Azərbaycanda Mədəniyyət mərkəzləri yaradılacaq

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
Mədəniyyət və Turizm Nazirliyi ölkənin qədim və zəngin qeyri-maddi mədəni irsinin müasir standartlara cavab verə biləcək formada qorunması, bərpası və istifadəsinin təşkili, onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə “Şəhər (Rayon) Mədəniyyət mərkəzlərinin yaradılması“ pilot layihəsinin icrasına başlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, pilot layihə Lənkəran şəhərində və İsmayıllı rayonunda Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan klub müəssisələrinin bazasında ilk müasir mədəniyyət mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Müvafiq klub müəssisələrinin bazasında yerləşəcək və müasir avadanlıqlarla təchiz ediləcək. Mədəniyyət mərkəzləri yerli ziyalıları və mədəniyyət xadimlərini cəlb edərək müvafiq şəhər və rayon mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə dəstək olacaq. Mədəniyyət mərkəzlərinin təsis edilməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən daxili mədəniyyət siyasəti sistemində dönüş üçün təkan verərək, mədəniyyətin idarə olunmasında desentralizasiya, demonopolizasiya və demokratikləşmə istiqamətində aparılan islahatların sürətləndirilməsi, regionların inkişafı və yerli təşəbbüslərin oyadılması, turistlərin cəlb olunması, yoxsulluğun azaldılması üzrə aparılan dövlət siyasəti ilə üst-üstə düşərək səmərəli mexanizmin yaradılması ilə nəticələnməlidir.

Oxunma sayı 183