Ötən ay Azərbaycanda illik inflyasiya 2.6 faiz təşkil edib

13:06 13.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rəsmi statistikaya görə noyabrda illik inflyasiya 2.6% təşkil edib ki, bu da hədəf diapazonunun aşağı həddinə daha yaxındır.

Bu barədə hafta.az Mərkəzi Banka istinadən xəbər verir.

Bütövlükdə, 12 ayda istehlak səbətinə daxil olan məhsulların 8.8%-nin qiyməti dəyişməyib, 15.4%-nin qiyməti aşağı düşüb. Bahalaşan məhsul və xidmətlərin 46.4%-nin qiymət artımı 2%-dən aşağı olub.

İstehlak səbətində əhəmiyyətli çəkiyə malik ərzaq məhsulları üzrə qiymət indeksi noyabrda illik əsasda 4.8% artıb. Dünya ərzaq qiymətlərində artım meyillərinin güclənməsi inflyasiya idxalı kanalı ilə daxili ərzaq inflyasiyasına təsir göstərən əsas amillərdən biridir. Dünya ərzaq qiymətləri noyabrda əvvəlki aya nəzərən 2.7%, ötən ilin eyni dövrünə nəzərən isə 9.5% yüksəlib. Digər tərəfdən mövsümü amillər bəzi yerli kənd təsərrüfatı mallarının qiymətlərinə artırıcı təsir edir.

Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templərinin (müvafiq olaraq 1% və 0.9%) azalması ümumi inflyasiyaya məhdudlaşdırıcı təsir göstərir.

 

Əlverişli xarici şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik, adekvat monetar mühit, inzibati qiymətlərin dinamikası və aşağı inflyasiya gözləntiləri ümumi inflyasiyanın aşağı səviyyədə qalmasını dəstəkləyən başlıca amillərdir.

Faktiki inflyasiyanın aşağı səviyyəsi və milli valyutanın məzənnəsinin dayanıqlığı inflyasiya gözləntilərinin stabil qalmasına imkan verməkdədir. Real sektor monitorinqinin nəticələrinə görə noyabrda əvvəlki aya nəzərən 3 aylıq qiymət gözləntiləri qeyri-neft emal sənayesi, tikinti və xidmət sektorlarında azalma, ticarət sektorunda isə artım meylinə malik olmuş, bütövlükdə indeks neqativ zonada qərarlaşmışdır.

Son meyilləri nəzərə almaqla Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshihlər edib. Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2.8-3% intervalında olacağını göstərir. Mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir.

Oxunma sayı 28