Ölkəmizdə hibrid avtomobillərin istifadəsi stimullaşdırıla bilər

19:39 14.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər hesab edirlər ki, bu məsələ ətraf mühitə mənfi təsirlərin azaldılması üçün vacibdir

Avtonəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin azaldılması, ekoloji cəhətdən təmiz elektromobil və hibrid avtomobillərdən istifadənin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə keçirilib. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, müzakirələrdə Daxili İşlər, Maliyyə və Energetika nazirliklərinin, Dövlət Avtomobil Nəqliyyatı, Dövlət Vergi xidmətlərinin, Bakı Nəqliyyat və Avtomobil Yolları Dövlət agentliklərinin əməkdaşları iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev ölkədə atmosferə atılan zərərli maddələrin böyük bir hissəsinin avtonəqliyyatın payına düşdüyünü və bu səbəbdən də köhnə avtoparkın yenilənməsinin, elektromobil və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılmasının vacibliyini qeyd edib. O, nazirliyin hibrid avtomobillərinin istifadəsinə üstünlük verdiyini, hazırda öz xidməti avtomobilinin də hibrid olduğunu diqqətə çatdırıb və avtomobilin ekoloji cəhətdən təmizliyi ilə yanaşı, az yanacaq sərfiyyatı ilə büdcə vəsaitinə də qənaət edildiyini bildirib.

Görüşdə Azərbaycanda köhnə nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması, hibrid avtomobillərinin istifadəsi ilə havaya atılan zərərli tullantıların həcmini azaltmaqla ölkənin ekoloji durumunu yaxşılaşdırmağın mümkünlüyü qeyd olunub. Dünyanın bir çox ölkəsində elektrik və hibrid avtomobillərinin daha əlçatan olması üçün genişmiqyaslı strategiyaların həyata keçirildiyi, bu avtomobillərin alıcılarına və satıcılarına müxtəlif tipli güzəştlərin tətbiq edildiyi və belə təşviqedici addımların yaxşı nəticələr verdiyi barədə fikir mübadiləsi aparılıb. Ölkəmizdə də elektriklə çalışan avtomobillərin istifadəsinin genişləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə fəaliyyətin daha da sürətlənməsinin vacibliyi vurğulanıb.

Yeri gəlmişkən, ölkəmizdə atmosfer havasının mühafizəsi “Atmosfer havasının mühafizəsi haqqında” qanunla tənzimlənir. Sənədə görə, atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri insan sağlamlığının qorunmasının üstünlüyü,  insanın həyatı, əmək fəaliyyəti və istirahəti üçün əlverişli ekoloji şəraitin təmin edilməsi, atmosfer havasının çirklənməsindən ətraf mühit üçün bərpa olunmayacaq nəticələrinə yol verilməməsi, atmosfer havasının mühafizəsinə elmi cəhətdən əsaslandırılmış, sistemli və kompleks yanaşmadan ibarətdir.

Qanunda göstərilib ki, atmosfer havasına atılan zərərli maddələrin və olan zərərli fiziki təsirin mənbələrinə malik olan hüquqi və fiziki şəxslər atmosfer havasının mühafizəsinə dair tədbirləri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırdıqdan sonra həyata keçirirlər. Müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin həcminin azaldılmasına dair tədbirləri, atmosfer havasının monitorinqi üzrə məlumatları, zərərli maddələrə nəzarətin və onların yayılması miqyasının nəticələrini nəzərə alaraq atmosfer havasının mühafizəsinə dair məqsədli (müəyyən dövr üçün) proqramlar hazırlayır və həyata keçirir.

Sənəddə vurğulanıb ki,atmosfer havasının mühafizəsinə dair tədbirlər ətraf mühitin digər obyektlərinə zərər vurmamalıdır. Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına dair tədbirlərin həyata keçirilməsində əhalinin və qeyri-hökumət təşkilatlarının təkliflərini nəzərə almaq məqsədilə atmosfer havasının mühafizəsinə dair proqram layihələri onların müzakirəsinə çıxarıla bilər.

Qanuna əsasən, atmosfer havasına zərərli maddələrin atılmasının dövlət tərəfindən tənzimlənməsi məqsədilə atılmanın texniki normativləri və onun yol verilən həddi müəyyən edilir. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvəqqəti razılaşdırılmış atılma atmosfer havasına zərərli maddələrin atılmasının texniki normativlərinə əməl edilməsi və onların miqdarının azaldılması üzrə tədbirlər planının olması şərti ilə, atılmanın yol verilən həddinə mərhələlərlə nail olunması müddəti üçün müəyyən edilir. Atılmanın yol verilən həddinə mərhələlərlə nail olma müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İnsan sağlamlığına və ətraf mühitə təhlükə dərəcəsi nəzərə alınmaqla, atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması tədbirlərini hüquqi və fiziki şəxslər hazırlayır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra həyata keçirirlər.

