəbərlər