“OPEC+ görüşündən sonra hər şey dəyişə bilər” – İlham Şaban

11:03 08.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Dünyada neftin qiyməti ilin əvvəli ilə müqayisədə iki dəfədən çox aşağı düşdü. Prosesin nə qədər davam edəcəyini bilmirik. Ekspertlər belə deyirlər. Bir sıra mütəxəssislər hər şeyin 9 apreldə OPEC+ ölkələrinin hasilatı azaldıb azaltmamaları ilə bağlı qərarından sonra dəyişəcəyini deyir. Bəs Azərbaycan iqtisadiyyatı, Neft Fondumuzdakı ehtiyatlar mövcud prosesə nə qədər tab gətirə biləcək?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla söhbətləşdik.

O, hafta.az-a müsahibəsində neftin qiymətlərinin hazırkı duruma düşməsinin səbəblərindən, Azərbaycanın bu durumdan çıxma imkanlarından, mövcud konteksində valyuta ehtiyatlarımızın nə vaxta kimi dayana biləcəyindən danışıb.

- Vəziyyət bu həddə haradan gəldi? İlin əvvəlində hər şey normal görünürdü...

Neftin dünya bazar qiyməti mart ayının ikinci yarısında gözlənilmədən iki dəfədən çox aşağı düşdü. Yanvarın 6-da maksimum hədd 71 dollar olmuşdu. Əgər biz baxsaq görərik ki, mart ayının 1-də “Brent” markalı neftin qiyməti 52 dollar idi. Artıq aprel ayının 1-nə qədər qiymətlər 24 dollara qədər ucuzlaşmışdı. Bu tendensiya ilə mart ayında “qara qızıl”ın öz dəyərini iki dəfədən çox itirməsi ilin əvvəlindən bu yana 2,9 dəfə dəyər itirməsinə səbəb oldu.

- Bunun səbəbləri nə idi?

- Bunun iki səbəbi vardı. Səbəblərdən biri dünya iqtisadiyyatına koronavirusun təsirləridir. Yəni, dünyanın istehlakçı ölkələrinin iqtisadiyyatlarının karantin rejiminə keçməsi ilə birbaşa əlaqəlidir. Bununla da neft məhsullarına olan təlabat aşağı düşdü. Beləliklə, baş verənlər fonunda ayın 1-də OPEC+ çərçivəsində hasilatın azaldılması ilə bağlı 2019-cu ilin dekabrında əldə edilmiş razılığın qüvvədən düşməsi və onun əsas oyunçularının hasilatı artırmaq meyilləri idi. Bu fonda bazar iştirakçıları üçün dumanlı mühit yaranmağa başladı. Çünki birjalarda, hərraclarda satılan neft qiymətləri bu günün deyil. O 45 gün sonra bazara çıxarılacaq neftin qiymətləridir. Digər bir səbəb ilin əvvəlində İranla ABŞ arasında gərginliyin artmasına səbəb olmuşdu. İstənilən halda bu gərginlik fonunda belə qiymətlər 65-70 dollar arasında dəyişirdi.

- Belə çıxır ki, ucuzlaşma ilkin səbəb koronavirus oldu?

- Bəli. Çünki insanların yerdəyişməsi məhdudlaşdı. Sərhədlər bağlandı. Dövlətlər arasında mal mübadiləsi dayandı. Bunun da ilk təsiri aviasiyaya oldu. Sonra müəssisələr fəaliyyətini dayandırdı. Ardınca avtomobillərin hərəkəti dayandı. Nəticədə istehsal və təlabat get-gedə azaldı. Adi bir misal çəkim, İtaliyanın Siciliya adasındakı neft ayırma zavodu ilin əvvəlində - yanvar ayında 9,6 milyon barrel neft istehsal etmişdisə, mart ayında bu rəqəm 3,3 milyon barrelə düşdü. Əgər enerjiyə təlabat azalırsa, deməli qiymətlər də düşəcək. Aprelin 9-da OPEC+ ölkələri toplanacaq. Düşünürəm ki, bu görüşdən sonra hər şey dəyişə bilər. Mənim proqnozum müsbət xəbər eşidəcəyimizlə bağlıdır. Bunun da əsas səbəbi hasilatın azaldılmasına ölkələrin razılığıdır. Hər şey masada müəyyənləşəcək. Düşünmək olar ki, neftin qiymətinin bu qədər ucuzlaşmasını onlar da istəmirlər.

- Bundan sonrakı aylarda qiymətlər artan yoxsa azalan şkala üzrə dəyişəcək? Dünya iqtisadiyyatının hazırkı durumu qiymətlərin azalmasına, ya artmasına “yaşıl işıq” yandıracaq?

- İstər Dünya Bankı, istərsə də Beynəlxalq Valyuta Fondu 2020-ci illə bağlı, eləcə də bu ilin 4 martında verdikləri proqnozları yenidən korrektə etdilər. Onlar bu il ərzində Çində və Avropada iqtisadiyyatda qalxmanın deyil, enmənin müşahidə olunacağını dilə gətirdilər. Bu da neft bazarı iştirakçıları arasında pessimist əhval-ruhiyyə yaradır. Bu o deməkdir ki, enerjiyə əvvəlki səviyyədə təlabat olmayacaq. Enerjiyə təlabat olmadıqca deməli, neftin qiymətləri də bundan sonrakı müəyyən zaman kəsiyi ərzində kifayət qədər ucuzlaşacaq. Təlabatın azaldığı yerdə təklifin çoxalması odun üzərinə yanacaq tökmək kimi bir şeydir.

- O zaman belə yerdə sual yaranır ki, baş verənlər fonunda qiymətlər hansı əsasla artmağa doğru getməlidir?

- Əgər görürsən ki, ilin əvvəlindən buraya neftin qiyməti 3 dəfədən çox azalır, o zaman sən qiymətlərin qaldırılması üçün niyə addım atmırsan. Məsələ budur. Sanki feodalizmdəki böhranların oxşarıdır. Tək feodalizm yox, kapitalizmdəki böhranlar da hazırkı durumun bənzəridir. Bazarların müəyyən sektorlar arasında tənzimlənməsi məsələsi zaman-zaman mövcud olub. Bir sıra ölkələr var ki, neftdən başqa dünya bazarına çıxarası bir şeyi yoxdur. O zaman da sən məcbur olursan ki, əlindəki məhsulu dəyər-dəyməzinə satasan. Əlinə pul gəlsin ki, sənə lazım olan digər məsələləri də həll edə biləsən. Sənə lazım olanları ala biləsən. 90-cı illərdən bu yana beynəlxalq iqtisadi qurumlar həmin ölkələrə təklif edirdi ki, iqtisadiyyatı şaxələndirin. Yəni, iqtisadiyyatı şaxələndirmək neftdən asılı olmamaq üçündür, hazırkı durumda dövlətlərin neft qiymətlərindən asılılığını azaltmağa görədir. Birdən-birə hər şey kəsiləndə, dayananda da həmin qrupa aid olan dövlətlər çətin vəziyyətinə düşürlər.

- Neftin qiymətlərinin hazırkı duruma gəlməsində Səudiyyə Ərəbistanının nə kimi günahı var?

-Neft istehsalıçıları üçün qara bazar ertəsi adlandırılan ötən bazar ertəsi Səudiyyə Ərəbistanı istehsalını artıracağını açıqladı. Bununla da neftin qiymətlərində ucuzlaşma daha da kəskinləşdi. İkinci səbəb isə Rusiyanın Şimali Avropaya neft ixracını artırması ilə bağlı idi. Bu xəbərlər də heç şübhəsiz ki, bazarlarda neqativ fonda öz əksini tapdı.

-Bəs mövcud vəziyyətdən çıxmaq üçün neft istehsalçıları, o cümlədən Azərbaycan hansı addımları atmalıdır?