Sənəddə habelə qeyd olunub ki, təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır. Şəhər və digər yaşayış məntəqələrinin hüdudlarında, yanında, habelə şəhər və digər yaşayış məntəqələrinin salınması, yenidən tikintisi zamanı atmosfer havasının keyfiyyət normativlərinə zərərli təsir edən təsərrüfat obyektləri layihələşdirilərkən, yerləşdirilərkən atmosfer havasının çirklənməsinin fon səviyyəsi və təsərrüfat fəaliyyətinin həyata keçirilməsi nəticəsində onun keyfiyyətinin dəyişməsi nəzərə alınmalıdır.

Qeyd edək ki, hazırda şəhərlərdə fəaliyyət göstərən sənaye və nəqliyyat vasitələrinin havaya buraxdığı tullantılar atmosfer havasının kəskin çirklənməsinə səbəb olur. Atmosfer havasının çirklənməsi ətraf təbii mühitə və insan sağlamlığına müxtəlif həyat təminatı sistemlərinin ləng və tədricən dağılmasına qədər təsir edir. Atmosferin çirklənmə səviyyəsi göstəricilərdə də öz əksini tapır. Çirkləndirici maddələrin təhlükə dərəcəsindən və konsentrasiyasından asılı olaraq dəyişən ümumi kompleks göstərici kimi atmosferin çirklənmə indeksindən (AÇİ) istifadə olunur. Konkret məntəqələrdə aparılan hesablamalar göstərir ki, çirkləndirici maddələrin miqdarı atmosferə hansı formada və hansı yollarla daxil olmasından asılı olaraq dəyişir. AÇİ adətən tullantıların ən yüksək orta illik göstəricisi üzrə hesablanılır. Şəhərlərdə havanın əsas çirklənmə mənbələri asılı maddələr, azot 2-oksid, benzapiren, formaldehid, fenol, karbon-sulfid və hidrogen ftoriddir.

Əldə olunan statistik məlumatlara görə, son on il ərzində atmosferin orta illik çirklənməsi təqribən 50faizə qədər artıb. Sənaye məhsullarının istehsalı gündən günə artır ki, bu da metallurgiya, kimya, neft, qaz və kömür istehsalı sənayelərinin atmosferə atılan tullantılarının miqdarının artmasına gətirib çıxarır. Həmçinin qaz, kömür və mazutla işləyən istilik energetikasının tullantılarının həcmi də artıb.

İri şəhərlərdə havanın yüksək çirklənmə dərəcəsi qeydə alınıb. Bu da öz növbəsində ümumi ekoloji vəziyyətin gərgin olmasını təyin edir. Atmosferin ümumi çirklənməsi bütövlükdə iqlimin dəyişməsinə, “istixana effekti”nin yaranmasına, bu isə qlobal istiləşməyə gətirib çıxarır.

Araşdırmalar göstərir ki, hazırda ətraf mühitə atılan tullantılar və zərərli kimyəvi birləşmələr atmosfer havasını, su tutarlarını, torpaqları xeyli dərəcədə çirkləndirir, bir cox yerlərdə bitki ortüyünün, meşə və yaşıllıqların azalmasına və ya tamamilə məhv olmasına səbəb olur. Sonda bu da öz təsirini nadir bitki və heyvan növlərinin azalmasaında və ya tamamilə yox olmasında göstərir. Hesablamalara görə, yanacağın yandırılmasından və istehsal prosesindən 100 il ərzində atmosferə 400 milyard tondan çox karbon 4-oksid (CO2) buraxılıb. Hazırda havaya hər il 200 milyon ton karbon 4-oksid, 50 milyon tondan çox azot oksidləri buraxılır. Təkcə hər il yanacağın istehsalı nəticəsində atmosferə təxminən 10 milyon tondan çox karbon qazı 700 milyon ton sulfat anhidridi, dəm qazı, kükürd qazı, azot oksidləri, karbohidrogenlər, 200-300 milyon ton aerozol, his və toz atılır. Müxtəlif sənaye müəssisələri atmosfer havasını, həmçinin çoxlu miqdarda karbon və kükürd qazları ilə zəhərləyir. Böyük şəhərlərdə isə havanı zəhərləyən əsas mənbələrdən biri də avtomobillərin buraxdığı tüstü qazlarıdır. Bu qazların tərkibində 2-10 faizə qədər karbon 2-oksid (CO) olur. Sənaye şəhərlərinin havası ən çox kükürd 4-oksid (SO2) ilə zəhərlənir. Kükürd qazı ilə atmosferin çirklənməsində birinci yeri istilik elektrik stansiyaları (İES) tutur. Nəhəng İES və istilik energetika mərkəzlərinin havaya buraxdığı CO2 və SO2 qazlarının daim atmosferdə olması meşə zolaqlarına və bitki aləminə məhvedici təsir göstərir. Kükürd qazı və azot qazlarının atmosferdə çoxalması “turşu yağışlarının” yaranmasına səbəb olur. Bu cür yağışlar bütün canlı aləmə böyük ziyan vurur.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı