“Azərbaycanda müxtəlif konfessiyalar bir ailə kimi yaşayır“

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt

Yevda Abramov: “Onların arasındakı münasibətlər qarşılıqlı hörmət və anlayışa əsaslanır“

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların qorunması dövlətin başlıca prioritetlərindən biri elan edilib. Hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycanda insan hüquqlarının ayrılmaz hissəsindən biri də müxtəlif konfessiyalar və dinlər arasında tolerantlığın təminidir. Artıq ölkəmiz müstəqilliyininin 20 illiyini qeyd etdi. Bu müddət ərzində Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı çox işlər görülüb. Ölkə vətəndaşlarının hər birinin bu hüquqları Konstitusiyada öz əksini tapıb.

Lakin bəzən müxtəlif qüvvələr Azərbaycanda hökm sürən tolerantlıq mühitinə kölgə salmağa çalışır. Bu məsələlərlə bağlı suallarımızı “Həftə içi“nə müsahibəsində Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov cavablandırır:
- Azərbaycanda tolerantlıq bütün dünyaya örnək ola biləcək bir nümunədir. Bu gün ölkəmizdə onlarla müxtəlif xalqların təmsilçiləri yaşayır. Bu illər ərzində Azərbaycanda heç bir dini və milli zəmində toqquşma qeydə alınmayıb. Hər bir xalq burada birgə ailə formasında yaşamağı, dövlətin güclənməsi üçün çalışmağı bacarıb. Ölkəmizdə bu cür tolerantlıq mühitinin formalaşması güclü siyasi iradə və ağıllı siyasətin nəticəsidir. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətimiz hər bir sahədə olduğu kimi demokratiyanın inkişafı, tolerantlığın, insan hüquqlarının təmin olunması istiqamətində də uğurlu islahatlar apardı. Məhz ümummilli liderin güclü siyasi iradəsi xarici qüvvələrin Azərbaycan daxilində milli və dini zəmində iğtişaşlar yaratmaq planlarının qarşısını aldı. Sözügedən siyasət hörmətli prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
- Tolerantlıq mühitinin möhkəmləndirilməsi və insan hüquqlarının təmininin qanunvericilik bazası barədə nə söyləyə bilərsiniz?
- 1995-ci ildə ümummilli liderin birbaşa təşəbbüsü ilə hazırlanaraq ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş Konstitusiyamız MDB məkanında insan hüquq və azadlıqlarına ən geniş yer verilmiş əsas qanun sayılır. Orada bütün fundamental hüquq və azadlıqlar təsbit olunub. Azərbaycan bu gün Avropa Şurası, ATƏT, BMT kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Həmin təşkilatlara üzvlük məsələsində üzərimizə götürülən öhdəliklərin böyük bir qismi məhz insan hüquqlarının təmini və qorunması ilə bağlıdır. Bu səbəbdən Azərbaycan üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirərək insan hüquqları ilə bağlı bir çox beynəlxalq konvensiyalara imza atıb. Onlar Milli Məclis tərəfindən ratifikasiya edilib və qanunvericilik bazamız həmin konvensiyaların tələblərinə uyğun olaraq təkmilləşdirilib. Bir çox siyasi və sosial hüquqların təmin edilməsinin müasir standartlara uyğunlaşdırılması məqsədilə qanunvericilik aktlarımıza dəyişikliklər edilib. Həmin qanunlar Azərbaycanda yaşayan azsaylı xalqların hüquqlarının təmininə də imkan yaradır. Əgər Milli Məclisin tərkibinə baxsaq orada yəhudi, rus və digər icmaların təmsilçilərini görə bilərik. Bu Azərbaycandakı tolerantlığın ən gözəl sübutu sayılır.
- Azərbaycandakı tolerantlığın dünyaya nümunə ola biləcəyini söylədiniz. Digər dövlətlərin bu sahədə ölkəmizin təcrübəsindən yararlanmaq istəkləri mövcuddurmu?