- Proses hələ ki, qeyri-müəyyəndir. Bilinmir ki, proses hansı müddətə kimi davam edəcək. Bunu indidən söyləmək çətindir. Ona görə də ölkələr konkret addım ata bilmirlər. Çünki müddət bilinmir, qeyri-müəyyəndir. Çıxılmazlıq və qırılma nöqtəsi də elə buradadır. Biz gördük ki, heç Putinlə Tramp arasındakı telefon danışıqları da bazarlardakı mövcud qiymətlərə öz təsirini göstərə bilmədi. Çünki bazara nəticəyə təsir edəcək hər hansı bir informasiya verilmədi. Bundan başqa ABŞ prezidenti ilə Səudiyyə kralı arasında da telefon danışığı oldu. Yenə də bazardakı qiymətlər dəyişmədi. Çünki bazar konkret addımlar tələb edir. Digər tərəfdən, Çin aprelin ikinci həftəsindən başlayaraq karantini aradan götürür. Bu yaxşı xəbərdir ancaq neftin qiymətini artırmaq gücündə deyil. Digər böyük istehlak bazarlarında – Avropa və Amerikada pandemiya artıma doğru gedir. İstehlak bazarında durğunluqdur. Ona görə də hesab edilir ki, proses bir-iki ay da davam edə bilər.

-Azərbaycan iqtisadiyyatı da neftdən asılıdır. Hazırda bizim mövcud durumumuz, valyuta ehtiyatlarımız nə qədər dayanmağa imkan verir. Yəni, valyuta ehtiyatlarımız prosesə nə qədər davam gətirəcək?

-Artıq baş verənlər fonunda mənfi təsir Azərbaycan iqtisadiyyatından da yan keçmir. Bunu müşahidə etmək mümkündür. İlk rübün birinci və ikinci ayında 65-45 dollar arasında dəyişmə oldu. Hazırda iki dəfədən çox azalma var. Hər tankerdə biz büdcə proqnozlarında nəzərdə tutulmuş rəqəmlərin iki dəfə aşağı düşdüyünü görürük. Bu da təkcə Neft Fondunun vəsaitlərində deyil, ümumi icmal büdcəmizdə də özünü göstərəcək. Neft 40-45 dollara düşəndə bizim üçün elə də təsir böyük deyildi. Hətta rəsmilərimiz də deyirdi ki, neft şirkətlərinin büdcəyə köçürdüyü vəsait elə də böyük deyil və bu, 450-500 milyon manat olacaq. Sonrakı müddətdə hər şey dəyişdi. Qiymətlər getdikcə ucuzlaşmağa başladı. Üstəlik prosesin nə zaman başa çatacağını da söyləmək çətindir. Heç kəs evdə qal kampaniyasını və müəssisələrin bağlanmasını nəzərə almamışdı. Bir şeyi də nəzərə almalıyıq ki, cari ilin büdcə kəsiri 2,7 milyard manatdır. Bundan başqa koronavirus nəticəsində iqtisadiyyatımızın digər sahələrinə dəymiş ziyanı və baş verən prosesin sonluğunun məchulluğu zərərin ölçüsünü daha da böyüdür. Eyni zamanda, bizim Neft Fondu kimi iqtisadi təhlükəsizlik yastığımız var. Problem odur ki, biz hazırda ciddi problemlər yaşamamaq üçün Neft Fondundan istədiyimiz qədər vəsait xərcləyə bilərik. Amma həmin xərclənən məbləği hansı müddətə qaytara biləcəyimiz sual altındadır. Vəziyyətdən çıxış yolu kimi rasional və hökumətin adminstrativ xərclərinin azaldılması ola bilər. ASAN Xİdmət hökumət funkisyasını yerinə yetirərək öz imkanlarını genişləndirirsə, bunun fonunda bir-birini təkrarlayan dövlət qurumlarının xərcləri də azaldılmalıdır. “Bundan sonrası Allah Kərimdir” – desək vəziyyət qaranlıq olacaq.

Oxunma sayı 627