- Təbii ki, bu belədir. Azərbaycanın hörmətli prezidenti İlham Əliyevin və birinci xanım, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda son bir neçə ildə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşkili, tolerantlığın yayılması ilə bağlı bir çox beynəlxalq konfranslar təşkil edilib. Həmin konfranslara dünyanın onlarla ölkəsindən tanınmış şəxslər, siyasətçilər, lobbi rəhbərləri və s. qatılıb. Bu forumların, beynəlxalq konfransların yüksək səviyyədə təşkili, oraya qatılan insanların tərkibi məhz müxtəlif dövlətlərin Azərbaycandakı tolerantlıq mühitindən yararlanmaq istəyinin böyük olduğunu göstərir. Bunu tək biz söyləmirik. Üzvü olduğumuz dünyanın aparıcı beynəlxalq təşkilatlarının rəhbərləri, ayrı-ayrı ölkələrin prezidentləri, din xadimləri də eyni fikirdədir. Bu gün Azərbaycanda insanlar həm məscidlərdə, həm də kilsə və sinaqoqlarda azad şəkildə dini ibadətlərini həyata keçirə bilirlər. Hər bir dinin müqəddəs bayramlarında bu konfessiyaların rəhbərləri, təmsilçiləri eyni süfrə arxasında əyləşir və bir-birilərini qarşılıqlı şəkildə təbrik edirlər. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda milli və dini zəmində qarşılıqlı anlaşma, hörmət mövcuddur.
- Azərbaycandakı yəhudi icmasının tarixi, fəaliyyəti, mövcud durumu barədə nə deyə bilərsiniz?
- Azərbaycanın yəhudi icmasının tarixi minilliklərə söykənir. 2600 ildən öncə yəhudilər dağlarda tat müsəlmanları ilə qonşu olaraq məskunlaşıblar. Yəhudilər və tat müsəlmanları arasında münasibətlər illər uzunu dostluq şəraitində inkişaf edib. Müxtəlif dinlərə etiqad edən iki millət onilliklər ərzində qohumluq əlaqələri qurmaqda idilər. Sonralar ivrit və fars dillərinin qarışığı olan bu nadir dildə danışan yəhudiləri dağ yəhudiləri adlandırdılar. Azərbaycanda daha iki yahudi icması var. Bunlar aşkenaz və gürcü-yəhudi icmalarıdır. Onlar Bakıya XIX əsrdə birinci neft bumu zamanı gəliblər. Bunlar iqtisadçılar, rəssam-memarlar, bütün sahələrdə fəaliyyət göstərən sənətkarlar idilər. Bu gün Azərbaycanda beş fəaliyyətdə olan sinaqoq var ki, onların 2-si Bakıda, 2-si Qırmızı Slobadada biri isə Oğuzda yerləşir. Azərbaycanda iki yəhudi məktəbi, kolleclər, uşaq bağçaları və dini məktəb fəaliyyət göstərir. 1993-cü ildə Bakı Dövlət Universitetində İvrit dili fakültəsi açılıb, ivritdə qəzet və jurnallar çap olunur. Bu gün Azərbaycan Respublikasında 20 min yəhudi var, onların 95%-ni dağ yəhudiləri təşkil edir. Hamıya məlumdur ki, Azərbaycanda yəhudiləri heç vaxt sıxışdırmayıblar. Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə çatdırılıb. Məhz bütün bunlara görə yəhudi icması ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hörmətli prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursu tam dəstəkləyir. Keçən il Bakıda yəhudi məktəbinin açılışı oldu. Bu mərasimə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəxsən qatıldılar. Daha sonra məktəbin açılışına gələn dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının təmsilçilərini qəbul edərkən prezident qeyd edək ki, tarixən Azərbaycanda müxtəlif millətlərin nümayəndələri dinc yanaşı yaşayıb. Bu ənənə indi də uğurla davam etdirilir və nümunəvi xarakter daşıyır. Dövlət başçısı yəhudi məktəbinin timsalında milli azlıqlar üçün Azərbaycanda reallaşdırılan layihələrin xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirdi.
Nahid Canbaxışlı
Oxunma sayı 27